Məhkəmə qərarları › İş №e-2(018)-666/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-666/2025

18.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-666/2025 18.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «Borc tələbinə dair» iddia verərək, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 435.35 (dörd yüz otuz beş manat, otuz beş qəpik) manat pul vəsaitinin, dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30.40 manat məbləğində pulun, gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 41.72 manat həcmində hesablanmış faiz borcunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" MMC-nin (bundan sonra müvafiq olaraq – “Sedent”) proqram təminatında baş vermiş xəta səbəbilə Sedentin pul vəsaitləri qanunda nəzərdə tutulmuş əsas olmadan müvafiq şəxslərin (bundan sonra – “borclular”) bank kartlarına köçürülmüş və nəticə olaraq borclular əsassız olaraq varlanmışdırlar. İş materialarında olan "xxxx" MMC və "xxxx" ASC (bundan sonra müvafiq olaraq “Sessionar”) arasında bağlanmış xx.xx.2025 tarixli, 2 nömrəli, “Tələbin güzəşti haqqında (sessiya)” müqavilənin (bundan sonra “Müqavilə”) 1.1.-ci maddəsinə əsasən borclular tərəfindən əsassız olaraq əldə edilmiş pul vəsaitlərini borclulardan tələb etmək hüququ ötürülən tələb ilə əlaqəli olan bütün hüquqlarla birlikdə Sedent tərəfindən Sessionara güzəşt edilmişdir. Qeyd edək ki, borclular həmin Müqaviləyə Əlavə 1-də göstərilmiş, Azərbaycan Respublikasının kredit təşkilatları tərəfindən emissiya edilmiş kartların sahibləridir. İş materialarında olan “X1 Xidməti vasitəsilə edilən köçürmələrin reyestrindən Çıxarış”-dan da göründüyü üzrə **********142273 nömrəli bank kartının sahibi əsassız varlanaraq 435.35 AZN məbləğində pul vəsaiti əldə etmişdir. “Granat” pul köçürmələri sistemindən ("xxxx" MMC) əldə olunan məlumatlara əsasən **********142273 nömrəli kartın sahibi Cavabdehdir (cavabdeh) və müvafiq MAPS arayışına əsasən onun rəsmi qeydiyyat ünvanı Astara rayonu, Ərçivan qəsəbə ə/d, Ərçivan qəsəbəsidir. İş materialarında olan “KİVİ BANK” SC (“КИВИ Банк” АО) tərəfindən "xxxx" MMC-yə (“Банк «МБА- МОСКВА” OOO) göndərilən 11-2023-314754/1ПБ nömrəli, xx.xx.2023-cü il tarixli “İnformasiya məktubu”nda qeyd edilmişdir ki, “KİVİ BANK” SC xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək “Granat” pul köçürmələri xidmətinin işində problemlərin olduğu dövrdə əldə edilmiş reyestrə əsasən əməliyyatların dəqiqləşdirilməsi barədə "xxxx" MMC-nin müraciətinə cavab olaraq, QİWİ Cüzdanında olan müştərilərin pul vəsaitlərinin Azərbaycana köçürülməsi üzrə tapşırıqlar əsasında formalaşdırılmış, müştərilər tərəfindən əməliyyatın ləğv edilməsini təsdiq edən və buna görə də “Granat” pul köçürmələri xidməti tərəfindən “300” kodunun və əməliyyat səhvi haqqında “Texniki səbəblərə görə müvafiq əməliyyat həyata keçirilə bilmir. Ödənişi həyata keçirmək üçün sizə xidmət edən banka müraciət etməyinizi xahiş edirik” məzmununda mətnin yer aldığı məktubun göndərildiyi köçürmələr üzrə müvafiq reyestri (əlavə 1) təqdim edirik”. İş materialarında olan "xxxx" ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025 tarixli, 6-2-41/2-5114/2025 nömrəli bildirişdə qeyd edilmişdir ki, Cavabdeh 435.35 AZN məbləği həcmində əsassız pul vəsaiti əldə etmiş, müvafiq tələb "xxxx" ASC-yə güzəşt edilmiş, habelə əsassız varlanma nəticəsində əldə etdiyi pul vəsaitlərini 3 gün ərzində geri qaytarması borcludan xahiş edilmişdir. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiklərini "xxxx" müvafiq müddət ərzində ASC-yə qaytarmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30.00 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 2 saylı tələbin ötürülməsi (sessiya) müqaviləsindən görünür ki, "xxxx" MMC ilə "xxxx" ASC arasında müqavilə bağlanılmış və "xxxx" MMC proqaram təminatının nasazlığı səbəbindən ona məxsus əsassız olaraq alınmış və bank kartlarına köçürülmüş pul vəsaitinin tələb edilməsi hüququnu "xxxx" ASC-yə güzəşt etmiş, "xxxx" ASC isə əsassız olaraq alınmış və bank kartlarına köçürülmüş pul vəsaitinin borclulardan alınması tələbini qəbul etmişdir. Müqaviləyə əsasən sözügedən borclular müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı əlavə ilə müəyyənləşdirilir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 2 saylı tələbin ötürülməsi (sessiya) müqaviləsinə 1 saylı Əlavə olan borcluların reyestrindən görünür ki, **********142273 nömrəli Kapital banka məxsus bank kartına 13 mart 2023-cü il tarixdə QİWİ CARD vasitəsilə 435 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-nin (bundan sonra müvafiq olaraq– “İlkin Kreditor” və ya "xxxx" MMC) “Granat” proqram təminatında baş vermiş xəta səbəbi ilə əsassız varlanaraq 435.35 AZN məbləğində pul vəsaiti əldə etməyi barədə xəbərdar olunmuş və həmin vəsaiti qaytarması tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, "xxxx" MMC ilə "xxxx" ASC arasında müqavilə bağlanılmış və "xxxx" MMC proqaram təminatının nasazlığı səbəbindən ona məxsus əsassız olaraq alınmış və bank kartlarına köçürülmüş pul vəsaitinin tələb edilməsi hüququnu "xxxx" ASC-yə güzəşt etmiş, "xxxx" ASC isə əsassız olaraq alınmış və bank kartlarına köçürülmüş pul vəsaitinin borclulardan alınması tələbini qəbul etmişdir. **********142273 nömrəli Kapital banka məxsus bank kartına 13 mart 2023-cü il tarixdə QİWİ CARD vasitəsilə 435 manat məbləğində pul köçürülmüşdür ki, həmin bank kartı cavabdehə məxsus olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan 435.35 manat məbləğində pul vəsaiti əldə etmişdir. Həmçinin, cavabdeh tərəfindən həmin pul vəsaitinin geri qaytarılması barədə məhkəməyə sübut təqdim edilməmişdir.Göründüyü kimi cavabdeh hüquqi və ya müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçı pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə, həmçinin gecikdirilmiş vaxt üçün borc məbləğinə görə illik 5%-lə hesablanmış faiz borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq,məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 435.35 (dörd yüz otuz beş manat, otuz beş qəpik) manat pul vəsaiti, dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30.40 manat məbləğində pul, gecikdirilmiş borc məbləğinə görə illik 5% olmaqla 23 ay üçün 41.72 manat həcmində hesablanmış faiz borcu alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar