Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-645/2024 19.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı «Oba Market” MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «Oba Market” MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4071,70 (dörd min yetmiş bir) manat, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manatın və 11 manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə «Oba» mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği cəmi 6131,80 (altı min yüz otuz bir manat, səksən qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, yoxlamadan keçən dövrdə müvafiq güzəşt tətbiq edildikdən sonra qalıq borc 4071,70 (dörd min yetmiş bir manat 70 qəpik) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı, Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. a) Məhkəmə icraatı iştirakçının izahatı:
3. Məhkəmə iclasında iddiaçı «Oba Market” MMC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, tərəflərindən iddia müddətinin ötürülməməsini, xx.xx.2023-cü il tarixdə mediasiyaya müraciət etmələrini, xx.xx.2023-cü il tarixdə arayış verilməsini, cavabdehin özünün ziyanla razılaşaraq akta imza etməsini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə və etiraz göndərərək göstərmişdir ki, hazırki iş üzrə məhkəmə baxış iclasında digər məhkəmə iclaslarında iştirakı ilə əlaqədar iştirak edə bilməyəcək. İddia ərizəsinə etiraz, eyni zamanda iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. Cavabdeh heç bir halda iddia tələbini qəbul etmir və iddiaya etiraz edir. Faktiki olaraq cavabdehə qeyd edilən sənədlər lazımı qaydada təqdim edilmədən və göstərilmədən, eyni zamanda həmin sənədlərlə tanış olunmağa imkan verilməmiş və yalnız imzası alınmışdır. Cavabdeh hansı sənədlərə imza atdığından məlumatlı olmamışdır. Yalnız işdən çıxmaq istəyən zaman ona şifahi qaydada məlumat verilmişdir ki, onun tərəfindən iddiaçıya zərər vurulmuşdur. Halbuki istər X6 haqqında müqavilədə, istərsə də zərər aktında vurulmuş zərərdə cavabdehin hansı zərər vurmağa istiqamətlənmiş hərəkət və ya hərəkətizliyi tam olaraq müəyyən edilməmişdir. İddiaçının məhkəməyə təqdim etmiş olduğu invertizasiya aktında ümumilikdə məhsulların tam təfsilatı əks olunmamışdır. Ümumiyyətlə, cavabdeh tərəfindən iddiaçıya hər hansı zərər vurulmamış, əmək münasibətlərinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən cavabdehə münasibətdə hər hansı intizam tənbehi tətbiq edilməmiş (istər hazırki zərər vurulma iddiası ilə əlaqədar, istərsə də digər hallarla əlaqədar), əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verilmiş, son haqq-hesab məbləği və əmək kitabçası dərhal deyil, cavabdehin şikayətlər etməsindən sonrakı dövrə təsadüf etmiş, son haqq-hesab məbləği üzrə hər hansı tutulmalar həyata keçirilməmiş, iş materiallarına əlavə edilmiş X6 haqqında müqavilə cavabdehə təqdim edilməmiş, yalnız kağız daşıyıcıda imzaladılmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edən zaman ümumilikdə AR Əmək Məcəlləsinin 296.5-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, işçi ilə imzalanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, invertizasiyanın nəticələrinə dair yekun akt isə xx.xx.2023-cü il tarixdə tərtib və təsdiq edilmiş, məhkəməyə iddia ərizəsi ilə isə yalnız xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir. İddiaçının kifayət qədər vaxtı və imkanı olmuşdur ki, iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixinə kimi məhkəməyə müraciət etsin, lakin iddiaçı bu hüququndan istifadə etməmişdir. Hüququndan vaxtında və lazımi qaydada istifadə edilməməsi həmin hüququn itirilməsi ilə xarakterizə olunmaqdadır. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizəni xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarında da göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Odur ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Göstərilənlərə əsasən, cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Tərəflər arasında bağlanılmış İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalanmışdır.
8. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı MMC-də xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir.
9. İş materiallarında olan aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə “Oba” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə dair” Akta əsasən yekun ziyan məbləği cəmi 6131,80 (altı min yüz otuz bir manat 80 qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur.
10. İş materiallarında olan iltizamnamədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə aparılmış araşdırılma ilə tanış olmuş və araşdırma ilə bağlı heç bir problemin olmamasını bildirmişdir.
11. Mediasiya Şurası Bakı 4 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin etibarnamə ilə təmsilçisi X2 X1 iştirak etmiş, lakin cavabdeh X1 iştirak etməmişdir. İddiaçı tərəfindən Mediasiya Şurası Bakı 4 saylı Mediasiya Təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət edilmiş, arayış isə xx.xx.2023-cü il tarixdə verilmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli iltizamnamədəki imza qrafasındakı imza və xx.xx.2023-cü il tarixli İnvertarizasiya nəticələrinə dair yekun aktdakı imza qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: c) İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Oba – mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği cəmi 6131,80 (altı min yüz otuz bir manat 80 qəpik) manat məbləğində zərər vurması məlum olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə aparılmış araşdırılma ilə tanış olmuş və araşdırma ilə bağlı heç bir problemin olmamasını bildirmişdir. Bu barədə iltizamnamadə mövcuddur. Həmin iltizamnamdəki imza cavabdeh tərəfindən mübahisləndirilmiş və onun vəsatətinə əsasən müvafiq ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyində xx.xx.2023-cü il tarixli İltizamnamədəki imza qrafasındakı imzanın və xx.xx.2023-cü il tarixli İnvertarizasiya nəticələrinə dair Yekun Aktdakı imza qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunması qeyd olunmuşdur.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 14.Məhkəmə ilk öncə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 15.Belə ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər. Hazırki mübahisə isə fərdi əmək münasibətləri üzrə işə götürənə işçi tərəfindən maddi ziyan vurulması mübahisəsi olmaqla həmin mübahisələr üçün işəgötürən, ziyanın vurulmasını aşkar edildiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində qeyd olunmuşdur ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
17. Həmin maddənin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28.1-ci maddəsinə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər X1 iştirak etməlidirlər.
19. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
20. Azərbaycan Republikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
21. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
22. Göründüyü kimi, hazırki mübahisə əmək mübahisəsi olmaqla məhkəməyə müraciət etməzdən əvvəl tərəflər X1 iştirak etməlidirlər. İş üzrə cavabdehlə imzalanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, invertizasiyanın nəticələrinə dair yekun akt isə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş və təsdiq edilmiş, məhkəməyə iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İddiaçı tərəfindən Mediasiya Şurası Bakı 4 saylı Mediasiya Təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət edilmiş, arayış isə xx.xx.2023-cü il tarixdə verilmiş, 2 ay 17 gün müddətində mediasiya prosesi keçirilmiş və həmin müddətdə iddia müddətinin axımı dayandırılmışdır. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olduğundan hazırki mübahisə üzrə iddia müddəti ötürülməmişdir. Ona görə də, hazırki iddia tələbinə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi tətbiq edilə bilməz.
23. Bundan başqa, məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurulduğunun aşkar olması, təqsirkarın əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması kimi 3 şərt müəyyən edilmişdir.
24. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
25. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X6” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə “Oba” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə aparılmış araşdırılma ilə tanış olmuş və araşdırma ilə bağlı heç bir problemin olmamasını bildirmişdir. Bu barədə iltizamnamadə mövcuddur. Həmin iltizamnamdəki imza cavabdeh tərəfindən mübahisləndirilmiş və onun vəsatətinə əsasən müvafiq ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyində xx.xx.2023-cü il tarixli İltizamnamədəki imza qrafasındakı imzanın və xx.xx.2023-cü il tarixli İnvertarizasiya nəticələrinə dair Yekun Aktdakı imza qrafasındakı imzanın Cavabdeh tərəfindən icra olunması qeyd olunmuşdur. Bu səbəbdən cavabdeh olan işçinin iddiaçı olan işəgötürənə maddi ziyan vurulması faktı mübahisəsizdir və cavabdeh vurduğu maddi ziyana görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır.
26. Məhkəmə vurulmuş ziyana münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Qanunvericiliyə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X6 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
31. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin xx.xx.2023cü il tarixli “İnventarizasiya Nəticəsinə” dair akta əsasən iddiaçıya vurulmuş və ödənilməmiş qalan maddi zərərin əvəzinin 4071,70 manat məbləğdə ödənilməsi hissəsi əsaslıdır.
33. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, «Oba Market” MMC tərəfindən cavabdehə qarşı mediasiya xərci kimi 50 (əlli) manat və 11 manat miqdarında dövlət rüsumu ödənilmiş və tərəflər arasında barışıq sazişi bağlanılmamışdır.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır.
36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
37. Ona görə də, Cavabdeh 50 manat mediasiya xərci və 11 manat dövlət rüsumu iddiaçı «Oba Market” MMC-nin xeyrinə tutulmalıdır .
38. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
42. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 4071,70 (dörd min yetmiş bir) manat, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat miqdarında pulun və 11 manat dövlət rüsumu iddiaçı «Oba Market” MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Heyran Mürsəlova