Məhkəmə qərarları › İş №e-2(019)-213/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-213/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-213/2023 01.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 06 nömrə ilə bağlanmış nikah qeydinin pozulması, cavabdehlə birgə nikahlarından 22 dekabr 2014-cü il tarixdə anadan olmuş X3, 06 dekabr 2016-cı tarixdə anadan olmuş X2 və 08 mart 2019-cu il tarixdə anadan olmuş X4 onun yanında saxlanmasını müəyyən etməklə, həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat – cəmi 600 manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək Cavabdeh ilə aralarında olan xx.xx.2014-cü il tarixli nikahın pozulması və birgə nikahlarından olan azyaşlı uşaqları-Zəhra, Zeynəb və Şamilin yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat-cəmi 300 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 2014-cü ilin fevral ayının 6-da el adəti ilə evlənmişdir. Nikahlarını xx.xx.2014-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 06 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 22 dekabr 2014-cü il tarixdə qızı -X6, 06 dekabr 2016-cı tarixdə qızı- X5 və 08 mart 2019-cu il tarixdə oğlu- X8 doğulmuşlar. Evləndikləri ilk vaxtlarda Cavabdeh ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Daha sonra aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermiş, münasibətləri pisləşmişdir. Cavabdeh spirtli içki içərək onu dəfələrlə döymüşdür. Cavabdehlə hal-hazırda ailə münasibətləri formal xarakter daşıyır. Cavabdehlə aralarında olan nikahın pozulmasını və birgə nikahlarından olan uşaqların baxılması üçün aliment təyin edilməsini xahiş edir. Bu onun qəti fikridir. Uzun müddətdir ki, ayrı yaşamalarına baxmayaraq cavabdeh uşaqların dolanışığı ilə maraqlanmamışdır. Uşaqların gündəlik tələbatı kifayət qədər xərc tələb edir. Onun hər hansı rəsmi iş yeri və gəliri yoxdur. Uşaqların baxılmasında anası və yaxın qohumları köməklik edirlər. Nikahın pozulması, aliment, uşaqların himayəsi və digər tələblərlə bağlı mediatora müraciət etmiş, Mediasiya prosesində Cavabdeh ilə barışıq sazişi imzalayaraq uşaqların himayəsinin ona verilməsinə, aralarında olan nikahın pozulmasına, uşaqların ata ilə ünsiyyətinə razılaşmışlar. Lakin cavabdeh alimentin verilməsinə razılaşmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh traktor sürməklə kifayət qədər qazanc əldə edir. Birgə nikahlarından olan uşaqların baxılması üçün aylıq 300 manat aliment ödəmək iqtidarındadır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, o, 2014-cü ilin fevral ayında qeyri-rəsmi nikahla İddiaçı ilə evlənmiş, nikahlarını xx.xx.2014cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 06 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 2014-cü ildə Zəhra, 2016-cı ildə Zeynəb və 2019-cu ildə Şamil adında üç uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar ayrılmışlar, ayrılarkən uşaqların hər üçü iddiaçının yanında qalmışlar. O,nikahın pozulmasına,uşaqların analarının yanında qalmalarına razıdır,lakin onun aliment vermək imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 22 iyul 2014-cü tarixdə verilmiş AZ-İ seriyalı 902674 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında 22 iyul 2014-cü il tarixdə 06 nömrə ilə nikah bağlanmışdır.Nikah bağlanandan sonra arvada Mirnayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı 399245 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 dekabr 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh , anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 16 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 826315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06 dekabr 2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh , anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 05 aprel 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 243214 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 mart 2019-cu il tarixdə anadan olmuş, atası Cavabdeh , anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşiklatı tərəfindən verilmiş 0xx.xx.2022-ci il tarixli MŞŞ/Ş1-01897 nömrəli Mediasiya Sessiyasına xitam verilməsi haqqında protokoldan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci İddiaçı tərəfindən təktərəfli ödənmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşiklatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli barışıq sazisindən görünür ki, İddiaçı ilə Cavabdeh qismən barışıq sazişi bağlayaraq Mediasiya sessiyası zamanı nikahın pozulmasına razılaşmışlar. Uşaqların anasına verilməsinə ata razılaşmışdır. Cehiz, qızılzinət əşyaları tələbinə razılaşmışlar.Ata ilə ünsiyyətə hər həftənin şənbə günü saat 9:00dan 21-00dək razılaşmışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 06 fevral 2014-cü il tarixdə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 22 iyul 2014-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 06 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 22 dekabr 2014-cü il tarixdə X6, 06 dekabr 2016-cı il tarixdə X5 və 08 mart 2019-cu il tarixdə isə X8 adında üç uşaqları olmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. Aralarında baş vermiş narazılıqlara görə tərəflər ayrı yaşayırlar. Cavabdeh nikahın pozulmasına, uşaqların anasının yanında qalmalarına razıdır, bu barədə onlar mediasiya prosesində barışıq sazişi bağlamışlar. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, tərəflər arasında uşaqların saxlanması ilə bağlı saziş yoxdur. Cavabdeh uşaqlarının saxlanması üçün iddiaçıya maddi yardım göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə tərəflərin razılığını, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyünun məhkəmə tərəfindən müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə azyaşlı uşaqlarının anası İddiaçı yanında qalmaları barədə tərəflərin barışıq sazişi bağlamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentə aid hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2014-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikah pozulmalı, ərizənin verildiyi vaxdan-05 dekabr 2022-ci il tarixdən başlayaraq 22 dekabr 2014-cü il tarixdə anadan olmuş X3, 06 dekabr 2016-cı il tarixdə anadan olmuş X2 və 08 mart 2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumu olaraq ödədiyi 50 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 20 (iyirmi) manat dövlət rüsumu alınmalı, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilməlidir. Tərəflərə izah olunmalıdır ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2014-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikah pozulsun. 05 dekabr 2022-ci il tarixdən başlayaraq 22 dekabr 2014-cü il tarixdə anadan olmuş X3, 06 dekabr 2016-cı il tarixdə anadan olmuş X2 və 08 mart 2019-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı qızına verilsin. İddiaçı dövlət rüsumu olaraq ödədiyi 50 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı verilsin. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 20 (iyirmi) manat dövlət rüsumu alınsın, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilsin. Qətnamə alimentə aid hissədə dərhal icra edilsin. Tərəflərə izah olunur ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar