Məhkəmə qərarları › İş №e-2(016)-400/2025

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №e-2(016)-400/2025

14.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № e-2(016)-400/2025 14.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X2” PHŞ-nin Cavabdeh qarşı “əmlakların geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 7 aprel tarixli 2022/ÖM/00841 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin təyinatı üzrə istifadə edilməməsi və dəyişdirilməsi səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd Mebel istehsalı üçün laminat və MDF kəsici mişar (2800mm, MJ6128 90/45, maksimum kəsmə uzunluğu – 2800-3200 mm, maksimum kəsmə eni 1150 mm, maksimum kəsmə qalınlığı – 80 mm, ilkin və ikincil mühərrik gücü 4KW-0.75KW, çəki 500- 800kq, ARTEMA 2800)-35 WD-M220-240 VAC 50/6 HZ 1200W, Xcort XVC0130) natura şəklində Agentliyə qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, cavabdehlə 1 aprel 2022-ci il tarixdə agentlik arasında bağlanmış müqaviləyə əsasən ona iddia ərizəsinə qeyd olunan avadanlıqlar verilmişdir. Bu barədə həmin tarixdə təhvil-təslim barədə akt imzalanmışdır. Avadanlıq ona məşğulluğunu təmin etmək üçün verilmişdir. Təəsüflər olsun ki, monitorinq aparılan zaman müəyyən olundu ki, cavabdeh ona verilən avadanlığı üçünçü şəxsə 200 manata icarəyə verib. Bu barədə cavabdehin imzası və iştirakı ilə aktda tərtib olunub. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. “Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərardadında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən bu Qərardadda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həm tərəflər arasında bağlanmış müqavilənin xarakteri, həm də mübahisənin predmeti dəqiq müəyyənləşdirilməli, mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. Həmin Qərardadda həmçinin qeyd edilmişdir ki, o da göstərilməlidir ki, “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6- 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı “X2” PHŞ-nin Cavabdeh qarşı “əmlakların geri qaytarılması” tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “X2” PHŞ-nin Cavabdeh qarşı “əmlakların geri qaytarılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar