Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-463/2025 12.05.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İddiaçı X4, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4.631,60 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 66,32 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlərlə qohumluq münasibəti var, belə ki, Cavabdeh2 onun gəlininin xalasıdır, Cavabdeh1 isə onun əridir. Cavabdehlərlə çox isti münasibətləri olmuş, dəfələrlə onların evinə gedib-gəlmişlər. 2015ci ilin əvvəllərində cavabdehlər onlarda qonaq olarkən bildirmişlər ki, təzə ev alırlar, onların pula ehtiyacı var və onlara kömək üçün xahiş etmişlər ki, bankdan kredit götürüb onlara versin, onlar da hər ay krediti ödəyəcəklər. Cavabdehlər həm qohum olduğu üçün, həm də həmin dövrdə Əfqanın adına torpaq sahəsi aldıqları üçün onların təklifi ilə razılaşmışdır. Çünki, hesab etmişdir ki, onlarla razılaşmasa, sonra Əfqan torpağın onların adlarına keçirilməsinə maneçilik törədər. 2015-ci ilin mart ayının 4-də o, Cavabdeh2, Vüqar Ağayev adlı şəxslə birlikdə taksi ilə Kürdəmir şəhərinə gəlmiş və Kürdəmir şəhərində yerləşən "xxxx"ın filialına yaxınlaşmışlar. "xxxx"da onunla bank arasında kredit müqaviləsi bağlanmış və 3.120 ABŞ dolları məbləğində kredit verilmişdir. O da bankın içərisində götürdüyü 3.120 ABŞ dolları məbləğində pulun hamısını Cavabdeh2 vermişdir. Həmin vaxtdan sonra 7 ay müddətində, yəni 2015-ci ilin aprel-oktyabr ayı ərzində cavabdehlər tərəfindən hər ay "xxxx"a kredit ödənişləri edilmiş, lakin sonradan cavabdehlər tərəfindən ödənişlər dayandırılmışdır. Bank tərəfindən ona ödəniş edilməməsi ilə bağlı zənglər gəldikdən sonra o, dəfələrlə cavabdehlərdən kreditin ödənilməsini tələb etməyinə baxmayaraq, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək ödənişdən yayınmışlar. Bunun nəticəsində bank tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılmış və Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(016)-938/2016 saylı məhkəmə əmri ilə ondan cəmi 3.846,77 ABŞ dolları məbləğində borcun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarından sonra o, yenə də dəfələrlə cavabdehlərdən kreditin ödənilməsini tələb etməyinə baxmayaraq, onlar hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməmişlər. Onun pensiyasından xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hər ay 81,60 manat olmaqla, cəmi 2.529,60 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin hesabına keçirilmişdir. Pensiyasından tutulma olandan sonra 2016-cı il tarixdə cavabdehlər tərəfindən ona cəmi 370 manat pul qaytarılmışdır. 2019-cu ildə problemli kreditlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən onunla "xxxx" ASC arasında bağlanmış 04 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq qalan 2.983,11 manat məbləğində vəsait restruktrizasiya olunmuş və onunla "xxxx" ASC arasında 14 dekabr 2019-cu il tarixli yeni kredit müqaviləsi bağlanmışdır. Lakin bundan sonra yenə də dəfələrlə cavabdehlərdən kreditin ödənilməsini tələb etməyinə baxmayaraq, onlar pulu ödəməmişlər. O, cavabdehlərin hərəkətləri barədə 2020-ci il tarixdə Ağsu rayon Polis şöbəsinə də müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bank tərəfindən xx.xx.2020-ci il tarixdən pensiyasından hər ay pul tutulmaqla, ümumilikdə 2.972 manat məbləğində pul tutulmuş və 2024-cü ilin dekabr ayında kredit tam bağlanmışdır. Bundan sonra o, dəfələrlə cavabdehlərlə görüşərək pulun qaytarılmasını tələb etmiş, lakin cavabdehlər tərəfindən 2021-ci il tarixdə hissə-hissə olaraq, cəmi 500 manat məbləğində pul qaytarılmış, qalan vəsait isə indiyə qədər qaytarılmamışdır. Beləliklə, onun pensiyasından cəmi 5.501,60 manat məbləğində pul tutularaq banka ödənilmiş, cavabdehlər tərəfindən isə cəmi 870 (500+370) manat pul geri qaytarılmış və hazırda cavabdehlər tərəfindən ona 4.631,60 manat məbləğində pul qaytarılmalıdır. Bütün bunlara əsasən aralarında olan razılaşmaya uyğun olaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ödənilməli olan, lakin onun pensiyasından tutularaq banka ödənilmiş 4.631,60 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirdi ki, o, bankdan kredit götürərək 3.150 manat pulu Mələyə vermiş, onlar da kreditdən 7 ay ödəniş etmişlər, sonra hissə-hissə 770 manat pulu nağd şəkildə ona veriblər. Başqa ödəniş etməyiblər. Bankdan krediti dollar olaraq götürmüşdür. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə cavabdehlər arasında qohumluq əlaqələri var. 2015-ci ilin əvvəlində cavabdehlər ev alacaqları üçün iddiaçıdan maddi köməklik istəyiblər. İddiaçıda nəğd pulu olmadığı üçün Kürdəmir şəhərində yerləşən "xxxx" ASC-dən kredit götürərək cavabdehlərə verib. Onlar da 7 ay ödədikdən sonra ödənişi dayandırıblar. 2016-cı ildə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra borc hər ay iddiaçının təqaüdündən çıxılmağa başlanır və 2019-cu ildə kredit müddəti 5 il də uzadılır. 2024-cü ildə kredit borcu tam ödənilir. İddiaçıya cavabdehlər tərəfindən 100, 120, 150 və 500 manat olmaqla, ümumilikdə 870 manat pul qaytarılıb. İddiaçının pensiya kartından xx.xx.2026-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 2.529 manat, kredit restruktruzasiya olunduqdan sonra isə 2.972 manat pul tutulub. İddiaçı, onun nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddiaçı onlar istədiyi üçün kredit götürərək ona vermişdir. 110 manat olmaqla 7 ay ödəniş etmiş, sonra yoldaşı qəzaya düşdüyü üçün ödəniş edə bilməmişlər. Hissə-hissə 100, 120, 150 və 500 manat da ödəniş etmişdir, başqa ödəniş olmayıb. Verilən suala cavab olaraq Cavabdeh2 bildirmişdir ki, o, iddiaçı ilə razılaşdır ki, Şövkət bankdan kreditdə pul götürüb ona verəcək və o da banka hər ay ödənişi edəcək. Cavabdehlər xx.xx.2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 52-xx-xx-008428 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, "xxxx" ASC tərəfindən X3 48 ay müddətinə, illik 28 % faiz dərəcəsi ilə 3.120 dollar məbləğində kredit verilmişdir. - xx.xx.2019-cu il tarixli, 62-1923-102875 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən X3 60 ay müddətinə, illik 1 % faiz dərəcəsi ilə 2.983,11 manat məbləğində kredit verilmişdir. - xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Ağsu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(016)-938/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən X1 3.846,77 ABŞ dolları məbləğində borc tutulub "xxxx" ASCnin hesabına ödənilməlidir. - DSMF publik hüquqi şəxsinin 11 saylı RƏF Ağsu rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək X2 pensiyasından hər ay 81,60 manat olmaqla, cəmi 2.529,60 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. - "xxxx" ASC-nin Ağsu filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 xx.xx.2024-cü il tarixə 120MF7L202090305 nömrəli kredit müqaviləsi üzrə 2.972 manat kredit məbləğini ödəmiş, onun bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyil. - Ağsu rayon Polis şöbəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, müraciətində göstərdiyi xüsusatlar mülki məsələdir, bununla əlaqədar MPM-in 4-cü maddəsinə əsasən həmin Məcəllənin 149 və 150-ci maddələrində müəyyən edilmiş qaydada cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilmişdir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 66,32 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhəkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 pula ehtiyacı olduğu üçün iddiaçı X3 müraciət edərək bankdan onun üçün pul götürməsini xahiş etmiş və bankdan götürülən pula görə ödənişlərin onun tərəfindən aparılacağını öhdəsinə götürmüşdür. Bundan sonra, Şövkət Cəfərova "xxxx" ASC-dən 3.120 dollar məbləğində kredit götürərək Cavabdeh2 vermişdir. Cavabdeh2 110 manat olmaqla 7 ay, bir müddət sonra hissə-hissə 100, 120, 150 və 500 manat ödənişlər etmişdir. Cavabdeh2 tərəfindən ödənişlər dayandırıldıqdan sonra "xxxx" ASC-nin tələbinə əsasən Ağsu Rayon Məhkəməsi tərəfindən verilmiş 2(016)- 938/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən X1 3.846,77 ABŞ dolları məbləğində borcun tutulub "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək pensiyasından hər ay 81,60 manat olmaqla, cəmi 2.529,60 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Kredit məbləği restruktruzasiya edildikdən sonra X4 xx.xx.2024-cü il tarixə 120MF7L202090305 nömrəli kredit müqaviləsi üzrə 2.972 manat kredit məbləğini ödəmişdir. Göründüyü kimi, iddiaçı X4 ümumilikdə 5.501,6 (2.529,60+2.972=5.501,6-870=4.631,60) manat ödəniş etmişdir. Beləliklə, Cavabdeh2 iddiaçı tərəfindən onun üçün götürülmüş kredit məbləğini ödəməyi öhdəsinə götürsə də, öhdəliyin icrasını yerinə yetirməmişdir. Bununla da, iddiaçıya ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin “borcun cavabdehlərdən müştərək qaydada alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının kredit görtürdüyü pulu borc olaraq Cavabdeh2 verməsi tərəflərin izahatları ilə təsdiq olunur. İddiaçı pulun Cavabdeh1 verməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda, borc Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin iddianın 66,32 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissəsdə qismən əsaslıdır. Belə ki, 4.631,60 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutulub iddiaçıya verilməli olduğundan, ödənilmiş dövlət rusumu da Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 4.631,60 manat məbləğində pul vəsaiti və 66,32 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı X2 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-463/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-463/2025
12.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver