Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-232/2025 03.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video yazı aparmaqla baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 20.100 manat məbləğində pulun, qızılların (3 qram sep pandora, 2.5 qram bir dəst sırğa, 2 qram üzük ağ qızıl, 1,5 qram üzük, 2 qram qolbaq, (ümumi 585 əyar olmaqla), (bu mümkün olmadıqda qızılın dəyəri miqdarında nağd şəkildə pulun) və ödədiyi 151 manat dövlət rüsumu əvəzinin alınaraq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh təxminən 10 ıl müddət olar ki, tanıyır. Xırdalan şəhərində qonşuluq münasibətləri olmuşdur. Qonşuluqda olduqları müddətdə heç bir ədavət və düşmənçilikləri olmamışdır. 2022- ci ilin yay aylarında Cavabdeh ona zəng edərək demişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində bır obyekt var. Həmin obyektin sahibini yoldaşı Rəşid tanıyır. Həmin obyekt cehizlik malları satan dükandır. Günay həmin dükanı icarəyə şərikli olaraq götürüb işlədək demişdir. Ona həmin işlərdən başı çıxdığını, sadəcə özünün gedib malları gətirib satacağını, onun heç bır işə qarışmayacağını demişdir. O da bu barədə Günayla razılaşmışdır. Ona özündə bir miqdar pul olduğunu, qalan pulu da onun düzəltməyini istəmişdir. O, həmin zaman əməliyyat olunduğu üçün gedib Günay dediyi mağazaya baxa bilməmişdir. Günay ona "səndə nə qədər varsa mənə pul ver mən də qalanını düzəldib obyekti açacam biz ikimiz də şərikli qazanacağıq” demişdir. O, Günayın dediklərinə inanmışdır. Həmin zamanlar o “Elantra” markalı avtomobilini satdığı üçün əlində pul var idi. Günay da əlində pul olduğunu bilirdi. Buna görə də ondan obyekt açmaq üçün pul istəmişdir. 2023-cü ilin aprel ayının sonlarında Xırdalan şəhərində yerləşən H.Əliyev- adına parkda Günay ilə görüşərək ona 4000 (dörd min) manat pul əlbəəl vermişdir. (Bunu Günay özü də təsdiqləyir.) Həmin zaman Günayın yanında onun Rəşad adlı oğlu var idi. Bundan təxminən 5-6 gün sonra Günay ona zəng edərək guya şərikli işlədəcəyi obyektdə həmin obyektin içini məhsulla doldurmaq üçün yenə pul istəmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən "Rahat market” dən olan ödəniş terminallarından biri vasitəsi ilə Günayın qızı X1 hesabına 3700 (üç min yeddi yüz) manat pul göndərmişdir. Günay ona zəng edərək qızının kartında problem olduğundan pulu onun kart hesabına göndərməyini istəmişdir. Bir neçə dəqiqə sonra isə həmin marketdən yenidən ona göndərdiyi Cavabdeh ona göndərdiyi özünə məxsus kart hesabına 3000 (üç min) manat pul göndərmişdir. Günay onunla danışaraq pulun ona gəlib çatdığını və hər şeyin qaydasında getdiyini, tezliklə işə başlayacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Günay ona zəng edərək pulun bəs etmədiyini, yenidən ona pul göndəməyini istəmişdir. xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində yerləşən "Bizim market”də olan ödəmə terminallarından biri vasitəsi ilə Günayın qızı X1 hesabına 2800 (iki min səkkiz yüz) manat pul göndərmişdir. Bir neçə gün sonra Günayın kart hesabına yenidən 2000 (iki min) manat pul göndərmişdir. Bundan təxminən bir həftə sonra xx.xx.2023-cü il tarixdə Günay yenidən ona zəng edərək obyekt üçün pul lazım olduğunu demişdir. Həmin tarixdə Günayın kart hesabına Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 'Ruzi marketdən 1000 (min) manat pul göndərmişdir. Ümumilikdə aprel ayının sonlarından xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Günaya 18000 (on səkkiz min) manat pul vermişdir. Təxminən bir ay sonra Günay ona zəng edərək cehizlik mağazası söhbətinin alınmadığını, başqa bir gözəllik salonu, lazer xidmətləri dükanı açacaqlarını və oradan gəlir gələcəyini, lakin bunun üçün pul çatmadığını, 7000 manat pul lazım olduğunu bildirmişdir. Günaydan onun nə qədər pul qoyduğunu soruşan zaman isə Günay ona “sən nə qədər pul qoysan mən də həmin qədər pul qoyacam” demişdir. O, ondan lazer dükanının harda yerləşdiyini soruşduqda, həmin dükanın Masazır qəsəbəsində yerləşdiyini demişdir. O, Günaydan ona əvvəl verdiyi pulların necə olduğunu soruşduqda, ona həmin pulları yeni açılacaq mağazada lazer aparatı almaq üçün lazım olduğunu demişdir. O, Günaya inanaraq onu yaşadığı ünvana çağırmışdır. Həmin zaman əməliyyat olunduğuna görə evdən çıxa bilmirmiş. 2023-cü ilin iyul ayında Günay onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Z.Əliyeva küçəsində yerləşən mənzilə gəlmişdir. Evdə söhbət etdikdən sonra o, ona 7500 (yeddi min beş yüz) manat pul vermişdir. Ona pul verən zaman qaynanası X3 evdə idi. Bir neçə müddət sonra, o onun işləri yubatdığını görüb onu aldatdığını düşünmüşdür. Ona zəng edərək 25500 manat pulunu geri istəmişdir. O da həmin pulu yaxın günlər ərzində ona qaytaracağını bildirmişdir. Günay ona 3 ay ərzində 5400 manat pul geri qaytarmışdır. O, ondan pulun qalan hissəsini istədiyi zaman ona faizə verdiyini və bir neçə günə geri qaytaracağını bildirmişdir. Bugünədək dəfələrlə onu aldadaraq müxtəlif bəhanələrlə verdiyi pulları ödəməkdən imtina etmişdir. Cavabdeh verdiyi pulları sübut edən dəlillər WHATSAPP mobil tətbiqi vasitəsilə aralarında olan yazışmalar, həmin mobil tətbiq vasitəsilə ona göndərilmiş səs yazıları və ödədiyini təsdiq edən qəbzlərdir. Cavabdehə ödədiyi məbləğ ümumilikdə 25500 (iyirmi beş min beş yüz) manat təşkil edir. Bu məbləğin 5400 (beş min dörd yüz) manatını geri qaytarmışdır. Bu pulları götürdüyünü təsdiq edən qəbzlər də var. Bundan əlavə həmin ərəfələrdə Günayın iş yoldaşlarında onun vasitəsilə münasibəti yaranmışdır. Həmin zamanlarda Günay onun iş yoldaşlarıyla lotareya oynamış, geri ödəmə müddəti gəldiyində ödəmək üçün əlində pul olmadığını, ondan dəyəri 600-700 manat təşki edən qızılları (3 qram sep pandora, 2,5 qram bır dəst sırğa, 2 qram üzük ağ qızıl, 1,5 qram üzük, 2 qram qolbaq (ümumi 585 əyar olmaqla)) xahiş edib almışdır ki, lombarda qoyub lotareya oynadığı digər şəxslərin pulunu versin. O da məcbur olub onun vasitəsilə tanıdığı iş yoldaşlarının arasında biabır olmasın deyə qızılları vermişdir. Lakin həmin şəxslərin pulunu ödəmədiyi üçün o, məcbur olub özü ış yoldaşlarının verdiyi pulları geri ödəyişdir. (Bu barədə Günay Abşeron rayon Polis İdarəsində verdiyi izahatında da etiraf etmişdir.) 2023-cü ilin dekabr ayında Günayın qızı Aytac ona zəng vurub xahiş etmişdir ki, “xala nə olar mən işə düzəlməliyəm, sizin pulunuzu qaytara bilməyim üçün anama kömək edin”. Aytac qızının rəfiqəsi olduğu üçün ona 800 manat pul vermişdir. O, həmin vaxt dediyinə görə işə düzəlmişdir. 2024-cü ilin yanvar ayında Aytac onun kartıma 500 manat pul göndərmişdir. Qalan 300 manatı da anası qaytaracaq demişdir. (Bu barədə Aytac Abşeron rayon Polis İdarəsinə anasına görə gəldikdə ifadəsində təsdiq edib.) Cavabdeh iş qurmaq üçün verdiyi pulları və qızılları geri qaytarmaqdan yayındığını, onu aldatdığını düşünüb olanlar barədə 2024-cü ilin fevral ayında Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciətinə baxılmış, o və Cavabdeh izahat alınmışdır. Ona izah edilmişdir ki, yaranmış mübahisə mülki xarakterli olduğuna görə o pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməlidir. Cavabdeh tez bir zamanda ondan aldığı pulları qaytaracağını bildirsə də, bu günədək həmin məbləği qaytarmamış, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu günədək borcun qaytarılması ilə bağlı etdiyi müraciətlərə hər dəfə bir bəhanə gətirərək, pulu ödəməkdən yayınmışdır. Buna görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq ünvan 1açı İddiaçı iddia ərizəsində yazdıqları həqiqətə uyğun deyil, əslində o, İddiaçı 17700 (on yeddi min yeddi yüz) manat 10%-ə pul almışdır. Həyat yoldaşı ila boşandıqdan sonra onun verdiyi pul vəsaitinin altı ay ərzində hər ay ona 1800 (min səkkiz yüz) manat olmaqla pulunu qaytarmışdır. Qaytarılan pul vəsaitlərinin miqdarı 6X1800=10800 (on min səkkiz yüz) manat təşkil edir. Bundan əlavə İddiaçı ona rəhm edərək 500 manat nəğd pul vəsaitini və 500 manat müqabilində qızıl əşyalarını faizsiz olaraq köməklik məqsədilə sonradan qaytarmaq şərtilə vermişdir. İddiaçı Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinə ondan şikayət etdikdə, Abşeron RPİ-nin İstintaq şöbəsində araşdırma aparıldı və onun İddiaçı olan pul borcu dəqiqləşdirildi, (17700+500)- 10800=7400 (yeddi min dörd yüz) manat olduğu dəqiqləşdirildi və üstəlik götürdüyü 500 manatlıq qızıl məmulatlarının qaytarılması aydın oldu. Onun üç nəfər azyaşlı uşaq saxlamağını nəzərə alaraq onları razılaşdırmışdılar ki, o, ilkin olaraq onun ona verdiyi qızıl əşyaları ona qaytarsın və borclu olduğu 7400 manat pul vəsaitini hissə-hissə olaraq ayda 300 (üç yüz) manat olmaqla İddiaçı qaytarsın. Razılaşmışlar, görüş təşkil etmək əvəzinə, İddiaçı onun telefonunu götürməmiş və ona məhkəmələrlə hədə gəlməyə başlamışdır. Bildirmişdir ki, ailə nikahı pozulmuş, üç azyaşlı uşağı təkbaşına böyüdür. O, razılaşdığı kimi İddiaçı qızıl əşyalarını qaytarmaq şərtilə hər ay 300 (üç yüz) manat nəğd pulunu qaytarır və söz verir ki, sonda ona əlavə olaraq 1000 (bir min) manat pul vəsaiti ödəyəcək. O, İddiaçı ona verdiyi pul vəsaitini danmır. İş elə gətirmişdir ki, həyat yoldaşıyla nikahları pozulmuş, 3 uşağın saxlanması tək onun üzərində qalmış, odur ki, faizləri verə bilməmiş və ondan da üzr diləmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı həqiqətə uyğun olmayan iddiasının rədd edilməsini, İddiaçı ilə razılaşdıqları qaydada qızıl əşyalarını qaytarmaq şərtilə hər ay 300 (üç yüz) manat nağd pul vəsaitinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, telefonla əlaqə saxlanılan zaman borcundan ödənişlər etdiyini, qalan borcunu da ödəyəcəyinə söz vermişdir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyərək və təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 20 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 500 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 500 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 1200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 1000 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 800 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 700 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 400 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 300 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 200 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 400 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 50 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 50 manat, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcundan 100 manat olmaqla, cəmi 9020 manat ödəniş etmişdir. Göründüyü kimi birlikdə iş qurmaq məqsədilə müəyyən vaxtlarda ümumilikdə 20100 manat pul məbləğinini iddiaçı cavabdehə verdiyini qeyd etmişdir. Lakin həqiqətdə iddiaçı həmin məbləğdə pul vəsaitini cavabdehə verməsini işin hər hansı halı ilə sübut edə bilməmişdir. Belə ki, cavabdeh Günay Mehralıyeva məhkəmə iclasında iştirak etməsədə məhkəməyə təqdim etdiyi etirazda, həmçinin onunla əlaqə saxlanılarkən iddiaçıdan ümumilikdə 18200 manat məbləğində pul aldığını etiraf etmiş, həmçinin həmin məbləğdən ümumilikdə 9020 manat ödəniş edilməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərin surətləri ilə sübuta yetirilir. Belə olan təqdirdə cavabdehin iddiaçıdan 18200 manat məbləğində pul alması onun özünün etirafı ilə və həmin məbləğdən 9020 manat ödəniş etməsi məhkəməyə təqdim edilmiş qəbzlərin surətləri ilə sübut olunduğundan, hazırda cavabdehin iddiaçıya 9180 manat borcu qaldığı müəyyən edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 18200 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan pul almasının nə qanuni, nə də müqavilə əsası olmadığından, iddiaçı verdiyi pul vəsaitini cavabdehdən geri tələb etməyə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edilən Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Göstərilən Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 9180 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Lakin, iddia qismən təmin edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq, iddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 151 manat dövlət rüsumunun 111,8 manatı Cavabdeh İddiaçı xeyrinə tutulmalı, 39,2 manatı iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9180 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 111,8 manatı İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 39,2 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9180 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 111,8 manatı İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 39,2 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-232/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-232/2025
03.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver