Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1383/2025 12.01.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 2000 (iki min) manat pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Balakən şəhər sakini Cavabdeh ona borclu olduğu 2000 (iki mün ) manat və dövlət rüsumu olaraq ödədiyi 40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Balakən şəhərində yaşayır. Müəllimə işləyir. 2015-ci ilin mart ayında Balakən şəhər sakini olan, yaxın qohumu Tinayeva Cənnət Şəhmir qızı bankdan kredit götürmək istədiyini bildirməklə ondan ona zamin durmasınıı xahiş etmişdir. Cənnət həyat yoldaşının xalası olduğundan ona kredit götürülərkən zamin durmağa razılaşmışdır. Kredit götürülməzdən əvvəl Cənnət Tinayeva və onun həyat yoldaşı olan Cavabdeh kredit borcunu vaxtlı vaxtında ödəyəcəklərini bildirmişdirlər. 17 mart 2015-ci il tarixdə “FİNCA Azerbaican” X4-Bank Kredit təşkilatı ilə bağlanmış **********1341 saylı kredit müqaviləsinə əsasən Tinayeva Cənnət Şəhmir qızı oradan 3500 manat kreditə pul götürmüşdür.O kredit götürərkən o,da zamin kimi həmin müqaviləni imzalamışdır. Qeyd etmək istəyir ki, Cənnət Tinayeva 7 ay kredit borcunu ödəmişdir. 14 mart 2016-cı il tarixdə o vəfat etmişdir. Bundan sonra da kredit borcu ödənilməmişdir. 13 may 2016-cı il tarixdə həmin kredit müqaviləsi yenilənmiş və Cənnət Tinayevanın vərəsəsi olan Cavabdeh ilə yenidən **********1191 sayla kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə tərtib edilərkən də onun adı zamin kimi qalmışdır. Cavabdeh bir müddət bu kredit borcunu az miqdarda ödəmiş, sonralar isə ödəməmişdir. Cavabdeh kredit borcunu ödəmədiyindən “ FİNCA Azerbaican” MMQBKT tərəfindən onlara dəfələrlə xəbərdarlıq edilərək kredit borcunun ödənilməsi tələb edilmiş və əks təqdirdə onları Məhkəməyə verəcəkləri bildirilmişdir. Lakin buna baxmayaraq cavabdeh kredit borcunu ödəməmişdir. Bundan başqa kredit müqaviləsi üzrə zamin olduğundan və kredit ödənilmədiyindən o, özü heç bir bankdan kredit ala bilməmişdir. Buna görə 03 oktyabr 2025-ci il tarixdə “FİNCA Azerbaican” MMQBKT-nın hesabına 2000 manat kredit borcunu ödəmiş və bununla da həmin kredit borcu tam ödənilmiş hesab edilmişdir. O, qeyd etdiyi məbləği Cavabdeh əvəzinə ödədikdən sonra ondan dəfələrlə xahiş etsə də cavabdeh ona borclu olduğu pulu qaytarmır. Əlavə olaraq bildirir ki, götürülmüş kredit pulundan o, istifadə etməmişdir. Cavabdeh ona borclu oldugu pulu qaytarmadığından Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, mərhum həyat yoldaşı X1 xx.xx.2015-ci ildə 2836 AZN məbləğində “Finca” kredit təşkilatından kredit almışdır. Krediti rəsmiləşdirən zaman zamin olaraq qohumu İddiaçı olmuşdur. Mərhum həyat yoldaşı vəfat etdiyi tarixədək xx.xx.2016-cı ilə kimi aylıq ödənişləri ödəmişdir. Lakin vəfat etdikdən sonra ödənişlər ödənilməmişdir. Kredit təşkilatı tərəfindən borcun ödənilməsi üçün zamin İddiaçı ödənişləri etməsi bildirilmişdir.Zamin tərəfindən geri qalan ödənişlərin onun ödəməli olduğunu bildirmişdir. Onun maddi durumu yaxşı olmaması və hüquqi cəhətdən borcun ona aid olmaması səbəbindən ödəniş etməyəcəyini bildirmişdir. İddiaçıla bu səbəbdən aralarında narazılıq yaranmışdır. O tarixdən sonra bir neçə dəfə 10 AZN ödəniş etmişdir. İmkanı olduğu qədər ödənib. Halhazırda iddiacı İddiaçı ona qarşı 2000 AZN borc məbləği ilə bağlı iddia qaldırmışdır. İddia ərizəsində bildirdiyi kimi iddiaçı yenidən öz adına kredit götürmək üçün müraciət etdikdə MKR tərəfindən kredit ala bilməyəcəyi bildirilmişdir. Bu səbəbdəndə iddiaçı 2000 AZN qalıq məbləği ödəyib borcu bağlamışdır. Borc Kredit müqaviləsinin bağlandığı müddətin üzərindən təqribi 10 il keçdiyini, onun maddi durumunun pis olması və 70 yaşdan yuxarı ahıl olmağını nəzərə almaq iddianın təmin edilməməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, “Finca Azerbaican” X4-Bank Kredit Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 2025/999/18113 nömrəli arayışda göstərilmişdir “ verilir X2 və zamini Günay Sərvər Aslanova ondan ötrü ki, onun “Finca Azerbaican” X4-Bank Kredit Təşkilatı qarşısında aşagıda göstərilən kredit müqaviləsi üzrə öhdəliyi yoxdur. Verilmə tarixi:xx.xx.2016;bitmə tarixi: xx.xx.2025; məbləğ:2705, valyuta: AZN; Borcun xitam forması.Qismən güzəştlə ödəniş. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş,Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 mart 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 783047 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Tinayeva Cənnət Şəhmir qızı 14 mart 2016-cı ildə ölmüşdür. Məhkəmə iddiaçının və cavabdehin izahatlarının dinləyib,iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh arvadı Tinayeva Cənnət Şəhmir qızı 2015-ci ilin mart ayında İddiaçı pul lazım olduğunu bildirərək , kredit götürməsi üçün ona zamin durmasını xahiş etmişdir. Cənnət Tinayeva iddiaçının qohumu olduğundan, yəni onun həyat yoldaşının xalası olduğuna görə onunla birlikdə “Finca Azerbaican” X4-Bank Kredit Təşkilatı getmiş, Cənnət Tinayeva 17 mart 2015-ci il tarixli Kredit müqaviləsi bağlayaraq 3500 manat məbləğində kredit götürmüş, iddiaçı həmin vaxt “Finca Azerbaican” X4-Bank Kredit Təşkilatı ilə zaminlik müqaviləsi bağlayaraq Tinayeva Cənnət Şəhmir qızının kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. X3 qızı kredit borcunun 7 ay ödəmiş,14 mart 2016-cı il tarixdə ölmüşdür. 13 may 2016-ci il tarixdə həmin kredit müqaviləsi yenilənmiş və Cənnət Tinayevanın vərəsəsi olan Cavabdeh ilə yenidən kredit müqaviləsi bağlanmış, müqavilə tərtib edilərkən iddiaçının adı zamin kimi qalmışdır. Cavabdeh 03 oktyabr 2025-ci il tarixə 2000 manat kredit borcu olmuşdur. Həmin kredit borcuna görə ona digər bank və kredit təşkilatları tərəfindən kredit verilmədiyindən İddiaçı 03 oktyabr 2025-ci il tarixdə 2000 manat kredit borcunu tam ödəmişdir.Bundan sonra o cavabdehdən həmin məbləğin qaytarılmasını tələb etmiş, lakin cavabdeh pulu qaytarmamışdır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı işin materiallarından göründüyü kimi Cavabdeh ilə “Finca Azerbaican” X4- Bank Kredit Təşkilatı arasında 13 may 2016-ci il tarixdə kredit müqaviləsi bağlanmış, İddiaçı onun zamini olmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, krediut borcunu ödəməmişdir. Kredit borcu ödənmədiyindən. zamin İddiaçı digər bank və kredit təşkilatları tərəfindən kredit verilməmişdir. O, özü üçün kredit götürməkdən ötrü məcbur qalaraq Cavabdeh 03 oktyabr 2025-ci il tarixə olan 2000 manat kredit borcunu 03 oktyabr 2025-ci il tarixdə tam ödəmişdir. İddiaçı kredit borcunu tam ödədiyi vaxtdan kreditorun həmin kredit tələbini tələb etmək hüququ ona keçmişdir. Bundan sonra o cavabdehdən həmin məbləğin qaytarılmasını tələb etsə də cavabdeh pulu qaytarmamışdır. Məhkəmə işin qeyd edilən hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İddia tələbi təmin edildiyindən ödənilmiş 40 manat dövlət rüsumu xərci cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğimndə pul və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu xərci alınıb İddiaçı xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və 40 (qırx) manat ödənilmiş dövlət rüsumu xərci alınıb İddiaçı xeyrinə ödənsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1383/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1383/2025
12.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver