Məhkəmə qərarları › İş №e-2(019)-124/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-124/2025

19.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-124/2025 19.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 800 (səkkiz yüz) manat borc pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Tülü kənd sakini Cavabdeh 800(səkkiz yüz) manat borc pulun və iddianın verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30(otuz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 01 may 2023-cü il tarixdə keçmiş kürəkəni Balakən rayonunun Tülü kənd sakini Cavabdeh 1660 ( bir min altı yüz altmış) manat borc pul vermişdir. O borcu 3 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq uzun müddətdir ki, Cavabdeh ona borclu olduğu puldan yalnız 860 manatı qaytarmışdır. O ödədiyi pulu da hissə-hissə az bir məbləğlərdə ona ödəmişdir. 2024-cü ilin iyun ayından sonra isə cavabdeh ona geri qalan borcundan heç bir ödəniş etməmişdir. Buna görə də pul tələbi ilə bağlı Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki, o, Cavabdeh ona borclu olması barədə Balakən Rayon polis Şöbəsinə də müraciət etmiş, lakin Fariz yenə də borcunu verməmişdir.İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Balakən Rayon Polis Şöbəsinin 11 fevral 2025-ci il tarixli 3-13-66/2- 3380/2025 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı Cavabdeh ona pul borcu olması mövzusunda müraciəti Balakən Rayon Polis Şöbəsində araşdırılmamışdır. Lakin onun qızı X1 əri Cavabdeh kredit götürüb verdiyi,sonuncunun krediti ödəməməsi barədə etdiyi müraciəti RPŞ-nin İTB-də araşdırılmışdır. İşdə olan, İddiaçı qızı - X2 xx.xx.2024-cü ildə Balakən Rayon Polis Şöbəsinə verdiyi izahatında göstərilmişdir ki,”Cavabdeh mənim keçmiş həyat yoldaşımdır. Bundan bir əvvəl biz evli olan zaman Fariz mənə iş qurmaq istədiyini və bununla bağlı olaraq 1500 manat kredit lazım olduğunu bildirdi. Mən də onunla razılaşdım və kapital bankdan 1500 manat krediti öz adıma götürdüm və faizi ilə birlikdə həmin kredit 1660 manat təşkil edirdi. Fariz həmin kreditin 1000 manatını ödəmişdir,geri qalan 1660 manat pulu ödəməkdən boyun qaçırdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Cavabdeh İddiaçı keçmiş kürəkənidir. Cavabdeh iddiaçının qızı- X3 ilə birlikdə yaşadıqları dövrdə sonuncu öz adına kredit götürərək Cavabdeh vermişdir. Həmin kredit tam ödənməmişdir. İddiaçı kreditin ödənməmiş hissəsini özünün Cavabdeh borc verdiyini iddia edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. İddiaçı Cavabdeh 1660 manat pul verdiyini, sonuncunun borclu olduğu puldan 800 manat pulu ona qaytarmamasını göstərsə də bunları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə iş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh borc verməmiş, qızı- X2 Cavabdeh ilə birlikdə yaşadıqları dövrdə öz adına götürdüyü kreditin ödənməmiş hissəsini tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödənmiş dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra bu sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar