Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-498/2025 22.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6200 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 82 manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 3 ilə yaxın müddətdir ki, öz şəxsi vəsaiti hesabına Naxçıvan şəhərində xeyriyyəçilik işləri ilə məşğul olur. Sosial şəbəkə vasitəsi ilə ehtiyyacı olan insanları taparaq onlara yardım edir. xx.xx.2024cü il tarixdə, Cavabdeh “Whatcapp” sosial şəbəkəsi vasitəsi ilə ona yazaraq Bakı şəhərində ev satdığını və notariusa vermək üçün 400 manat pula ehtiyacı olduğunu, özünün həmin məbləği cavabdehə məxsus karta göndərdiyini, səhəri gün 800 manat məbləğində pul istədiyini və özünün yenə də həmin məbləği göndərdiyini, bir gün sonra Cavabdeh ondan 1000 manat pul istədiyini və yenə də göndərdiyini, bir gün sonra yenə də 1000 manat borc pul istədiyini və yenə də istədiyi məbləği ona göndərdiyini, daha sonra Cavabdeh ona Dövlət Təhlükəsizlik Xidmətinə çağırıldığını, hesabına gələn pul məbləğinin çox olduğu üçün hesabına həbs qoyulduğunu və hesabındakı pulu çıxarmaq üçün ondan 3000 manat pul istənildiyini bildirdiyini, həmin məbləği də ona göndərdiyini, daha sonra onun bəhanələr gətirərək aldığı borcu qaytarmaqdan imtina etdiyini, özünün Cavabdeh dələduz olduğunu anlayaraq Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini, şikayəti əsasında aparılan araşdırma nəticəsində cavabdehin həqiqətən ondan 6200 manat məbləğində pul aldığını etiraf etdiyini, lakin işdə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edildiyini göstərmişdir. Odur ki, məhkəməyə müraciət edərək 6200 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini istədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkməyə ərizə daxil olmuş və iddiaçı ərizəsində, hazırda Naxçıvan MR-nin Naxçıvan şəhərində işlədiyini və faktiki olaraq orada yaşadığını, bu səbəbdən xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin rədd edilməsi barədə” Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X1 qərarının sürətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı ilə Naxçıvan şəhərinə birinci dəfə gələn zaman uşaq evində yardım aksiyasında dəstəkçi olaraq onun yardım etdiyi şəxslərlə bağlı görüşən zaman tanıdığını, xx.xx.2024-cü il tarixdə, ona “Whotsapp” sosial şəbəkəsi vasitəsi ilə danışaraq, Bakı şəhəri, Nərimanov rayonu ərazisində 450000 manat dəyərində olan evini satmaq istədiyini, lakin sənədlərində problem olduğu üçün pul lazım olduğunu, İddiaçı isə səbirli ol hissə-hissə tapıb verərəm dediyini və 10 gün ərzində ona verəcəyi 6200 manat məbləğində pulu Araz Mehdiyevin hesab kartına göndərdiyini, evinsənədləri ilə bağlı iş icra şöbəsinə göndərildiyi və tezləşməsi üçün İddiaçı daha 3000 manat pul istədiyini, onu aldadaraq çıx görüşək verim deyərək onu aldatdığını və oraya polis əməkdaşları ilə gəldiyini, İddiaçı aldığı 6200 manat pulu geri qaytaracağı zaman ona 7700 manat faiz ilə ödəyəcəyinə razılaşdıqlarını, lakin işlərinin qaydasında getmədiyi üçün evi sata bilmədiyini ev İddiaçı olan borcunu qaytara bilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X2rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6200 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 82 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6200 (altı min iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu olaraq 82 (səksən iki) manat pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-498/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-498/2025
22.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver