Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1185/2025 01.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Balakən rayonu Şambul Bələdiyyəsinin (VÖEN **********) rəhbəri Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Şambul Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 3420,19 manat sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri (sədri) Maraqlı şəxs1 barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsixxxxxxx, Seriya və nömrəsi – AA*******, 8 İyul 1959-cu il təvəllüdlü) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 13 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi ödəyicisi olan Balakən rayonu Şambul Bələdiyyəsi(VÖEN **********) sosial sığorta haqları üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun xx.xx.2025-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 2751,82 manat, İşsizlikdən Sığorta Fonduna 112,08 manat və İcbari Tibbi Sığorta Fonduna 556,29 manat olmaqla, ümumilikdə 3420,19 manat məbləğində borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli sosial sığorta haqları üzrə borcunun ödənilməsinə dair borc bildirişləri göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamlar verilmişdir. Lakin vergi ödəyicisinə borc məbləğlərinin ödənilməsi üçün borc bildirişləri verilməsinə və bank hesablarına sərəncamlar qoyulmasına baxmayaraq, yaranmış borc məbləğləri yenə də ödənilməmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq ərizəçi 13 saylı Ərazi Vergilər İdarəsi məhkəmə iclasına gəlməmişdir. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə göndərərək iş üzrə icraata (xüsusi işlər üzrə icraata) 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılaraq, ərizənin təmin edilərək qeyd olunan qurumun rəhbəri (sədri) Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, Balakən rayon Şambul Bələdiyyəsi 19 fevral 2025-ci il tarixdə ləğv edilmiş və Xalatala bələdiyyəsinə birləşdirilmişdir. Həmin tarixdən də o, Şambul bələdiyyəsinin sədri vəzifəsindən azad edilmişdir. Şambul bələdiyyəsi ləğv edilib Xalatala bələdiyyəsi ilə birləşdiyinə görə Şambul bələdiyyəsinin bütün borclarını Xalatala bələdiyyəsi öz üzərinə götürmüşdür.Bu barədə zəruri sənədləri məhkəməyə təqdim etmişdir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan Balakən rayon Xalatala Bələdiyyəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 30 sentyabr 2025-ci il tarixli 63 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu Şambul bələdiyyəsi 19 fevral 2025-ci il tarixdə ləğv edilib Xalatala bələdiyyəsinə birləşdirildiyinə görə həmin tarixdən Maraqlı şəxs1 Şambul bələdiyyəsi sədri vəzifəsindən azad edilmişdir. İşdə olan Balakən rayon Xalatala Bələdiyyəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 30 sentyabr 2025-ci il tarixli 62 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu Şambul bələdiyyəsi ləğv edilib Xalatala bələdiyyəsinə birləşdiyinə görə Şambul bələdiyyəsinin bütün borclarını Xalatala bələdiyyəsi öz öhdəsinə götürmüşdür. İşdə olan Balakən rayon Xalatala bələdiyyəsinin 19 fevral 2025-ci il tarixli iclasının 1 nömrəli protokolundan çıxarışdan görünür ki, X1 Balakən rayonunun Xalatala bələdiyyəsinin sədri seçilmişdir. İşdə olan Xalatala bələdiyyəsinin 11 mart 2025-ci il tarixli 03 saylı iclas protokolundan çıxarışda göstərilir: 1.Azərbaycan Respublikası Balakən rayonu Xalatala bələdiyyəsinin Nizamnaməsi təsdiq edilsin. 2.Nizamnamə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
3. Nizamnamə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Azərbaycan Respublikasının Qanununa Əlavə, Azərbaycan Respublikasında Bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə” 2024-cü il 18 oktyabr tarixli 51-VİİQD nömrəli Qanuna əsasən hazırlanmışdır və nizamnamə yeni redaksiyada qəbul edildiyi üçün Xalatala bələdiyyəsinin 13 noyabr 2019-cu il tarixli 17 nömrəli, Sarıbulaq bələdiyyəsinin 08 noyabr 2019-cu il tarixli 24 nömrəli, Qabaqçöl Bələdiyyəsinin12 noyabr 2019-cu il tarixli 07 nömrəli, Şambul bələdiyyəsinin 20 noyabr 2019-cu il tarixli 13 nömrəli qərarları ləğv edilsin. Qərarın icrasına nəzarət Xalatala bələdiyyəsinin sədrinə həvalə edilsin. İşdə olan 19 mart 2025-ci il tarixli bələdiyyələrin birləşiməsi ilə bağlı mülkiyyət, maliyyə və dligər məsələlələrin həlli üçün “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13 s nömrəli sərəncamının icrası ilə əlaqədar kreditor borcların təhvil –təslimi ilə bağlı Aktda göstərilmişdir ki, Biz aşağıda imza edənlər bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyəti, maliyyə və başqa məsələlərin həlli üçün yaradılmış komissiyanın üzvü və keçmiş Şambul bələdiyyəsinin sədri Maraqlı şəxs1 ,mühasib Rəisə Uruxova və yeni yaradılan Xalatala bələdiyyəsinin sədri Məhəmməd Dibirov bu aktı tərtib edirik ondan ötrü ki, aşağıda qeyd olunan keçmiş Şambul bələdiyyəsinin kreditor borcları 3959 manat yeni yaradılan Xalatala bələdiyyəsinə təhvil verildi. 1.Əmək haqqı-yoxdur. 2.Sosial sığorta borcu-2763 3.İşsizlik-114 manat, 4.Tibbi sığorta-557 manat, 5.Assosasiya-200 manat 6.Audit-300 manat 7.Elektrik enerjisi -25 manat;cəmi 3959 manat. Təhvil verdi: imza Maraqlı şəxs1; təhvil aldı: imza Dibirov Məhəmməd İşdə olan 19 mart 2025-ci il tarixli bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13 s nömrəli sərəncamının icrası ilə əlaqədar bank hesabında olan pul vəsaitinin qalığının təhvil-təslimi ilə bağlı aktda göstərilmişdir: “biz aşağıda imza edənlər bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət-maliyyə və başqa məsələlərin həlli üçün yaradılmış komissiyanın üzvü və keçmiş Şambul bələdiyyəsinin sədri Maraqlı şəxs1, mühasib Rəisə Uruxova və yeni yaradılan Xalatala bələdiyyəsinin sədri Məhəmməd Dibirov bu aktı tərtib edirik ondan ötrü ki, aşağıda qeyd olunmuş keçmiş Şambul bələdiyyəsinin bank hesabında pul vəsaitinin qalığı yoxdur. Sədr: imza Maraqlı şəxs1. Təhvil aldı:Sədr: imza Məhəmməd Dibirov.” İşdə olan 19 mart 2025-ci il tarixli bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13 s nömrəli sərəncamının icrası ilə əlaqədar debitor borcların təhvil-təslimi ilə bağlı aktda göstərilmişdir: “biz aşağıda imza edənlər bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət-maliyyə və başqa məsələlərin həlli üçün yaradılmış komissiyanın üzvü və keçmiş Şambul bələdiyyəsinin sədri Maraqlı şəxs1, mühasib Rəisə Uruxova və yeni yaradılan Xalatala bələdiyyəsinin sədri Məhəmməd Dibirov bu aktı tərtib edirik ondan ötrü ki, aşağıda qeyd olunmuş keçmiş Şambul bələdiyyəsinin debitor borcları 13491 manat yeni yaradılan Xalatala bələdiyyəsinə təhvil verildi. Təhvil aldı:Sədr imza Maraqlı şəxs1. Təhvil aldı:Sədr imza Məhəmməd Dibirov”. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizədə göstərilən dəlilləri iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Balakən rayon Şambul Bələdiyyəsi 19 fevral 2025-ci il tarixdə ləğv edilmiş və Xalatala bələdiyyəsinə birləşdirilmişdir. Həmin tarixdən də Maraqlı şəxs1 Şambul bələdiyyəsinin sədri vəzifəsindən azad edilmişdir. Şambul bələdiyyəsi ləğv edilib Xalatala bələdiyyəsi ilə birləşdiyinə görə Şambul bələdiyyəsinin bütün borclarını Xalatala bələdiyyəsi öz üzərinə götürmüşdür. Buna baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Şambul Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 3420,19 manat sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri (sədri) Maraqlı şəxs1 barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsixxxxxxx, Seriya və nömrəsi – AA*******, 8 İyul 1959-cu il təvəllüdlü) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub- olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası MPM-in 355-5-355-7-ci maddələrinə əsasən: 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir. 355-7.1. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. 355-7.3. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Mülki Məcəllənin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, Balakən rayon Şambul Bələdiyyəsinin 19 fevral 2025-ci il tarixdə ləğv edilərək Balakən rayon Xalatala bələdiyyəsinə birləşdirilməsini, həmin tarixdən də Maraqlı şəxs1 Şambul bələdiyyəsinin sədri vəzifəsindən azad edilməsini, Şambul bələdiyyəsinin bütün əmlakının,o cümlədən borclarının Xalatala bələdiyyəsinə keçməsini nəzərə alaraq hesab edir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Balakən rayonu Şambul Bələdiyyəsinin (VÖEN **********) rəhbəri Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 234, 355-5, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Balakən rayonu Şambul Bələdiyyəsinin (VÖEN **********) rəhbəri Maraqlı şəxs1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamə dərhal qanuni qüvvəyə minir və qətnamədən şikayət verilməsi onun icrasını dayandırmır. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən H.Q.Səlimov