Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-130/2025 21.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, daşınmaz əmlakın bağışlanması müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 15 aprel 2005-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, Cavabdeh2 münasibətdə 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarışın etibrasız hesab edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və 300 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı X8, X24, X20 və X15 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 15 aprel 2005-ci il tarixli müqaviləyə əsasən Cavabdeh4 və onun mərhum arvadı X9 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara və digər ailə üzvlərinə məxsus torpaq sahəsindən paylarına düşən 1,66 ha hissəsini 1.100.000 manata İddiaçı satmışlar. Müqavilə bələdiyyə və icra nümayəndəsi tərəfindən təsdiqlənmişdir. Həmin vaxtdan etibarən, yəni 2005-ci ildən iddiaçı mübahisəsiz qaydada qeyd edilən torpaq sahəsindən istifadə etməyə başlamışdır. Lakin, iş üzrə digər cavabdeh, yəni Cavabdeh2 hazırki iş üzrə İddiaçı və X18 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus 4,6625 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsindən istifadəyə yönəlmiş bütün maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-17/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçı Cavabdeh2 mülkiyyətində olan, Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin X16 istifadəsində olan 2,91 ha hissəsindən, İddiaçı istifadəsində olan 1,75 ha hissəsinin 0,16 ha hissəsindən çıxarılması, iddianin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 01 nömrəli qərarına əsasən Ağcabədi rayonu, Rəncbərlər kəndi ərazisindən Cavabdeh4, X5, X19, X10, X17, X11 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 5,56 ha pay torpaq sahəsi verilmişdir. Hər birinin payı 0,79428 ha təşkil edir. xx.xx.2005-ci il tarixdə aralarında olan qarşılıqlı razılaşmaya əsasən Cavabdeh4 özünə və ailə üzvlərinə məxsus 5,56 ha torpaq sahəsinin 1,66 hektarını ******* (bir milyon bir yüz min) manata İddiaçı ömürlük satmış, bu barədə aralarında müqavilə bağlanmış, həmin müqavilə Fəridə Əsədova tərəfindən də imzalanmışdır. Qeyd olunan müqavilə Rəncbərlər Bələdiyyəsinin və Rəncbərlər kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Buna baxmayaraq 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X8, X24, Cavabdeh4, X20 və X1 rayonu, Rəncbərlər kəndi ərazisində yerləşən ümumi sahəsi 4.6625 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hədiyyə verənlər: X8 0,79928 ha, X24 0,79928 ha, Cavabdeh4 1,46535 ha, X20 0,79928 ha və X15 0,79928 ha hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişlər. Bundan sonra, Cavabdeh2 öz adına daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2023-cü il tarixli çıxarış da almışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X9 20 yanvar 2020-ci il tarixdə ölmüşdür. Bundan başqa, araşdırma zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin bir hissəsi 15 aprel 2005-ci il tarixli müqaviləyə əsasən satıcılar Cavabdeh4 və X9 tərəfindən İddiaçı satılmışdır. Hazırda da mübahisəli torpaq sahəsi 15 aprel 2005-ci il tarixdən İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında göstərdi ki, iddia tələbi ilə razı deyildir və iddia ərizəsində göstərilənlər həqiqəti əks etdirməyir. Belə ki, Cavabdeh4 iddiada göstərilən torpaq sahəsini iddiaçıya satmamışdır. Həmin torpaq sahəsini nəvəsinə bağışlamışdır. Həmçinin Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)17/2024 saylı qətnaməsindən də narazıdır. Həmin qətnaməni aldıqdan sonra savadsız olduğundan orada yazılanları oxuya bilməmişdir. Buna görə də, apellyasiya şikayəti vermək üçün olan müddəti ötürmüşdür. Hazırda ötürülmüş müddətin üzrlü hesab edilməsi üçün məhkəməyə müraciət etmişdir. Ona görə də, ona vaxt verilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 6 saylı Beyləqan ərazi idarəsinin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Ağcabədi regional “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24, X20 və X15 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24, X20 və X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 aprel 2005-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə Cavabdeh4 və X9 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara və digər ailə üzvlərinə məxsus torpaq sahəsindən onların payına düşən 1,66 ha hissəsini 1.100.000 manata İddiaçı satılması ilə əlaqədar olaraq İddiaçı ilə Cavabdeh4 arasında bağlanmışdır. Müqavilə Rəncbərlər bələdiyyəsinin və Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Rəncbərlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən 4,6625 ha torpaq sahəsinin X8 0,79928 ha, X24 0,79928 ha, Cavabdeh4 1,46535 ha, X20 0,79928 ha və X15 0,79928 ha hissəsini hədiyyə alan Cavabdeh2 bağışlamışlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterinin 12 aprel 2023-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)-17/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin X25 istifadəsində olan 2,91 ha hissəsindən, İddiaçı istifadəsində olan 1,75 ha hissəsinin 0,16 ha hissəsindən çıxarılmaları qət edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, 15 aprel 2005-ci il tarixli müqavilə ilə Cavabdeh4 və X9 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara və digər ailə üzvlərinə məxsus torpaq sahəsindən onların payına düşən 1,66 ha hissəsini 1.100.000 manata (AZN) İddiaçı satmışlar. Həmin müqavilə İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış, Rəncbərlər bələdiyyəsinin və Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Rəncbərlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Cavabdeh4 və onun ailə üzvilərinin mülkiyyətində olan, Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən 4,6625 ha torpaq sahəsinin X8 0,79928 ha hissəsini, X24 0,79928 ha hissəsini, Cavabdeh4 1,46535 ha hissəsini, X20 0,79928 ha hissəsini və X15 0,79928 ha hissəsini hədiyyə alan Cavabdeh2 bağışlamışlar və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterinin 12 aprel 2023-cü il tarixli, ********** saylı çıxarış almışdır. Məmmədov X6 Muğan Nayıb oğluna qarşı torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəməyə müraciət etmiş və Ağcabədi Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(017)-17/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində yerləşən 4,6625 ha torpaq sahəsinin X25 istifadəsində olan 2,91 ha hissəsindən, İddiaçı istifadəsində olan 1,75 ha hissəsinin 0,16 ha hissəsindən çıxarılmaları qət edilmişdir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin, şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Göründüyü kimi, 15 aprel 2005-ci il tarixli sadə yazılı formada bağlanmış müqavilə ilə Cavabdeh4 və X9 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən paylarına düşən 1,66 ha torpaq sahəsini 1.100.000 manata (AZM) İddiaçı satmışlar. Həmin vaxtdan da İddiaçı maneəsiz olaraq göstərilən torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edir. Bu hal İddiaçı torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Belə olan halda tərəflər arasında mübahisəli torpaqla bağlı mövcud razılaşmanın onun iradəsi ilə əhatə edildiyini tam sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bundan əlavə, məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin, həmin Məcəllənin 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bundan əlavə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarından da görünür ki, Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən 1,66 ha torpaq sahəsi 2005-ci ildən İddiaçı faktiki istifadəsindədir və İddiaçı həmin torpaq sahəsində qeyd edilən dövrdən etibarən etirazsız şəkildə istifadə edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında, eyni zamanda, göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Bununla da, 15 aprel 2005-ci il tarixli sadə yazılı formada bağlanmış müqaviləyə əsasən İddiaçı həmin tarixdən sahibliyinə keçmiş və hazırkı vaxta kimi istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malikdir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının qanunun 17-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh4 arasında Ağcabədi rayonunun Rəncbərlər kəndində yerləşən torpaq sahəsinin alğısatqısına dair 15 aprel 2005-ci ildə sadə yazılı formada əqd bağlanmış, həmin əqdə görə Cavabdeh4 və X9 JN-0042, KOD 60807038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onlara və digər ailə üzvlərinə məxsus torpaq sahəsindən onların payına düşən 1,66 ha hissəsini 1.100.000 manata (AZM) İddiaçı satmışlar. İddiaçı razılaşdırılmış məbləği cavabdehə vermiş və cavabdeh də həmin torpaq sahəsini iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Hazırda da cavabdehin alğı-satqı müqaviləsi bağlamaqdan yayınması mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlə alğı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Məhkəmə qeyd edir ki, göstərilən torpaq sahəsinin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, iddia tələbinin 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi ********** olan çıxarışın etibrasız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış 15 aprel 2005-ci il tarixli alğı-satqı müqaviləsi etibarlı və bağlanmış hesab edildiyindən 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi 15 aprel 2005-ci il tarixli alğı-satqı müqaviləsində göstərilən şəxslərə münasibətdə, yəni Cavabdeh4 və X5 münasibətdə qismən etibrasız hesab edilməli və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarış 15 aprel 2005-ci il tarixli sadə yazılı formada bağlanmış alğı-satqı müqaviləsində göstərilən şəxslərə münasibətdə, yəni Cavabdeh4 və X5 münasibətdə qismən ləğv edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış 15 aprel 2005-ci il tarixli alğı-satqı müqaviləsi etibarlı və bağlanmış hesab edilməli, Ağcabədi regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə- 142 nömrə ilə qeyd edilmiş 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi qismən, yəni Cavabdeh4 və X5 münasibətdə etibrasız hesab edilməli, həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarış qismən, yəni Cavabdeh4 və X5 münasibətdə ləğv edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 18 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan 17 sentyabr 2024-cü il tarixli qəbzdən və 17 sentyabr 2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı hüquqi yardıma görə 300 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 100 manat dövlət rüsumu və 300 manat xidmət haqqı iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh4 arasında sadə yazılı formada bağlanmış 15 aprel 2005-ci il tarixli alğı-satqı müqaviləsi etibarlı və bağlanmış hesab edilsin. Ağcabədi regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş, reyestrdə 4Ə-142 nömrə ilə qeyd edilmiş 16 mart 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi qismən, yəni Cavabdeh4 və X5 münasibətdə etibrasız hesab edilsin və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il tarixli çıxarış qismən, yəni Cavabdeh4 və X5 münasibətdə ləğv edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu və 300 (üç yüz) manat xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-130/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-130/2025
21.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver