Məhkəmə qərarları › İş №e-2(014)-19/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-19/2023

20.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-19/2023 20.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1976-cı ildə Ağdaş rayonunun Pirəzə kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. Cavabdeh onun əmisi oğludur. Onların münasibətləri yaxşı olmuş və son hadisələrə qədər aralarında problem olmamışdır. Bir neçə il bundan əvvəl Cavabdeh Ağdaş rayonunun Pirəzə kəndində yerləşən onun tərəfindən istifadə olunan kiçik gündəlik təlabat malları satılan mağazanı işlətməkdə çətinlik çəkdiyini, həmin obyekti böyütməyi və satılası malların çoxaldılmasını ona təklif etmişdir. O, təsərrüfatla məşğul olsa da, bu təklif ona cəlbedici gəlmiş və təklifi qəbul etmişdir. Bu müddət ərzində mağazanı demək olar üç dəfə böyütmüşlər. Yeni mağaza inşa etmişlər və mağazanın (dükanın) bütün avadanlıqların durlaşdırılmasını təşkil etmişlər. Yeni və böyük mağazanın inşası, təmiri, oraya yeni avadanlıqların (vitrin, kamera, kondisioner, soyuducu və s.) alınması onun vəsaiti hesabına olmuşdur. Bunu təqdim etdiyi sənədlər və məhkəmə iclasında təqdim edəcəyi sənədlər əsasında sübut edəcəkdir. Müəyyən sübutları məhkəmə hazırlıq iclasında təqdim edəcəyi üçün iddia ərizəsinə əlavə etmir. Bundan əlavə həm balaca dükan, həm də böyük dükanın bütün xərcləri onun tərəfindən ödənilmiş, dükanın inşası və təmirində usta və fəhləlik onun və övladları tərəfindən olunmuşdur. Bunu ustalar və kənd sakinləri də təsdiq edə bilər. Bir dəfə tikinti tikilmiş, sonradan sökülmüş və yenidən inşa edilmişdir. Tikiliyə usta xərci kimi 600-700 manat, işıqlandırma üçün 150 manat, kameraların çəkilməsi üçün 500 manat (Hüseynov Əli tərəfindən çəkilib), dükanın içərisinin ərzaq və digər mallarla doldurulması üçün 7000 (14000/2=7000 manat. Sözügedən mallar hər ikisinə aid olduğu üçün ½ hissəsini qeyd edir) manat, vitrinlərin qurulması 500 manat (250+250 manat), kondisioner 1450 manat (solitondan alınıb), digər kondisioner 1100 manat, inşaat materialları və digər avadanlıqlar üçün 5485 manat (1250+2117,50+2117,50=5485 manat), beton tökülməsi üçün 1000 manat, üst damın örtülməsi üçün 300 manat pul onun tərəfindən xərclənmişdir. Bu xərclərin bir hissəsinə aid sənədlər onun tərəfindən təqdim olunmuş, yerdə qalan sübutlar isə təqdim ediləcək. Cavabdeh məhkəməyə 2(014) -1166/2022 №-li mülki iş üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə qarşı etiraz, mülahizə və vəsatətlər ünvanlayaraq bidirmişdir ki, İddiaçı ona qarşı qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, ondan 18185 (on səkkiz min yüz səksən beş) manat maddi ziyanın və 144 (yüz qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir və bununla əlaqədar 2(014)-1166/2022 №li mülki iş başlanmışdır. Aşağıda göstərilən səbəblərə görə o, iddia tələbini qəbul etmir və hesab edir ki, iddia tələbi əsassız kimi tamamilə rədd edilməlidir. 1) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ancaq yalanla yox! İşlə bağlı həqiqət isə bundan ibarətdir ki, iddiaçı ilə onlar əmi oğlu olsalar da, faktiki olaraq bir ailədə böyümüşlər. Belə ki, o, doğulduqdan biraz sonra əmisinin uşağı olmadığından, o vaxt əmisilə birgə yaşayan onun rəhmətlik nənəsi onu valideynlərindən alaraq özü ilə saxlayıbdır. Sonralar əmisinin öz uşaqlarının doğulmasına baxmayaraq, onu öz valideynlərinə qaytarmayıblar və iddiaçı ilə o, bir ailədə doğma qardaş kimi böyümüşlər. 2021-ci ilin yanvar ayında o, ticarətdən uzaqlaşmağı qərara alaraq bu barədə o vaxt Bakı şəhərində işləyən oğlu Şamilə xəbər vermişdir. Oğlu kəndə evlərinə qayıtmış və mağazanı işlətməyə başlamışdır. Bir müddət sonra oğlu ona demişdir ki, “ata, əmim Tərlan gileylənirdi ki, maddi vəziyətləri çətin olduğundan dolanacaqları pisdir, olarmı ki, əmisi də onlarla işləsin”. O, iddiaçının cod xasiyyətini, həyat tərzini, spirtli içkilərə həddən artıq meyilli olduğunu bildiyindən, əvvəlcə buna razı olmaq istəməmişdir. Lakin sonradan həm oğlunun xatirinə, həm də artıq qeyd etdiyi kimi onunla bir ailədə qardaş kimi böyüdüyündən İddiaçı öz şəxsi mağazasına gətirmişdir ki, kasıb ailədirlər, dolanışıqları çətindir. Gəlsinlər onlarla birlikdə işləsinlər, onlara da çörək pulu olsun. Belə də razılaşmışlar. Birgə fəaliyyətə başlayarkən onlar mağazanı bir az genişləndirilmək və dükanda satmaq üçün mal almaq məqsədi ilə "xxxx" ASC-də iddiaçının anasının adına 2800 (iki min səkkiz yüz) manat və xx.xx.2021-ci il tarixdə onun oğlu X10 adına "xxxx" MMC-də 1000 (min) manat pul kredit götürərək həmin pulun bir hissəsini mağazanın genişləndirilməsinə xərcləmişlər, qalan pula isə dükanda satmaq üçün mal almışlar. Bundan əlavə oğlu Şamilin adına Ləki “Dostluq İnşaatda” 820 manatlıq tikinti materialları götürərək onları da mağazanın genişlənməsi üçün istifadə etmişlər. Bu timsalla onlar 1 il 6 ay birgə işləmişlər və bu müddət ərzində alverdən əldə edilən gəlirdən həmin kreditlərin bir hissəsini müntəzəm olaraq aybaay ödəmişlər. Daha doğrusu, iddiaçının anasının adına olan kreditin 1100 (min yüz) manatını onlar ümumi gəlirdən həmkəndliləri X2 vasitəsi ilə ödəmişlər, qalan 1710 (min yeddi yüz on) manatını isə onlar ayrıldıqdan sonra iddiaçı ilə aralarında əldə olunmuş bölgü şərtlərinə görə o ödəmişdir. İddiaçı ilə birgə fəaliyyətə başladıqdan bir müddət sonra iddiaçının dükana vaxtlı-vaxtında gəlməməsi səbəbindən aralarında xırda narazılıqlar baş verməyə başlamışdır. Belə ki, o, həmin ərəfələrdə usta kimi fəaliyyət göstərərək Qaroğlan kəndində Mirzə adlı şəxsin evində 2-3 ay, elə o qədər də orada, Pirəzə kəndində Şakirin evində Pirəzə kəndində Reyhan xanımın evində təmir-tikinti işləri aparıbdır, ya da içki düşkünü olduğundan ayıq vaxtı olmayıbdır. O zaman onun bir oğlu hərbi xidmətdə olub, digər oğlu isə işlə maraqlanmayıbdır. İddiaçının bu hərəkətləri nəticəsində dükanda qazanc zəifləmişdir, mağazaya sifariş verdikləri malların pulunu vaxtı vaxtında ödəyə bilməmişlər, borc artmışdır. Oğlu ilə o, belə qərara gəlmişlər ki, Tərlanla yollarını ayırsınlar. Bu ilin fevral ayında kəndin nüfuzlu adamları X20, X6 və Şahid5 iştirakları onların iddiaçı ilə yaranmış vəziyyəti müzakirə etmişlər və birgə fəaliyyətə başlayarkən onu anasının adına alınmış 2800 (iki min səkkiz yüz) manat kreditin ödənilməmiş qalan 1710 (min yeddi yüz on) manat hissəsi onun ödəməyi və onun evində gətirdiyi tərəzinin qaytarılması və tikinti materialların və ərzaq mallarının alınmasından qalan 14000 (on dörd min) manat dükan borcunun onun üzərində qalması şərti ilə ayrılmışlar. Ayrıldıqdan bir müddət sonra, yəni o, kredit borcunun 1710 (min yeddi yüz on) manatını və birgə fəaliyyət dövründə yaranmış qalıq borcun müəyyən hissəsini ödədikdən sonra Tərlan içkili vəziyyətdə onun və ailəsininin şərəf və ləyaqətini alçaldıcı sözlərlə onu təhqir etməyə, barəsində həqiqətə uyğun olmayan şaiyələr yaymağa başlamışdır. Hətta o, ona və ailə üzvlərinə xəsarət yetirmək məqsədi ilə üstlərinə öz avtomobilini sürmüşdür. Bunun sübutu kimi kamera görüntüləri də vardır. Lakin ona qeyd etdiyi kimi bir ailədə böyüdükləri səbəbindən bu barədə polisə xəbər verməmişdir. 2) İddiaçının öz ərizəsində göstərdiyi və birgə fəaliyyət dövründə guya onun tərəfindən ödənilən xərclər barədə. Öz iddia ərizəsində həm balaca, həm də böyük mağazanın dükanın bütün xərclərinin onun tərəfindən ödənilmiş olduğunu, tikintiyə usta xərci kimi 600-700 manat, işıqlandırma üçün 150 manat, kameraların çəkilməsi üçün 500 manat vitrinlərin qurulması üçün 500 manat, kondisioner üçün 1450 manat, digər kondisioner üçün 1100 manat, inşaat materialları və digər avadanlıqlar üçün 5485 manat, beton tökülməsi üçün 1000 manat, usta damın örtülməsi üçün 300 manat, dükanın içərisinin ərzaq və digər mallarla doldurulması üçün 14000 manat pulun guya onun tərəfindən xərcləndiyini qeyd edən iddiaçı çəkilmiş xərclər barədə konkret olaraq heç bir sübut təqdim etməyibdir. Dükanın, mağazanın inşası və təmirində (genişləndirmək məqsədi ilə) usta və fəhləlik onun və övladları tərəfindən olunmuş olduğunu iddia edən iddiaçı eyni zamanda bunun ziddinə olaraq tikiliyə usta xərci kimi 600-700 manat xərclədiyini yazmışdır. Mağazanın genişlənməsi üçün təmir-tikinti işləri zamanı beton tökülməsi üçün guya iddiaçı tərəfindən 1000 manat pulun ödənilməsi də yalandır. O vaxt onlar beton üçün cəmi 20 manat ödəmişlər. Belə ki, o zaman Ağcabədi rayonu ərazisində avtomobil yollarının təmiri üçün beton daşıyan sürücülərin biri onlara o betonu öz avtomobilində saxlayaraq həmən məbləğdə pula satmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qəribədir ki, iddiaçı nədənsə onların birgə fəaliyyəti zamanı mağazaya sifariş verdikləri mallara görə başqa-başqa firmalara təxminən özünün iddia ərizəsində qeyd etdiyi məbləğdə yaranmış (Sumqayıt şəhərində firmalardan aldıqları xırdavat malları üçün 800 manat məbləğində, dükan üçün quraşdırılmış kondisioner üçün 300 manat məbləğində, günəbaxan tumu “Patron” günəbaxan tumu üçün 100 manat məbləğində, spirtli içki “İsmayıllı” üçün 672 manat məbləğində, spirtli içki “Natiq” üçün 300 manat məbləğində, enerjili içki “Bizon” üçün - 176 manat məbləğində, “Azərsun” yağı üçün 490 manat məbləğində, Ləki “Halal” market ərzaq malları üçün 96 manat məbləğində COLO içkisi üçün 785 manat məbləğində, spirtli içki “Abşeron” üçün 500 manat məbləğində, “Saro” çay üçün 55 manat məbləğində, “Bolluq” şirniyat firması - 241 manat məbləğində, “Namiq” Göyçay xırdavat üçün 359 manat məbləğində, “‘Tayqa” firması ərzaq üçün 85 manat məbləğində, “Lord” günəbaxan tumu üçün 137 manat məbləğində, “Rosko” kolbasa üçün 512 manat məbləğində, “Samir” spirtli içki üçün 95 manat məbləğində, “Şahin” spirtli içki üçün 230 manat məbləğində, “Brovski” firmasına qutu şirniyyatları üçün 40 manat məbləğində, stolüstü süfrələr üçün 35 manat məbləğində, günəbaxan tumu “Rekord” üçün 40 manat məbləğində, “Maşa” Mingəçevir kukruz şirniyyat və s. üçün 36 manat məbləğində, “İSM. ALC” 2569 şirkətinə, araq üçün 972 manat məbləğində, "xxxx" MMC, ərzaq üçün 470 manat məbləğində, “LƏKİ STORE” marketdən oğlunun adına nisyə aldıqları ərzaq mallarının ödənilməmiş 3922 manat 93 qəpik məbləğində, Ləki “Dostluq İnşaatda” alınmış təmir-tikinti materiallarının ödənilməmiş 300 manat məbləğində) borcu ödəməkdən imtina edərək onun üzərində qoyduğunu qeyd etməyi “yadından çıxarıbdır”. Fevral ayında onlar ayrıldıqdan bu günədək o qalıq borcu təkbaşına ödəməyinə baxmayaraq, bugünkü mövcud borc 11 min 331 manat təşkil edir. Bundan əlavə, iddiaçı həm də öz iddia ərizəsində onu qeyd etməyi unudubdur ki, hər ayın sonunda onlar haqq hesab etmişlər və qazanc onlar arasında xərclərə mütənasib olaraq bölünübdür. 3) İddiaçı öz iddia ərizəsində tələbinin təmin edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə istinad edir - mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl anlayışı”. Lakin onun hansı təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində ona ziyan zəydiyini əsaslandırmamışdır. Beləliklə, iddiaçı havayı qazancdan məhrum olduğuna görə ondan necə deyərlər heyif çıxmaq üçün tam əsassız olaraq bu iddianı irəli sürmüşdür və qeyd edilənləri nəzərə alaraq məhkəmədən 1) 2(014)-1166/2022 №li mülki iş üzrə İddiaçı ondan 18185 (on səkkiz min yüz səksən beş) manat maddi ziyanın və 144 (yız qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə iddia tələbi əsassız kimi rədd edilməsini, 2) Ağdaş rayonunun Pirəzə kənd sakini Şahid5, əlaqə üçün tel.: +994 (50) 432 36 10, Ağdaş rayonunun Pirəzə kənd sakini Şahid1, əlaqə üçün tel.: +994 (50) 364 41 25, Ağdaş rayonunun Pirəzə kənd sakini X12, əlaqə üçün tel.: +994 (50) *** **** Ağdaş rayonunun Pirəzə kənd sakini X21, əlaqə üçün tel +994 (50) *** ** ** mülki iş üzrə şahid qismində ifadə vermək üçün məhkəmə iclasına çağırılmalarını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddiaçı ilə birlikdə bir müddət şərikli iş gördüklərini, obyekti əsaslı təmir etdirmədiklərini, alınmış malları isə nisyə aldıqlarını və iddiaçıya heç bir borcunun olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, iddiaçı və cavabdehlə qonşuluqda yaşayır. Şamil Bakı şəhərində yaşamışdır. Bir müddət sonra kəndə qayıdaraq Tərlan ilə birlikdə kəndddə obyekt açaraq iş birliyi yaratmışlar. Maarifin şirkətə borcu olmuşdur. Bir müddət birlikdə işlədikdən sonra aralarında yaranan problemlərdən sonra iş birlikləri pozulmuşdur. O hər ikisinə öz aralarında razılığa gəlmələrini təklif etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirdi ki, iddiaçı və cavabdehlə qonşuluqda yaşayır. Qonşularının birlikdə işlətdikləri obyektdə usta olaraq işləmişdir. Sonra xidmət haqqı Tərlan tərəfindən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 bildirdi ki, iddiaçı və cavabdehlə qonşuluqda yaşayır. Tərlan onu obyektə çağırıb ora döşəmə və tavan vura biləcəyini soruşmuşdur. O, həmin işi görmüşdür. İş yekunlaşdıqdan sonra xidmət haqqı Tərlan tərəfindən ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 bildirdi ki, o, Tərlanla birlikdə usta olaraq işləmişdir. İşlədiyi müddətdə Tərlanın ona 700-800 manat borcu olub. Tərlan ona mağazanı böyütdükdən sonra işləyib borcunu qaytarmağı söz vermişdir. Obyekti yeniləyib işlədikdən sonra borcunu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 bildirdi ki, iddiaçı və cavabdehi tanıyır. Onlarla bir kənddə yaşayır. Əvvəl birlikdə iş birliyi qurub işləsələr də, bir müddət sonra aralarında yaranan narazılıqlar səbəbindən mübahisə edib ayrılmışlar. Kəndin ağsaqqalı onlarla barışmaları üçün söhbət etmişdir. Tərlan da ona anasının adına götürdüyü krediti və obyektin pulunu Maarif verərsə, razılığa gələ biləcəyini demişdir. İşin materiallarında olan Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən elektrik əşyaları mağazasının (VÖEN**********) sahibi X14 tərəfindən verilmiş məlumatdan (arayış) görünür ki, X14 xx.xx.2021-ci ildə İddiaçı 1100 manat dəyərində kondisioner sataraq ondan 900 manat pul almış, 200 manat borcu qalıbdır. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən fərdi sahibkar (VÖEN **********) inşaat malları mağazası sahibi X16 tərəfindən verilmiş məlumatdan (arayış) görünür ki, X16 xx.xx.2021-ci ildə İddiaçı Qaimə fakturada göstərilmiş 7 adda 2117,50 manat dəyərində inşaat mallarını satmışdır. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən fərdi sahibkar (VÖEN **********) inşaat malları mağazası sahibi X11 tərəfindən verilmiş məlumatdan (arayış) görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı Ağdaş rayon Pirəzə kəndində mağaza tikintisi üçün qaimə fakturada göstərilmiş 12 adda tikinti materialını cəmi 2117,50 manata ona məxsus mağazadan almışdır. İşin materiallarında olan Ağdaş şəhəri, Müşfiq İsayev küçəsində yerləşən fərdi sex (VÖEN **********) sahibi X7 tərəfindən verilmiş məlumatdan (arayış) görünür ki, X1 Tərlan Akif oğluna 1250 manat dəyərində qapı pəncərə düzəldərək 1250 manat pul almışdır. İşin materiallarında olan Ağdaş rayon Pirəzə Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, № 84 saylı məktubundan görünür ki, həqiqətən Pirəzə kənd sakini Cavabdeh təxminən 1995-ci ildə hal-hazırda Pirəzə Bələdiyyəsinə məxsus 20 m2 torpaq sahəsini qeyri-qanuni zəbt edərək ərzaq mağazası tikmişdir. Son iki il ərzində həmin mağazanı həm kəndlisi İddiaçı ilə birgə işlədərək həmm mağazanı 100 m2 böyütmüşlər. Bundan başqa həmin mağazanın arxa hissəsində 30 m2 talvar və 4m2 su satışı üçün talvar tikmişdir. Həmin mağaza qeyri-qanuni tikmişdir, Pirəzə Bələdiyyəsi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq sənədləşdirilməmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 aprel 2022-ci il tarixli, № 142 saylı məktubundan görünür ki, Pirəzə kənd sakini Cavabdeh təxminən 1995-ci illərdə qeyri qanuni olaraq Ağdaş- Zərdab yolunun Pirəzə kənd ərazisindən keçən hissəsinin Pirəzə bələdiyyəsinə məxsus torpaq sahəsində 20 m2 ərzaq mağazası tikmişdir. Son iki il ərzində həmin mağaza həmkəndlisi, qohumu İddiaçı ilə birgə işlədərək həmin mağazanı böyüdərək 100 m2 böyütmüşlər. Bundan başqa həmin mağazanın arxa hissəsində 30 m2 talvar 4 m2 su satışı üçün talvar tikilmişdir. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Ləki kəndində yerləşən fərdi sahibkar (VÖEN **********) inşaat mallar mağazasının sahibi X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan (arayış) görünür ki, X17 xx.xx.2021-ci ildə Cavabdeh şəxsi mağazasının tikintisi üçün 1400 (min dörd yüz) manat dəyərində inşaat malları satmışdır. Həmin 1400 (min dörd yüz) manatın 1100 (min bir yüz) manatını Cavabdeh ödəmiş və hal-hazırda 300 (üç yüz) manat borcu qalmışdır. İşin materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X3 xx.xx.2022-ci il tarixdə Cavabdeh əvəzinə 1710 manat kredit ödənişi etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № **********178100 saylı məlumatın verilməsi haqqında məktubdan görünür ki, fiziki şəxs Cavabdeh xx.xx.2010-cu il tarixdə ********** nömrə VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. Vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövriyyəsi 5200 (beş min iki yüz) manat olmuş və dövlət büdcəsinə vergilər üzrə 103 (yüz üç) manat ödəniş etmişdir. İşin materiallarında olan 073 nömrəli xx.xx.2022 tarixli müqavilə üzrə xx.xx.2002-ci il tarixli üzləşmə aktından görünür ki, "xxxx" MMC (**********), təmsil edən, bundan sonra “İcraçı” adlandırılan bir tərəfdən və Cavabdeh Nağı oğlu (**********) təmsil edən, bundan sonra “Sifarişçi”, digər tərəfdən, xx.xx.2022-ci il tarixinə olan bu üzləşmə aktına görə sifarişçinin icraçıya xx.xx.2022-ci il tarixinə 6672,93 AZN borcu vatdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7471-9/7861 saylı məhkəmə mühəndistexniki ekspertizası, tikinti-texniki obyektlərinin tədqiqi, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizasının rəyindən görünür ki, Ağdaş rayonunun Pirəzə kəndində yerləşən mağazanın 2021-ci ildə inşaası və təmiri üçün ayrı-ayrılıqda xərclənmiş vəsaitlərin ümumi dəyəri təqribən 13842 manat məbləğində müəyyən edilir. Ağdaş rayonunun Pirəzə kəndində yerləşən mağazaya alınmış 3 adda avadanlıqların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2600 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh iş birliyi qurub Cavabdeh məsus mağazanı işlətmişlər. İşlədikləri müddət ərzində mağazanı böyütmüşlər, avadanlıq almışlar. Bir müddət sonra aralarında yaranan narazılıqlar səbəbindən mübahisə edib ayrılmışlar. Hazırda İddiaçı mağazanın böyüdülməsi, avadanlığın alınması üçün çəkilmiş xərclərin ona ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7471-9/7861 saylı məhkəmə mühəndistexniki ekspertizası, tikinti-texniki obyektlərinin tədqiqi, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi ekspertizasının rəyinə əsasən Ağdaş rayonunun Pirəzə kəndində yerləşən mağazanın 2021-ci ildə inşaası və təmiri üçün 13842 manat məbləğində pul xərclənmiş və həmin mağazaya alınmış 3 adda avadanlıqların (kondisioner 2 ədəd, vitirinlərin qurlaşdırılması və kameraların quraşdırılması) dəyəri 2600 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Məhkəmə hesab edir ki, tərəflər şərikli fəaliyyət göstərdikləri dövrdə cavabdehə məxsus əmlakı təmir etdirməklə yaxşılaşdırmışlar və bu yaxşılaşdırmanın cavabdehin əmlakına zərər yetirmədən ondan ayrılması mümkün deyil. Həmçinin, birgə fəaliyyət dövründə alınmış və quraşdırılmış əmlaklar da hazırda cavabdehin istifadəsində və sahibliyindədir. Bundan başqa, vitrində və mağazada olan mallara dair iddiaçı tələbinin əsasını təşkil edən, cavabdeh isə öz etirazının əsasını təşkil edən sübutlar təqdim etməmişdir. Malların hazırda mağazada olub-olmaması, olmadığı təqdirdə hansı tarixə satılması barədə məhkəməyə sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Ağdaş rayonunun Pirəzə kəndində yerləşən mağazanın 2021-ci ildə inşası və təmiri üçün xərclənmiş 13842 (on üç min səkkiz yüz qırx iki) manat və həmin mağazaya alınmış 3 adda avadanlıqların (kondisioner 2 ədəd, vitirinlərin quraşdırılması və kameraların quraşdırılması) dəyəri 2600 (iki min altı yüz) manat olmaqla, cəmi 16442 (on altı min dörd yüz qırx iki) manat pulun yarısı, 8221 (səkkiz min iki yüz iyirmi bir) manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiaçı Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Z34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8221 (səkkiz min iki yüz iyirmi bir) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiaçı Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 Z34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar