Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2172/2025 04.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, 03 oktyabr 2024-cü il tarixdə Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Gəlin köçərkən cehiz əşyalarını da Elmuradın yaşadığı Arasbar kəndində yerləşən evə aparmışdır. Lakin bu barədə heç bir siyahı (sayı, qiyməti və s. barədə) tərtib olunmamışdır. İlk vaxtlar mehriban yaşasalar da sonradan münasibətləri pisləşmiş və o, xx.xx.2025-ci il tarixdə atası evinə qayıtmışdır. Ayrıldıqdan sonra cavabdehin evində qalmış cehiz, qızılzinət və geyim əşyalarını götürmək üçün xx.xx.2025-ci il tarixdə cavabdehin evinə getmişdir. Cavabdeh cehizlərini götürməyə şərait yaradıb qaytarsa da, qızıl-zinət və geyim əşyalarını götürməsinə icazə verməmişdir. Evə gəlin köçdüyü gün ona alınmış qızı-zinət əşyaları qaynanası tərəfindən ondan alınmış, bir daha ona verilməmişdir. Beləliklə, qızılzinət və geyim əşyaları cavabdehin evində qalmışdır. Qeyd olunan qızıl-zinət əşyaları - 7000 manat dəyərində sep, bilərzik, kardinal dəst, 2000 manat dəyərində nişan üzüyü, 4000 manat dəyərində 8 ədəd qızıl üzük, 300 manat dəyərində 1 ədəd bilərzik, 500 manat dəyərində bir cüt qızıl sırğa, 300 manat dəyərində bilərzik, 280 manat dəyərində üzük olmaqla, cəmi 14380 manat dəyərində qızıl-zinət əşyalarından ibarət olmuşdur. Həmçinin geyim əşyaları - 200 manat dəyərində 5 ədəd qış üçün penjama, 120 manat dəyərində 4 ədəd cins şalvar, 600 manat dəyərində 20 ədəd qış koftası, 100 manat dəyərində 2 ədəd don, 60 manat dəyərində otuz ədəd corab, 400 manat dəyərində 15 ədəd yay koftası, 300 manat dəyərində 10 ədəd qış üçün dəst geyim, 100 manat dəyərində 2 ədəd kurtka, 20 manat dəyərində 1 ədəd jilet, 100 manat dəyərində alt geyimləri olmaqla, cəmi 2000 manat məbləğində əşyalardan ibarət olmuşdur. Ona görə də tələb etdiyi əmlakların və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, 03 oktyabr 2024-cü il tarixdə İddiaçı ilə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İddiaçı gəlin köçərkən cehiz əşyalarını da yaşadıqları Arasbar kəndində yerləşən evə gətirmişdir. Toy ərəfəsində Elnarəyə təxminən 1300 manat dəyərində qızıl-zinət əşyaları alınmışdır. Toyda yaranmış borcu ödəmək üçün Elnarə ilə olan razılığa əsasən qızılları satıb borclarını vermişlər. Qalan əşyalarını Elnarə aparmışdır. Elnarə gəlin gəldikdən 10- 15 gün sonra tez-tez onlarla mübahisə yaratmış, xx.xx.2025-ci il tarixdə çıxıb atası evinə qayıtmışdır. Onlar imkanlı ailəyə mənsub deyildir. İddiaçının onlarda heç bir əmlakı qalmamışdır. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddia ərizəsində göstərilən və tələb olunan əmlakların cavabdehdə qalmasını İddiaçı sübuta yetirə bilmədi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin məhkəmədə sübut etmə yükünü daşıyan İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni iddia ərizəsində göstərilən əmlakların iddiaçıya məxsus olmasını və həmin əmlakların cavabdehdə qalmasını sübut edə bilmədi. Məhkəmə iddiaçıya həmin əmlakların olmasını və həmin əmlakların cavabdehdə qalmasını sübut etmək üçün şahid və digər sübut və dəlillər gətirməsini təklif etsə də, iddiaçı məhkəməyə yalnız iddia ərizəsini yazdığını bildirərək həmin əmlakları tələb etməsini bildirdi. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən təqdim edilir və bununla əlaqədar, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsi). Yuxarıda qeyd olunan qanunun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməsi barədə nəticəyə gəlmək üçün əsas verən lazımi sübutlarla təmin olunmamışdır. Bununla əlaqədar, iddiaçının göstərdiyi hallar cavabdeh tərəfindən etiraf olunmamış, əksinə inkar edilmişdir və digər sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Məhkəmə qanunvericilik aktlarının qeyd edilmiş müddəalarına, eləcə də işin hallarına əsaslanaraq bu nəticəyə gəlir ki, iddia tələbi sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübut etmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası qanuni və əsaslı olmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-2172/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2172/2025
04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver