Məhkəmə qərarları › İş №e-2(016)-701/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-701/2024

07.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-701/2024 07.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X9 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3600 AZN və 56 manat dövlət rüsumu əvəzinin alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qohumluq əlaqələri olduğu üçün onunla münasibəti əvvəllər çox yaxşı olmuşdur. Fəxrəddin bir qohum kimi onlarda olarkən söhbət əsnasında eşitmişdir ki, o bankdan kredit götürmək istəyir. Kredit götürməmişdən əvvəl Cavabdeh bir neçə dəfə onlara gedərək bildirmişdir ki, onun adı qara siyahıda olduğu üçün ona banklar kredit vermir və xahiş etmişdir ki, o bankdan pul götürəndə ona versin, o hər ay banka öözü ödəniş edəcəkdir. 2022-ci ilin may ayında malqara almaq üçün o "xxxx" ASC-nin İsmayıllı şəhərində yerləşən filialından 24 ay müddətə 12000 manat məbləğində kredit götürmüşdür. Sonra Fəxrəddin 2022-ci ilin sonlarında onlara gedərək qızının nişanlı olduğunu, toy edəcəyini bildirərək ondan yenidən borca pul istəmiş və bildirmişdir ki, əgər ona kreditə pul verilsə götürülmüş kreditin hər ay ödənişinə o da köməklik edəcək və 2023-cü ilin aprel ayında qızına toy etdikdən sonra pulu tam qaytaracaqdır. O da cavabdehin sözünə inanaraq onun qohumu olmasını, qızına xeyir i. Etməsini nəzərə alaraq hissə-hissə olmaqla ona 6000 manat pul vermişdir. Cavabdeh tərəfindən bir neçə ay pul ödənilsə də, sonradan dayanıldı. Cavabdeh müxtəlif bəhanələr gətirməyə başlamışdır. İndiyə qədər cavabdeh tərəf 2400 manat pul qaytarmışdır. Pulun qalan 3600 manatını isə cavabdeh ödəməkdən yayınır. O bu barədə polisə müraciət etsə də, polis bu işin mülki xarakter olduğunu demiş və məhkəməyə müraciət etməsini bildirmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsin xahiş etdi, əlavə olaraq qeyd etdi ki, pulu cavabdehə vaxtı tam yadında deyil noyabr ayında 3 dəfəyə vermiş, birincisini bacısı oğlunun kartına 1000 manat göndərmiş, ikincisini cavabdehin qızı Nəzrinin kartına 2000 manat göndərmiş, üçüncüsünü isə 3000 manat pulu onun özünə vermişdir. Cavabdeh bir neçə ay pulu Bakı şəhərində yaşayan oğlunun kartına göndərmişdir. Lakin sonradan ödənişləri etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının danışdıqları yalandır, onun qızı Nəzrin ailəlidir, adına heç bir yerdə kart açılmamışdır. O, onun bacısından 20 faizlə 1000 manat pul götürmüş, əvəzində isə qızıl zinyət əşyası qoymuşdur. Sonra bacısının oğlu ilə gedib bol marketin qabağında aparatdan pul çəkərək bacısının oğlu mənə 900 manat pul vermiş, 100 manatı da özünə şirinlik götürmüşdür. 1000 manata 200 manat faiz vermişdir. 2830 manat bacısına pul ödəmişdir. İddiaçının özündən bir manat belə pul almamışdır. Pulu ödəyib sepi geri istəyəndə demişdir ki, 3 gündən sonra gəlib sepi apararsan. 3 gün oldu 3 ay, amma sepi qaytarmadılar. Polislər gəlib bildirmişdilər ki, Mahiyyət ondan şikayət etmiş, demişdir ki, güya o Mahiyyətə 6000 manat pul atmışdır. 3 gündən sonra polis onun ərizəsini rədd etmişdir. Hər ay ödənişlərlə bağlı qəbzlərin surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirdi ki, iddiaçının bacısıdır. Cavabdeh 2023-cü ilin aprel ayının 3-də bacısı ona zəng vuraraq bildirmişdir ki, əgər pul ona lazım deyilsə, o pulu bir nəfərə verməyini xahiş etmişdir. O, həyətə çıxanda cavabdeh ona yaxınlaşıb Mahiyyətin bacısının o, olmasını dəqiqləşdirdikdən sonra 1500 manat pulu ona verməyini bildirmişdir. O, da pulu həmin adama vermişdir. Bu zaman cavadeh aprel ayının 23-də pulu qaytaracağını bildirmişdir. Aprel ayının 23-ü oldu, amma pulu qaytarmamışdır. O, cavabdehə zəng vurub pulu istədikdə, cavabdeh 3-4 gün onu gözləməyini xahiş etmişdir. May ayının 3-də cavabdeh gəlib pulu sayıb 1500 manat ona göstərmiş, sonra yenidən ondan 3 gün möhlət istəmiş ki, 3 gündən sonra gətirib verəcək, amma verməmişdir. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, iddiaçının oğludur. Anası 2022-ci ilin sonlarında Bakı şəhərinə gələrək Fəxrəddinin ondan pul istədiyini bildirmiş, o da lazım deyil verməməsini bildirsə də sonradan razılıq vermişdir. Sonra Fəxrəddin ona xalası oğlu Elvinin kartına 1000 manat atması bildirmişdir. 2000 manatı da başqa karta atmış, kəndə gələndə də 3000 manatı özünə vermişdir. Fəxrəddin bildirmişdir ki, qızına toy edib qaytaracaq, lakin qaytarmamışdır. Qardaşı demişdir ki, nahaq pul vermisiniz ona. Məhkəmə iclasında şahid X4 izahat verərək bildirdi ki, iddiaçının oğlu ilə qonşudur. Onların marketləri olduğunu, o marketə girən zaman Nərimanı görmüş, nə etdiyini soruşmuş, o da yaxını Fəxrəddinin qızının kartına 1800 manat pul göndərdiyini bildirmişdir. Bundan başqa Əliyev Nərimanı özü ilə Bakıya aparmaq üçün Şamaxı rayonundan Kalva kəndinə gəlmiş və onların həyətində olan zaman İddiaçı Əliyev Nərimana yaxınlaşaraq Fəxrəddin adlı şəxsə vermək üçün 3000 manat pul istəmiş və Nəriman Əliyev də həmin pulu İddiaçı vermişdir. İddiaçı də pulu götürüb çölə çıxmış və çöldə başında papaq olan bir kişiyə pul vermişdir. Lakin nə qədər pul verməsini və həmin şəxsin Fəxrəddin olubolmamasını görməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 02.03.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı həmkəndlisi Cavabdeh 3600 manat borca pul verib ala bilməməsi barədə müraciət mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi ona izah olunmuşdur. - Ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh hər ay müəyyən məbləğlərdə ödənişlər etmiş və cəmi 2830 manat ödəmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, RB02/3516 saylı məktubundan görünür ki, X1 adına məxsus plastik kart aşkar edilməmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 6-2-41/2-29286/2024 saylı məktubundan görünür ki, X1 adına olan bank hesabları aşkar edilməmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/21439 saylı məktubundan görünür ki, X1 adına bankdaxili sistemdə hesab aşkar edilməmişdir. - "xxxx" MMC-nin iddiaçı tərəfin müraciəti əsasında verilmiş sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC-də danışıq mətnlərinin qeydiyyatı aparılmır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə qohumluq əlaqələri olduğu üçün o 2022-ci il tarixdə yaşadığı ünvana gələrək ondan borc pul istəmişlər. O, da büdcəsinə uyğun olaraq müxtəlif vaxtlarda 1000, 2000 və 3000 manat, ümumilikdə cəmi 6000 manat məbləğində pul vəsaitini borc kimi vermişdir. Lakin cavabdeh həmin puldan 2400 manat ödəniş etmiş, qalan 3600 manat pulu ödəməmiş və o, da məhkəmədə iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı iddiaçı dediklərinə dair hər hansı sənəd təqdim etməmiş, cavabdeh isə hazıradək 1000 manat borc əvəzinə aldığını və artıqlaması ilə ödədiyini bildirmiş və buna dair sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı 2000 manat pulun cavabdehin qızının kartına vurulmasını bildirsə də, məhkəmə tərəfindən edilmiş sorğulara cavablardan müəyyən olunmuşdur ki, cavabdehin qızının adına sorğu edilən bankların heç birində hər hansı hesab aşkar edilməmişdir. Bundan başqa 3000 manat pulu əlbəəl verməsini bildirsə də bunu təsdiq edən şahid pulun təqdim edildiyi şəxsin cavabdeh olub-olmasını görmədiyini, həmçinin verilən pulun 3000 manat olmasını görmədiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı yalnız 1000 manat pulun iddiaçının bacısı oğlunun kartına göndərilməsi və həmin pulun kartdan çıxarılaraq cavabdehə verilməsi öz təsdiqini tapmış, bu epizodu iddiaçı və cavabdeh təsdiq etmişdir. İddiaçı iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, onun Cavabdeh 6000 manat borc verməyi barədə razılaşma şifahi olmuşdur, bu halı təsdiq edən heç bir sübutu yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, İddiaçı Cavabdeh 6000 manat borc verməsi, həmin borcdan 3600 manat ödənilməməsi halını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bunun əksinə Cavabdeh İddiaçı 1000 manat borc almasını etiraf etmiş və həmin pulu artıqlaması ilə qaytardığını bildirmiş və buna dair mötəbər sübutları məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçı tərəfə 2830 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar