Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-87/2025 21.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 4.500 manat borcun, cavabdehin pozduğu yol hərəkət qaydalarına görə ödənilmiş 850 manat, maşının təmiri üçün ödənilmiş 3.600 manat, vəkil orderi üçün ödənilən 320 manat və 113 manat dövlət rüsumu olmaqla, cəmi 9.383 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 19 fevral 2024-cü il tarixdə Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusunun iştirakı ilə 3M-662 №-li 4500 manat məbləğində borc müqaviləsi bağlamışdır. Borc müqaviləsində qeyd olunmuşdur ki, “Borc alan” borcu xx.xx.2024-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu günədək borcdan heç bir məbləğ ödəməmişdir. Ona məxsus olan avtomobili cavabdehə günlük kirayəyə verdiyi üçün avtomobildən cavabdeh istifadə edirdi. Cavabdehin avtomobildən istifadə etdiyi müddətdə yol nəqliyyat hadisəsi baş verdiyinə görə avtomobilin təmiri üçün onun tərəfdən 3.600 manat məbləğində pul ödənilmişdir. Bundan əlavə, Cavabdeh ona məxsus olan avtomobillə dəfələrlə yol hərəkəti qaydalarını pozmuş və bununla da 850 manat cərimə olunmuş və ödəməmişdir. Həmin cərimələri o, özü ödəmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, iddia tələbinin maşının təmiri üçün ödənilmiş 3.600 manat pulun ödənilməsi hissəsində tələbi müdafiə etmir. Belə ki, bununla bağlı hər hansı sübutları yoxdur. İddiaçı maşını taksi faliyyəti ilə məşğul olmaq üçün cavabdehə verib, maşından xəbər ala bilmədikdə cavabdehlə əlaqə saxlayıb deyib ki, sənin adına cərimələr gəlir. O da, cərimələri ödəmədiyi üçün iddiaçı məcburi qalıb cərimələri ödəyib. Maşın yararsız halda iddiaçıya qaytarılıb. Cərimənin ödənilməsinə dair qəbzlərin əsilləri İddiaçıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 4.500 manat məbləğində pulu borc verir, borc alan Cavabdeh borcun xx.xx.2024-cü il tarixədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürür. - Mədaxil qəbzlərindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 48 manat, 36 manat, 80 manat, 128 manat, 36 manat, 36 manat, 18 manat, 18 manat, 18 manat, 36 manat, 36 manat, 9 manat, 36 manat, 10,50 manat, 42 manat, 40 manat, 36 manat, 36 manat, 36 manat, 42 manat, 10,50 manat olmaqla, ümumilikdə 788 manat məbləğində cərimə olunmuşdur. - “Hüquqi yardımın göstərilməsi haqqında” xx.xx.2024-cü il tarixli 698 nömrəli müqavilədən görünür ki, İddiaçı hüquqi yardımın göstərilməsi üçün onunla Vəkil arasında 320 manat dəyərində müqavilə imzalanmışdır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı 113 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə iddia tələbinin “4.500 manat borcun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 4.500 manat borc pul vermiş, lakin cavabdeh müqavilədə göstərilən vaxtadək, yəni xx.xx.2024-cü il tarixədək borcunu qaytarmamışdır. Göründüyü kimi, cavabdehin iddiaçıdan 4.500 manat borc alması iş materiallarına əlavə edilmiş müqavilə ilə təsdiq olunur. Bu səbəbdən, məhkəmə hesab edir ki, cavabdeh borc aldığı 4.500 manat məbləğində pulu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi, eyni zamanda borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkmə iddia tələbinin “cavabdehin pozduğu yol hərəkət qaydalarına görə ödənilmiş 850 manat məbləğində pulun alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə ona ümumilikdə 788 manat məbəğində cərimə tətbiq edilmiş və iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin əsillərindən görünür ki, 788 manat məbəğində cərimə İddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “hüquqi yardımla bağlı ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin “maşının təmiri üçün ödənilmiş 3.600 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində avtomobilə 3.600 manat məbləğində ziyan dəyməsini iddia etsə də, həmin halların təsdiqinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4.-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsə də o, tələb etdiyi həmin hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 113 manat dövlət rüsumunun 36,92 manatı iddiaçıya, 76,08 manatı cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 4.500 manat borc, cavabdehin pozduğu yol hərəkəti qaydalarına görə ödənilmiş 788 manat, vəkil orderi üçün ödənilmiş 320 manat olmaqla, cəmi 5.608 manat məbləğində pul və dövlət rüsumu olaraq ödənilmiş 76,08 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 36,92 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-87/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-87/2025
21.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver