Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1121/2025 06.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 45.000 manat borc və dövlət rüsumu üçün ödədiyi 225 manat pulun məhkəmə qaydasında tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona Bakı şəhərində restoranlarda müğənnilik etdiyini, musiqi və səhnə avadanlıqlarının alışı və satışı ilə məşğul olduğunu bildirmişdir. Cavabdehlə onu ortaq tanışları X1 tanış etmişdir. Cavabdeh biznes qurmaq adı ilə ondan 19 avqust 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixə kimi ayrı-ayrı vaxtlarda 55.000 manat almış, lakin heç bir qazanc vermədiyini gördükdə pulunu geri qaytarmasını tələb etmişdir. Cavabdeh pulun 10.000 manatını hiss-hissə qaytarmış, indiyədək 45.000 manat borcu qalmışdır. Hər dəfə pulunu tələb etdikdə müxtəlif bəhanələr gətirərək pulu aldığını etiraf edərək hissə-hissə qaytaracağını, borcunun olmasını etiraf edirdi. Cavabdeh öz təşəbbüsü ilə 10 fevral 2024-cü ildə borcu olduğunu video görüntü vasitəsilə etiraf etmiş, hər ayın axırı həmin borcundan 4-5 min manat qaytaracağını öhdəsinə götürdüyü video etirafı mövcuddur. Cavabdeh verdiyi vəddən sonra heç bir pul qaytamadığını gördükdə təkrar onunla əlaqə saxlamışdır. O da borcunun olmasını etiraf edərək qaytaracağını təkrar söz vermiş və onun yanında etibar qazanmaq üçün öz aralarında 23 mart 2024-cü ildə borcunun etirafı barədə əlyazma ilə cavabdeh və o, iltizam yazmışdır. Dəfələrlə cavabdeh barəsində polis orqanlarına şikayət etmiş, lakin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində şikayəti araşdırılmış, cavabdehin izahatı alınmış, həmin izahatında ona borclu olduğunu etiraf etmişdir. Araşdırma nəticəsində cavabdehin əməlində cinayət tərkibi olmadığı nəticəsinə gəlinərək haqqında Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinin müstəntiqinin 25 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılması rədd edilmiş, mübahisə mülki xarakterli olduğundan məhkəməyə iddia ərizəsilə müraciət etməyi ona izah olunmuşdur. Cavabdeh ona 45.000 manat borcu olduğunu X1, X2 və qeyriləri də təsdiq edir. Odur ki, cavabdehə verdiyi 45.000 manat borc və dövlət rüsumu üçün ödədiyi 225 manat pul məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçı və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli video çəkilişdən görünür ki, Cavabdeh İddiaçı 45.000 manat pul borclu olduğunu və hər ayın axırı ona 4.000-5.000 manat ödəyəcəyinə söz verdiyini bildirmişdir. - İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş iltizamdan görünür ki, o, biznes qurmaq məqsədi ilə Cavabdeh 55.000 manat məbləğində pul vəsaiti vermiş, lakin qazanc verilmədiyini görüb, ondan pulunu istəmiş, Cavabdeh onun pulundan 10.000 manat qaytarmışdır. O, Cavabdeh ona qaytarmalı olduğu 45.000 manat məbəğində pul vəsaitini ona qaytarması üçün bir ay möhlət vermişdir. - xx.xx.2024-cü il tarixdə verilmiş iltizamdan görünür ki, Cavabdeh 2023-cü ilin müxtəlif vaxtlarında İddiaçı biznes qurmaq və əldə ediləcək gəlirdən ona da verəcəyi adı ilə 55.000 manat məbləğində pul vəsaiti almış, lakin iş alınmadığına görə 10.000 manat pulu qaytarmış, qalan 45.000 manatı bir ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. İltizam Cavabdeh tərəfindən imzalanmamışdır. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 225 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya 45.000 manat məbləğində pul borclu olması iş materiallarına əlavə edilmiş video çəkiliş ilə təsdiq olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasını təqdim etdiyi sübutlarla təsdiq etdiyindən, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Göründüyü kimi, Cavabdeh İddiaçı 45.000 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı 45.000 manat məbləğində pul vəsaitini Cavabdeh geri tələb etməyə haqlıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 45.000 manat pul alaraq əsassız varlanmışdır. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 225 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 45.000 manat məbləğində pul vəsaiti və ödənilmiş 225 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-1121/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1121/2025
06.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver