Məhkəmə qərarları › İş №e-2(019)-1306/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1306/2025

31.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1306/2025 31.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş ona və ailə üzvlərinə düşən hissəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestr nömrəsi **********22 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış Balakən rayonu Mahamalar kəndində yerləşən 0.6764 ha hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli Qərardadının 37-ci bəndinə əsasən hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş ona və ailə üzvlərinə düşən hissəsinin naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmiş, lakin torpaq sahəsinin paylı mülkiyyətdə olmasına dair təsdiqedici sənədləri ərizəyə əlavə etməmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, torpaq sahəsi mülkiyyətçilərin ümumi birgə mülkiyyətindədir. Bundan başqa İddiaçı torpaq sahəsindən müəyyən olunmuş ailə üzvlərinə düşən hissəsinin naturada ayrılması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, mülkiyyətçi olan ailə üzvləri özləri həmin tələblə müraciət etməlidirlər. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 151-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən müəyyən olunmuş ona və ailə üzvlərinə düşən hissəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən (xx.xx.2025-ci il tarix, ********** nömrəli qəbzlə) ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. İddiaçı ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar