Məhkəmə qərarları › İş №e-2(016)-1334/2025

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-1334/2025

15.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-1334/2025 15.12.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 3.040 manat məbləğində pul vəsaiti, dövlət rüsumu olaraq ödədiyi 51 manat məbləğində pul vəsaiti və 330 manat məbləğində vəkil xərcinin alınaraq ona qaytarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən xx.xx.2024-cü il tarixdə Baku Elektronics şirkətindən Cavabdeh xahişi ilə öz adına sənədləşdirilərək İphone 16 Pro Max telefonu götürülərək cavabdehə verilmişdir. Həmin telefonun krediti, yəni dəyəri onun tərəfdən ödənilməli idi. Lakin o, 827 manat ödədikdən sonra yerdə qalan və borclu olduğu pulu ödəmədiyi üçün 3.040 manat pul tərəfindən şirkətə ödənilmişdir. Lakin cavabdeh tərəfindən onun üçün alınmış və onun istifadəsində olan telefona görə ödədiyi 3.040 manat pulu ödəyəcəyinə söz verməyinə baxmayaraq, pulu müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Artıq bir il müddət keçməsinə baxmayaraq cavabdeh borclu olduğu məbləğdən ümumiyyətlə ödəniş etməmişdir. Onun hazırda maddi vəziyyəti olduqca pisləşib və pula böyük ehtiyacı var. Cavabdeh tərəfindən isə bu günədək heç bir məbləğdə borc pul geri qaytarılmamış, şifahi müqavilə şərtləri kobud şəkildə pozulmuşdur. Cavabdehə tərəfindən rəsmi məktubla xəbərdarlıq olunmuş, lakin heç bir nəticəsi olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış iltizamdan görünür ki, o, xx.xx.2024-cü ildə Baku Elektronics şirkətindən İphone 16 Pro Max telefonunu İddiaçı adına kreditlə götürmüşdür. Zamin isə atası Ağayev İmran durmuşdur. Bu krediti ödəyə bilmədiyi üçün pulu Babək özü ödəmişdir. O, 3.040 manatı hissə-hissə ödəyəcəyinə söz verir. - “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə vəkil Nümayəndə arasında 330 manat dəyərində hüquqi yardımın göstərilməsinə dair müqavilə imzalanmışdır. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 50,60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Baku Elektronics mağazasından İphone 16 Pro Max markalı telefon götürərək Cavabdeh verməyi, Cavabdeh isə telefonun aylıq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı İphone 16 Pro Max markalı telefonu götürərək cavabdehə vermiş, cavabdeh 827 manat ödəniş etmiş, qalan 3.040 manat məbləğində pulu ödəmədiyindən, iddiaçı onun əvəzinə ödəmişdir. Cavabdeh pulu qaytaracağına dair söz versə də, öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh İddiaçı 3.040 manat dəyərində İphone 16 Pro Max telefon almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı cavabdehə verdiyi telefona görə mağazaya ödədiyi 3.040 manat məbləğində pul vəsaitini Cavabdeh geri tələb etməyə haqlıdır. MM-in 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. MM-in 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 330 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasına dair” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, iddia tələbindən görünür ki, iddianın qiyməti 3.040 manatdır. Belə olan halda, iddiaçı 50,40 manat məbləğində dövlət rüsumu ödəməli idi. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3.040 manat məbləğində pul, 330 manat vəkilə ödədiyi pul və ödənilmiş 50,40 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3.040 manat məbləğində pul vəsaiti, ödənilmiş 50,40 manat məbləğində dövlət rüsumu və 330 manat vəkilə ödədiyi pul alınaraq İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar