Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-519/2025 10.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”-nə dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 901.82 manat zərər məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdı ki, xx.xx.2020-ci il tarixdə, saat 13:40 radələrində Bakı şəhəri, Moskva prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Saipa” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil, X2 idarə etdiyi “Fiat Doblo” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Fiat Doblo” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixində sığortalanmış, tam sığorta təminatı almışdır. xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində “Fiat Doblo” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1001.82 manat məbləğində maddi zərər dəymişdir. xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən, zərər məbləğindən 100 manat azadolma məbləği çıxmaqla 901.82 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür. “Saipa” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığından, "xxxx" ASC-nin qeyd edilən nəqliyyat vasitəsini sığortalamış sığortaçı "xxxx" ASC-yə qarşı subroqasiya hüququ yaranmış, buna görə də xx.xx.2020-ci il tarixli ödəniş sənədinə əsasən, 901.82 manat iddiaçı tərəfindən "xxxx" ASC-nin bank hesabına ödənilmişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Yaqubov X4 Xətalar Məcəlləsinin, 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Göstərilənlərə əsasən iddiaçı "xxxx" ASC tərəfindən 901.82 manat məbləğində vurulmuş zərər və 30.00 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 931.82 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Saipa” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli zərə dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Fiat Doblo” markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1001.82 manat zərər dəymişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüfatları barədə” Bakı şəhər DYP tərəfindən tərtib edilmiş arayışdan görünür ki, 2020.07.03-cü il tarixdə saat 13:40 radələrində Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. “Saipa” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil “Fiat Doblo” markalı, **- JU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. X3 mülkiyyətində olan “Saipa” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsində etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə təqsirli bilinmişdir. İş materiallarında olan PXA********** saylı Sığorta Aktından görünür ki, 2020-ci il iyul 3-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “Saipa” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə X2 idarə etdiyi “Fiat Doblo” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, “Fiat Doblo” markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1001.82 manat zərər dəymişdir. İş materiallarında olan, xx.xx.2020-ci il tarixinli 3827 nömrəli Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 901.82 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli məktub surətindən görünür ki, cavabdehə ödənilmiş 901.82 manat sığorta ödənişinin "xxxx" ASC-yə ödənilməsinin zəruriliyi, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən dövlət nəfinə 30.00 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, iddiaçı sığorta ödənişini cavabdeh tərəfindən avtomobili “müvafiq etibarnamə olmadan” idarə etdiyi üçün “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsinə əsasən tələb edir. Məhkəmə hesab edir ki, mübahisənin düzgün hüquqi həlli baxımından İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş “nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi” və “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsində nəzərdə tutulmuş “hüququ olmayan şəxs” ifadələrin mahiyyətinin (həmin ifadələrin tətbiqinin hansı məqsəd daşıdığını) aydınlaşdırılması zəruridir. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsini inzibati xəta olaraq müəyyən etmişdir. Müddəada nəzərdə tutulmuş “nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi” ifadəsini aydınlaşdırmaq üçün inzibati xətalar barədə qanunverciliyin vəzifələrinə diqqət yetirmək vacibdir. İnzibati Xətalar Məcəlləsinin 2ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati xətalar qanunvericiliyində göstərilən vəzifələrdən irəli gələrək Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş istisna ilə avtomobilin etibarnamə olmadan idarə edilməsinin inzibati xəta kimi müəyyən edilməsində əsas məqsəd avtomobil sahiblərinin (mülkiyyətçilərinin) hüquqlarının qorunması, baş vermiş konkret xətanın törədilməsində təqsirin müəyyən edilməsi, xətanı törədən şəxsin şəxsiyyətinin dəqiq müəyyən edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsindən ibarətdir. Bu müddəa ilə tənzimlənən münasibətlər inzibati xətanın əsas iştirakçıları ilə (inzibati xətanı törədən şəxs və zərərçəkmiş şəxs) konkret səlahiyyətli dövlət orqanları arasında olan ictimai münasibətləridir. İnzibati xətanın törədildiyi halda fiziki və hüquqi şəxslər inzibati hüquq münasibətlərinin əsas iştiakçılarına çevrilirlər. İcbari sığorta münasibətləri isə mülki hüquqi münasibətlərdir. Bu münasibətlərin yaranması üçün tərəflər arasında icbari sığorta müqaviləsinin bağlanması isə mütləqdir. Göründüyü kimi, İXMnin 332.1-ci maddəsi ilə tənzimlənən ictimai münasibətlərin icbari sığorta müqaviləsi ilə tənzimlənən mülki hüquqi münasibətlərə heç bir adiyyəti və icbari sığorta münasibətlərinin subyektlərinin hüquq və mənafələrinin qorunması ilə bağlılığı yoxdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası Qanunun 25.1.3-cü maddəsində isə qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilən müddəada subroqasiya hüququnun yaranmasının yeganə dispozitiv şərti sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə “hüququ olmayan şəxs” tərəfindən istismar edilməsini nəzərdə tutur və bu norma 2 növ hüquqi tənzimləmə vasitəsilə bilavasitə sığortaçının mənafelərinin qorunmasına xidmət edir. Bu hüquqi tənzimləmənin biri sığorta şəhadətnaməsində göstərilən əmlakın idarə edilməsi, digəri isə əmlakdan istifadə və onun işlədilməsi, habelə digər qaydada istismar edilməsi ilə əlaqədardır. Hazırkı mübahisə üzrə sığorta predmeti olan əmlaka, yəni nəqliyyat vasitəsinə gəldikdə, göstərilən müddəada “hüququ olmayan şəxs” ifadəsi, sığortaçının mənafeyi baxımından, avtomobili idarə etmək hüququnun olmamasını nəzərdə tutur. Nəqliyyat vasitəsini idarə etmək hüququ şəxsin nəzəri və təcrübi biliklərə yiyələndikdən sonra ona sürücülük vəsiqəsi verilməklə yaranır. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin isə yol-nəqliyyat hadisəsi törətməsi (sığorta müqaviləsinin tərəfi olaraq sığorta hadisəsi törtəməsi) riski daha yüksəkdir. Bu mənada, həmin müddəa sığortaçının mənafeyini qoruyaraq, yol-nəqliyyat hadisəsi nəticəsində baş verən sığorta hadisələrinə görə ödənilmiş sığorta ödənişlərinin sonradan geri tələb etmək hüququnun təminatı kimi nəzərdə tutulmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulan digər hüquqi tənzimləmə isə, ümumilikdə əmlakdan istifadə etməni ehtiva edir. Çünki əmlakın istər işlədilməsi, istəsə də digər qaydada istismar edilməsi istifadədən doğan hərəkətlərdir. Əmlakdan istifadənin əsasları isə Mülki Məcəllənin 152.3-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəaya əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Avtomobildən bu şəkildə istifadə həm icarə müqaviləsi, həm də əvəzsiz istifadə müqaviləsi əsasında həyata keçirilə bilər. Mülki Məcəllədə əvəzsiz istifadə müqaviləsinin mütləq yazılı formada bağlanması qaydası isə nəzərdə tutulmamışdur. Bu mənada, mülkiyyətçisinin razılığının şifahi formada olması da əmlakın istifadə edilməsi üçün kifayət edir. Şərh edilənlər onu deməyə əsas verir ki, “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinin məqsədləri üçün “hüququ olmayan şəxs” ifadəsi əmlakın qanuni əsaslar olmadan istifadə edilməsini, onun işlədilməsini, habelə digər qaydada istismar edilməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, yuxarıda da şərh edildiyi kimi, amlaka dair kirayə müqaviləsinin və əvəzsiz istifadə müqaviləsinin bağlanması (mülkiyyətçinin razılığının olması) qanuni əsaslar hesab edilir. Mülkiyyətçinin razılığı isə onun iradə ifadəsi hesab edilir və belə iradənin (razılığın), xüsusilə əvəzsiz istifadə müqaviləsində, yazılı olması mütləq deyil. Konkret mübahisəyə gəldikdə isə, mülkiyyətçi tərəfindən (X1) avtomobilin istifadəsi ilə bağlı hər hansı etirazın irəli sürülməməsi (bununla bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir) onun razılığının olmasını ifadə edir ki, bu da avtomobilin qanuni əsasla istifadə edilməsi, işlədilməsi, yaxud istismar edilməsi barədə qənaətə gəlməyə əsas verir. “İcbari Sığortalar haqqında” Qanunun 13.4-cü maddəsində də göstərilir ki, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Məhkəmə avtomobilə dair etibarnamənin olmamasına dair iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, mülki hüquq münasibətləri baxımından etibarnamə əmlakı idarə etmək hüququnu deyil, təmsilçiliyi nəzərdə tutur. Mülki Məcəllənin 332.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. “Təmsil” sözünün mənası isə birinin müvəkkili olmaq, bir işdə onu əvəz etmək, onun adından danışmaq, yaxud birinin mənafeyini, fikrini, görüşünü və s. ifadə etmək deməkdir. Həmçinin, Mülki Məcəllənin 152.8-ci maddəsində də etibarnamənin mahiyyətinə daha dəqiq aydınlıq gətirilərək qeyd edilir ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Yol hərəkəti münasibətlərində isə avtomobilin idarə edilməsi ilə bağlı təmçsilçiliyin yaranması mümkün deyil. Çünki avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndinə yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi anlayışı yoxdur. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İXM-nin 332.1-ci maddəsində göstərilən əsaslarla etibarnamənin olmamasının inzibati xəta hesab edilməməsi “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsində göstərilən əmlakı idarə edən və onu istifadə edən şəxslər kimi qəbul edilməsinə əsas vermir, çünki əvvəldə də geniş şərh edildiyi kimi, inzibati qanunvericiliyin tənzimlədiyi ictimai münasibətlərlə mülki qanunverciliyin tənzimlədiyi ictimai münasibətlər bir-birindən fərqlənir. Qanunun 25.1.3-cü maddəsinin məqsədləri baxımından “hüquqi olmayan şəxs” yalnız sürücülük hüququ olmayan şəxsdir, həmçinin nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxsdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Dövlət X6 1.5-ci bəndində “sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququnun olduğu” barədə qeyd aparılmışdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, cavabdeh avtomobili etibarnamə olmadan idarə etmək səlahiyyətinə malik olduğundan onun təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə ödənilmiş sığorta ödənişi “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsinə müvafiq olaraq subroqasiya qaydasında cavabdehdən tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 30.00 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 284-1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”-nə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-519/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-519/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver