Məhkəmə qərarları › İş №e-2(016)-1044/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1044/2025

22.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1044/2025 22.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 3.600 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Şahbuz rayonu, 28 May küçəsində yerləşən kafe bağlandığı üçün kafedə olan ona məxsus müxtəlif növdə 4.500 manat dəyərində olan malları topdan satmışdır. Cavabdeh 4.500 manat dəyərində olan malın pulundan 900 manat ödəmiş, 2024-cü ilin fevral-mart aylarında borcu tam ödəyəcəyinə söz versə də, bu günə qədər yerdə qalan 3.600 manat borcu ödəməmişdir. Cavabdehlə əlaqə saxlasa da o, müxtəlif növ bəhanələr gətirərək borcu geri qaytarmaqdan boyun qaçırmış, ödəyəcəyini desə də nəticədə ödəniş etməmişdir. Cavabdeh ona olan borcunu etiraf edir, belə ki, 2024-cü ilin əvvəllərindən vatsap ilə əlaqə saxlayaraq borcu ödəməyi haqqında cavabdehlə danşıqları olmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bidirmişdir ki, iddiaçı cavabdehlə Naxçıvan şəhərində ortaq bizneslə məşğul olmaq istəmişlər. İddiaçı həmin yeri işlədikdən sonra cavabdeh biznesi alır. Burada bir neçə əmlak var ki, onların pulunu qaytarması ilə bağlı mübahisə yaranır. Borcun ümumi məbləği 4.500 manat olub. Həmin puldan 900 manat cavabdeh verib, qalan məbləğ 3.600 manatdır. Cavabdehin borclu olmasını təsdiq edən danışıqlar və mesajlar var. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hərbi xidmətdə olduğu üçün məhkəmədə iştirak edə bilməyəcək. İddiaçı yazdığı ərizə yanlışdı, daha doğrusu iddia tələbi düzgün cavabdehə qarşı qoyulmayıb. Əgər bir insan kiməsə 4.500 manat məbləğində əmlak satırsa onu mütləqdir ki, hər hansı inzibati orqanın köməyi ilə sənədləşdirilmiş şəkildə satsın, yəni alqı-satqı müqaviləsi bağlasın. Alqı və satqı dil ilə razılaşdırılacaq bir şey deyil. Hətta iddiaçı öz ərizəsində qeyd edib ki, “mən onu tanıdığım üçün bilirəm ki, ödəməyəcək”. Tanıyırdısa necə ola bilər ki, ona sənədsiz mal satsın? Əgər malları onun kimi “təhlükəli” şəxsə satırdısa nəyə görə notarial qaydada alqı-satqı müqaviləsi bağlamırdı. Ən azından bu müqavilə yazılı şəkildə öz aralarında da ola bilərdi. Ümumiyətlə, onların hər ikisi hərbi qulluqçudur və qanunla xidmətdən kənar heç bir ödənişli fəaliyyətlə məşğul olmaq olmaz, daha doğrusu qadağandır. Buradan da açıq aydın görsənir və bəlli olur ki, iddia tələbi əsassızdır. Yəni onun iddia ərizəsində qeyd etdiyi kafeyə məxsus əşyaları ondan almağı barədə səsləndirdiyi fikirlər gülüncdür. Çünki onun bir kafeni işlədəcək əşyaları saxlamağa heç bir yeri yoxdur. Çünki o, hərbi şəhərcikdə dövlət tərəfindən verilən yataqxanada yaşayır və adına da heç bir qeyriyaşayış sahəsi yoxdur. Sadəcə onun dostu olan Şahbuz şəhər sakini Əjdər Qələndərov iddiaçının qeyd etdiyi (tam nələrdən ibarət olduğunu bilmədiyi) malları ondan alıb. O da Əjdər Qələdərova kafedəki əşyaların bahadı, alma deyərək öz fikrini bildirmişdir. Daha sonra Əjdər Qələdərov onu dinləməyərək iddiaçının qeyd etdiyi kafeni icarəyə götürərək həmin malları ondan dediyinə görə alqı-satqı müqaviləsi ilə almışdır. O da boş vaxtlarında onun kafesində gedib istirahət eləmişdir. Mütəmadi olaraq həmin kafedə olduğuna görə onu tanıyan bütün hərbi qulluqçular həmin kafeyə gəlirdi və onun Əjdərlə hər-hansı bir ortaqlığının olduğunu düşünürdülər. Hətta İddiaçı özü də şəxsən ona müraciət edib ki, “dostun Əjdər pulu vermir, kömək elə pulumu alım.”. O da bir hərbçi yoldaş kimi kömək edəcəyini bildirmişdir. “Whatsap” yazışmalarında da İddiaçı bildirmişdir ki, “deyərəm pulunu ödəyər”. Həmin ifadədə də pulu Əjdərin verəcəyini nəzərdə tutmuşdur. Əjdər isə hal-hazırda Türkiyə Respublikasındadır. Bu səbəbdən də iddiaçı Əjdərlə olan münasibətlərinə aydınlıq gətirə bilmədiyinə görə bu işdə onu borclu kimi göstərib hazırda özündə olan əşyalarını ona zorla satmaq istəyir. Belə ki, iddiaçının ona satdığını iddia etdiyi kafenin bütün əşyaları hal-hazırda Şahbuz şəhərində 28 May küçəsində yerləşən PUB çay evində qalmaqdadır, iddiaçıya məxsus həmin əşyaların Əjdər Türkiyə Respublikasına gedəndən sonra həmin yerdə qaldığını Əjdərin oğlu Asiman Qələndərov da bilir və bunları etiraf edərək həmin əşyaların atası tərəfindən alındığını və onlara məxsus olduğunu “Whatsap” yazışmalarında da bildirir. xx.xx.2024-cü il tarixdə gecə vaxt istirahətdə olarkən kafenin yaxınlığında birlikdə görüşərkən Əjdər ona ayda 200 manat ödəyəcəyini bildirmiş, o da İddiaçı bu qaydada alqı-satqıya razı olduğunu müşahidə etmişdir. Yəni kafeni işlədən Əjdər Qələndərovla iddiaçının bu alqı-satqıya razılaşdıqlarının da şahiddir. Hal-hazırda isə Şahbuz şəhərində 28 May küçəsində yerləşən PUB çay evini Zivər Qafarlı adlı bir xanım işlədir və həmin iddia edilən əşyalar da çay evi ilə birlikə onun sərəncamındadır. Bunu həmin xanımın özü də etiraf edir. Belə olan halda almadığı və sərəncamında olmayan əşyaların pulunu o nəyə görə ödəməlidir? Sadəcə olaraq düşünür ki, İddiaçı Əjdərdən pul almağın daha çətin olduğunu fikirləşib, onun hərbiçi olduğunu nəzərə alaraq şər böhtan atıb köhnə əşyalarını zorla ona satmaq istəyir. İddiaçı qeyd etdiyi əşyaların hal-hazırda da harada olduğunu və kimə satmaq istədiyini də yaxşı bilir. X1 Qələndərov Şahbuz şəhərində yaşayır və iddiaçı da bunu yaxşı bilir, onunla münasibətlərinə aydınlıq gətirə bilər. O, hazırkı iddia üzrə iddiaçı ilə heç bir alqı-satqı müqaviləsi, malların təhvil-təslim aktı hazırlamamış, imzalamamış və həmin malları almamışdır. Həmin mallar onun sərəncamında deyil. O, hal-hazırda da istirahət vaxtlarında xidmət yerinə yaxın olan iddiaçının kafe dediyi Şahbuz şəhərində 28 May küçəsində yerləşən PUB çay evinə gedir və iddiaçının bütün əşyaları həmin çay evində durur. Əgər Şahbuz şəhərində 28 May küçəsində yerləşən PUB çay evinə baxış keçirilərsə əşyaların həmin yerdə olduğu heç kimin aparmadığı bəlli olar, həmçinin məhkəmə tapşırığı əsasında çay evini işlədən şəxslər və X1 Qələndərov dindirilərlərsə hər şeyə aydınlıq gətirilər. Çünki Naxçıvan MR-nın blokada şəraitində olması, yalnız təyyarə ilə gediş-gəlişin mümkünlūyü, insanlarda ciddi maliyyə sıxıntıları yaradır. Lakin məhkəmə tapşırığı ilə bu məsələlərə tam aydınlıq gətirmək mümkündür. İddiaçı ondan hansı əsasla və hansı sübutla pul istəməsi onu təəccübləndirir. O, nəinki ona 800 manat, heç 1 manat da pul verməmişdir, həmin 800 manatı İddiaçı çay evinin əşyalarını almaq istəyən Əjdər Qələndərov ödəyib və əşyaları da az bir müddət çay evini işlədərkən istifadə edib, sonra isə qazanc vermədiyinə görə çay evində əşyaları qoyaraq Türkiyə Respublikasına işləməyə gedib. Həmin əşyaların öz aralarında alqı-satqısı ilə bağlı müqavilə isə nədənsə iddia ərizəsinə əlavə edilmyib. Ümumiyyətlə, iddia ərizəsinin özü belə ciddi nöqsanlarla tərtib olunub. Belə ki, birincisi iddia ərizəsində “malların” adları, markaları, sayları və hər birinin ayrılıqda qiymətləri sadalanmayıb, sadəcə “mallar” və “pullar” qeyd olunub. İkincisi İddiaçı əgər onu cavabdeh kimi görürdüsə ona münasibətdə mübahisənin məhkəməyə qədər nizama salınması (pretenziya qaydasında) ilə bağlı qaydalara riayət edərək bununla bağlı sənədləri iddia ərizəsinə əlavə etməli idi. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bidirmişdir ki, o, 6 ildir Naxçıvan Muxtar Respublikasında zabit kimi xidmət edir. X5 adlı şəxslə tanışlığı var idi. O, işlətmək üçün icarəyə kafe götürmüş, həmin vaxta iddiaçı ilə Zivər adlı xanım da həmin kafeni işlədirdi. Əjdər kafeni icarəyə götürdükdən sonra ona köməklik etməsini istəmişdir. O da hərbi hissədən kafeyə müştərilər cəlb etməyə başlamışdır. Sonra ona bildirmişdir ki, 4.500 manata mebeli ilə birlikdə kafeni razılaşmışdır, aylıq 200 manata. Orada qrafik düzəltmişlər. İlkin 1.000 manat ödəyəcəklər. O, bütün bunlara şahiddir. X7 getmiş, kafenin sahibi onu axtarırdı. İddiaçı ona bildirmişdir ki, ona kömək etsin, Əjdərdən pulunu alsın. O, Əjdərə bu haqda bildirmiş, o isə işlədiyini və borcunu qaytaracağını bildirmişdir. X2yıtdıqdan sonra iddiaçı ilə görüşdürmüş, onlar aylıq 300 manata borcu ödəməyə razılaşmışlar. İddiaçı onu Əjdərə yazdığı mesajlarla şantaj edərək onu məhkəməyə verəcəyini bildirmişdir. O da Əjdərə bildirmişdir ki, iddiaçı onu məhkəməyə verəcək. O isə bildirmişdir ki, malları o alıb, onu məhkəməyə versin. Əjdərin oğlu ilə “Whatsap” yazışmaları da var ki, orada bildirir ki, mallar onlarındır. Zivər adlı xanım iddiaçı ilə kafeni işlədirdi. Kafeni də onlar təhvil veriblər. Zivərin bununla bağlı şahidlik ərizəsi də var. O özü hazırda Naxçıvan şəhərindədir. Verilən suallara cavab olaraq bildirmişdir ki, iddiaçı kafeni icarəyə götürmüşdü. 900 manat pulu Əjdər iddiaçıya verib, o şahiddir. Əjdər hal-hazırda Naxçıvan şəhərində olmalıdır. 4.500 manat pul idi, 900 manatı ödənilmişdi, 3.600 manatı qalmışdı. İş materiallarında olan “Whatsap” yazışmalarını İddiaçı onunla edib. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan 4.500 manat dəyərində kafedə istifadə edilən malları nisyə almış, həmin puldan 900 manat iddiaçıya ödəniş etmiş, hal-hazırda cavabdehin iddiaçıya 3.600 manat məbləğində borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasında mübahisəli malların onun tərəfindən deyil, Əjdər Qələndərov tərəfindən iddiaçıdan alındığını, 900 manat pulun da məhz Əjdər tərəfindən ödənildiyini bildirərək iddia tələbinə etiraz etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh bildirdikləri həqiqəti əks etdirmir. Belə ki, məhkəmə iclasında ona verilən suala cavab olaraq bildirmişdir ki, iş materiallarında olan İddiaçıla aparılmış “Whatsap” yazışmaları onunla edilib. Həmin “Whatsap” yazışmalarından görünür ki, İddiaçı Cavabdeh mesaj yazaraq 3.600 manat pulun ona verilməsini xahiş etmiş, o da öz növbəsində borc sahiblərinin onu tələsdirdiyini, pulu ödəyə bilməyəcəyini qeyd etmişdir. Göründüyü kimi, Cavabdeh 3.600 manat pulun onun tərəfindən İddiaçı verilməli olmasına etiraz etməmişdir. Bundan əlavə, həmin “Whatsap” yazışmalarından görünür ki, İddiaçı Cavabdeh razılaşma əldə olunan zaman axır sözünün nə olduğunu soruşduqda, Cavabdeh “Dedim, mən ödəyəcəm” məzmununda cavab vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malların qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə şifahi müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilə şərtlərinin icrasını tələb etməkdə haqlıdır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Odur ki, iddia təmin edilməklə cavabdehdən 3.600 manat məbləğində pul tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.600 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar