Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1298/2021 04.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Cavabdeh və vəkili X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı Subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, 08 avqust 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Daewoo BS 090” markalı ** LF *** dövlət nömrə nişanlı avtomobil Bakı-Quba yolunun 11-ci km-liyi ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş, nəticədə "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan hadisə ilə bağlı Baş İstintaq və Tədqiqat idarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin 04 sentyabr 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs Cavabdeh müəyyən edilmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobilə 72.181.85 manat maddi zərər dəymişdir. MİC ********** saylı sığorta şəhadətnaməsinə və AKS 200180 saylı 25 noyabr 2020-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 71.756.85 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından 3.525.20 manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Buna görə də “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Odur ki, Cavabdeh 68.231.65 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 68.261.65 manatın tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi təqdim edilməsinə baxmayaraq iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, iş üzrə Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir, buna görə məhkəmə iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, 08 avqust 2019-cu il tarixdə onun idarə etdiyi “Daewoo BS 090” markalı ** LF *** dövlət nömrə nişanlı avtomobillə “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobil Bakı- Quba yolunun 11-ci kilometrliyində toqquşmamışdır, həmin avtomobil onun hərəkət istiqamətində aşmışdır.Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)-3381/2019 saylı qərarı Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 3(105)-525/2021 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)-3381/2019 saylı qərarı ləğv edilmişdir. Həmçinin iddiaçının istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 sentyabr 2019-cu il tarixli qərar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini E.Məmmədovun 31 may 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, həmin iş üzrə təkrarən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 iyun 2020-ci il tarixli qərarda onun əməlində inzibati xəta olması müəyyən edilməmişdir.Buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili X2 cavabdehlə eyni məzmunda ifadə verərək iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 08 avqust 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “Daewoo BS 090” markalı ** LF *** dövlət nömrə nişanlı avtomobillə “İsuzu Visigo” markalı H029237 dövlət nömrə nişanlı avtomobil Bakı-Quba yolunun 11-ci kilometrliyində toqquşaraq yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinərək Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)-3381/2019 saylı qərarı Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə olunmuş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 3(105)-525/2021 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli, 3(060)-3381/2019 saylı qərarı ləğv edilmişdir. Bundan başqa iddiaçının istinad etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 sentyabr 2019-cu il tarixli qərar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini E.Məmmədovun 31 may 2020-ci il tarixli qərarı ilə ləğv edilmiş, həmin iş üzrə təkrarən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 iyun 2020-ci il tarixli qərarda onun əməlində inzibati xəta olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının İcbari Sığortalar Haqqında Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən sığorta ödənişi edilməsinə baxmayaraq ödənilmiş süğorta ödənişinin subroqasiya qaydasında tələb etməsi üçün, yəni iş üzrə cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsində göstərilən hal hazırda mövcud deyildir, yəni cavabdehin məsuliyyət daşımasını təsdiq edən qərarlar ləğv edilmişdir, buna görə də iddia rədd edilməli, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ əsasında 68.261.65 manat məbləğin tutulması haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №e-2(014)-1298/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1298/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver