Məhkəmə qərarları › İş №e-2(015)-1204/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1204/2025

02.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1204/2025 02.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran mehman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı 2 saylı X3 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:

1. İddiaçı 2 saylı X3 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Meşə fondu sahəsində özbaşına mal-qara otarılması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 105.6 (yüz beş manat 60 qəpik) manat pulun ondan tutulub 2 saylı X3 Mərkəzinin "xxxx" ASC-nin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı 2 saylı X3 Mərkəzi iddia tələbini onunla əsaslandırmışdır ki, Mərkəzin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Poylu meşəbəyliyinin 2 saylı meşə olayısında reyd keçirən zaman Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini Cavabdeh tərəfindən özbaşına olaraq mal-qarasını Dövlət meşə fondunun sahəsinə gətirib otarması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material İXM-nin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində Dövlət meşə fonduna AR NK-nin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 105.6 (bir yüz beş manat 60 qəpik) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2025-ci il tarixli 3-14-27-12/2-140/2025 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir.

a) Məhkəmə icraatı iştirakçının izahatı:

3. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçı 2 saylı X3 Mərkəzinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

4. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

6. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. 2 saylı X3 Mərkəzinin Poylu meşəbəyliyinin 2 saylı meşə dolayısının xx.xx.2025-ci il tarixdə mərkəzin Poylu meşəbəyliyinin 2 saylı meşə olayısında reyd keçirən zaman Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini Cavabdeh tərəfindən özbaşına olaraq malqarasını Dövlət meşə fondunun sahəsinə gətirib otarmasına görə 105,60 manat ziyan dəymişdir.

8. 2 saylı X3 Mərkəzi Poylu meşəbəyliyinin meşəbəyisi tərəfindən Cavabdeh barəsində MN ******* nömrəli xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib etmişdir.

9. 2 saylı X3 Mərkəzi tərəfindən tərtib olunmuş MN ******* nömrəli xx.xx.2025-ci il tarixli protokolun surəti 17 iyun 2025-ci il tarixli 3-14-27-12/2-140/2025 nömrəli məktubla cavabdehin ünvanına göndərilmişdir. 2 saylı X3 Mərkəzi Poylu meşəbəyliyi hadisə ilə bağlı 004828 nömrəli 10 iyun 2025-ci il tarixdə akt tərtib etmiş və bir neçə fotoşəkillər iş materiallarında mövcuddur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. 2 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə mərkəzin Poylu meşəbəyliyinin 2 saylı meşə olayısında reyd keçirən zaman Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini Cavabdeh tərəfindən özbaşına olaraq mal-qarasını Dövlət meşə fondunun sahəsinə gətirib otarması faktı müəyyən olunmuşdur. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, toplanmış material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Eyni zamanda Mərkəzin əməkdaşları tərəfindən Dövlət meşə fonduna vurulmuş ziyanla bağlı 10 iyun 2025-ci il tarixli akt tərtib olunmuş, həmin akta əsasən hesablanma aparılmış, hesablanma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 105.6 (bir yüz beş manat 60 qəpik) manat dəymiş ziyan dəymişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir . Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Eyni zamanda, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.

13. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 3-cü hissəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.

14. Həmin Konstitusiyanın 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur.

15. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir.

16. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar.

17. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.

18. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən dəymiş ziyan hesablanır.

20. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən iki yaşından yuxarı qaramalların otarılmasına görə hər 10 baş heyvan üçün 66 manat zərər məbləği müəyyən edilmişdir. Ona görə də, cavabdehin hər 10 baş heyvan üçün 66 manat hesabı ilə hesablanmaqla 16 baş mal-qaraya görə 105,60 manat (16 x 6,6 = 105,60) manat dəymiş ziyan müəyyən edilmişdir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Həmin Məcəllənin 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

23. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu tdelikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

24. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

25. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdehdan 105,60 manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X3 Mərkəzinin "xxxx" ASC-nin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. “Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu”nun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.

28. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar.

29. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 1000 manatadək olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir

Nəticə hissəsi: 30.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi :

İddia təmin edilsin. Cavabdehdan 105,60 (yüz beş manat, altmış qəpik) manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X3 Mərkəzinin "xxxx" ASC-nin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar