Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1059/2023 27.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı cavabdeh Balakən rayon Qeydiyyat Şöbəsinə qarşı atasının ölüm faktının müəyyən edilməsinə dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdim : İddiaçı nümayəndəsi vasitəsilə cavabdeh Balakən rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2017-ci ildə Balakən rayonu Şərif kəndində ürək çatışmazlığından vəfat etmiş atası X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının (burada «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər) imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli, 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Yenə də həmin Qərarın 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Həmin Qərarın 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Qanunvericiliyin tələbindən görünür ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə tərəfindən müəyyən edilməli olan hüquqi əhəmiyyəti olan faktdır və həmin faktın müəyyən edilməsi üçün ərizəçi iddia ərizəsi ilə deyil, ərizə ilə yaşadığı yerin məhkəməsinə müraciət etməli və həmin ərizədə qeydiyyat orqanı cavabdeh kimi deyil, maraqlı şəxs kimi göstərilməlidir. Belə ki, qanunun tələbinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə iddia ərizəsi ilə müraciət edilməklə iddia icraatı qaydasında baxıla bilməz. Bu hüquqa dair mübahisənin olmasını göstərir ki, belə halda tələb xüsusi icraat qaydasında baxılmır. Hazırki işdə də qanunvericiliyin tələbinə zidd olaraq özünü iddiaçı kimi göstərən İddiaçı mərhum atasının ölüm faktının müəyyən edilməsi üçün ərizə formasında deyil, iddia ərizəsi formasında məhkəməyə müraciət etmiş, həmçinin iddia ərizəsində Balakən rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi deyil, cavabdeh kimi göstərmiş, bu cavabdehə qarşı hansı tələbi irəli sürməsini, cavabdeh kimi qeyd etdiyi Balakən rayon Qeydiyyat Şöbəsinin iş yerinin ünvanını, telefon nömrəsini, o cümlədən mobil telefon nömrəsini və elektron poçt ünvanını göstərməmişdir. Eyni zamanda İddiaçı iddia ərizəsində mərhum atasının hansı müəyyən şəraitdə vəfat etməsi tələbini göstərməmişdir. Halbuki MPM-nin 307.2.8-ci maddəsində müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunmasından söhbət gedir. Qeyd olunanlar da hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddia ərizəsi ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olnanlara əsasən hesab edirəm ki, İddiaçı cavabdeh Balakən rayon Qeydiyyat Şöbəsinə qarşı atasının ölüm faktının müəyyən edilməsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra mərhum atasının ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı cavabdeh Balakən rayon Qeydiyyat Şöbəsinə qarşı atasının ölüm faktının müəyyən edilməsinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılsın; İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra mərhum atasının ölüm faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-1059/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1059/2023
27.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver