Məhkəmə qərarları › İş №e-2(019)-22/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-22/2025

17.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-22/2025 17.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı ziyan tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 0.94 ha torpaq sahəsi üçün ödədiyi 1000 ABŞ dolları pulun, X7 tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 50000 ABŞ dolları pulun onun vərəsələri olan cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia ərizəsinə əlavə verərək 0.94 ha torpaq sahəsi üçün ödədiyi 1000 ABŞ dolları pulun, X7 tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 50000 ABŞ dolları pulun, 4 il müddətində torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 2200 manat pulun, hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmək üçün ödədiyi 352 manat pulun və vəkilə ödədiyi 100 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia ərizəsinə əlavə verərək 0.94 ha torpaq sahəsi üçün ödədiyi 1000 ABŞ dolları pulun indeksasiya dəyəri olan 2849,53 manat pulun, X7 tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 50000 ABŞ dolları pulun, 4 il müddətində torpaq sahəsinin yaxşılaşdırılması üçün çəkdiyi 2200 manat pulun, hazırkı iddia ərizəsini məhkəməyə təqdim etmək üçün ödədiyi 352 manat pulun və vəkilə ödədiyi 100 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və onun ailə üzvlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 956 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Cavabdehlər və X8 çöl sahəsində yerləşən onlara verilmiş 0.94 ha torpaq sahəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacları olduğuna görə satmaq istədiklərini bildirmişlər. 2003-cü ildə X8 ilə 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı razılığa gələrək onunla ilkin alqı-satqı müqaviləsi bağlamışlar. Həmin vaxt o, onlara 1000 ABŞ dolları pul vermişdir. Bunun əvəzində isə onlar 0.94 ha torpaq sahəsini onun sahibliyinə vermişlər. Həmin vaxt onlar razılaşmışlar ki, gələcəkdə 0.94 ha torpaq sahəsinin alqı-satqı müqaviləsini notarial qaydada rəsmiləşdirsinlər. Təxminən üç il torpaq sahəsini istifadə etdikdən sonra cavabdehləri və Məhəmməd Kövrüyevi həmin torpaq sahəsinin notarial qaydada alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün notariat kontoruna dəvət etmiş, lakin onlar notariat kontoruna getməkdən imtina etmişlər. Belə olan halda onları 21 avqust 2006-cı il tarixdə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsinə dəvət etmişdir. 21 avqust 2006-cı il tarixdə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsində iltizam tərtib edilmiş, həmin iltizama əsasən Balakən rayonu Gərəkli kənd sakini X8 özünə və ailə üzvlərinə 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə 956 nömrəli Dövlət Aktına əsasən “Tğoy” çöl sahəsindən verilmiş 0.94 ha pay torpaq sahəsini ailəsinin razılığı əsasında Bakı şəhəri Lökbatan qəsəbəsində yaşayan İddiaçı 1000 ABŞ dollarına satmış, gələcəkdə peşman olaraq 0.94 ha pay torpağını geri tələb edərsə, əvəzində İddiaçı 50000 (əlli min) ABŞ dolları qaytarmağa söz vermişdir. Həmin iltizam notarial qaydada təsdiq edilmiş və reyestrdə qeydə alınaraq dövlət rüsumu tutulmuşdur. Eyni zamanda həmin tarixdə Məhəmməd Kövrüyev tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Q.Ş.Məmmədova ünvanlanmış, Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh4, X11 və Cavabdeh3 Rəşid oğlu tərəfindən imzalanması göstərilən ərizədən görünür ki, onun ailə üzvləri ilə birlikdə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli 08 №-li qərarı ilə 0.94 ha torpaq sahəsinin ailə üzvlərinin razılığı ilə satmaq qərarına gəlməsi, satmaq istədikləri torpaq sahəsinin girov qoyulmaması və onunla bağlı məhkəmə mübahisəsinin olmaması göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 №-li qərarına müvafiq olaraq satmaq istədikləri 0.94 ha torpaq sahəsi barədə arayış verilməsi xahiş olunması barədə arayış tərtib edilmişdir. X8 02 mart 2007-ci ildə ölmüşdür. Onun ölümündən sonra notariat kontorunda vərəsəlik işinin açılması və alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi ilə bağlı dəfələrlə cavabdehlərə müraciət etsə də, onlar bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Bundan sonra o, həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışdır. O,dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, 2022-ci ildə onlar notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. Bu səbəbdən cavabdehlərlə aralarında mübahisə yaranmışdır. Bundan sonra İddiaçı cavabdehlər Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X9 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərar ilə 956 nömrəli dövlət aktına əsasən Cavabdeh1 Alihacı qızına, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X9, Cavabdeh3 məxsus, İddiaçı istifadəsində olan Balakən Rayonu Gərəkli kəndində Tğoy çöl sahəsində yerləşən 0.94 ha pay torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli e-2(019)-154/2023 nömrəli qətnaməsi ilə iddiası təmin olunmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(019)-514/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli e-2(019)-154/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə 21 avqust 2006-cı ildə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsində notarial qaydada akt tərtib edərək Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X9 və Cavabdeh3 məxsus olan 0.94 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini 1000 ABŞ dollarına X7 tərəfindən ona satıldığına, hazırda Məhəmməd Kövriyev öldüyünə, cavabdehlər onun vərəsələri olduğuna, mübahisələndirilən əmlakın ümumbirgə mülkiyyətdə olduğuna, tərəflərin əgər alqı-satqının gələcəkdə baş tutmaması nəticəsində 50000 ABŞ dolları İddiaçı qaytarmağı öhdəsinə götürdüyünə, alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarlı hesab olunmadığına, hazırda torpaq sahəsini cavabdehlərin geri qaytarmaq üçün iddia etdiklərinə görə hesab edir ki, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olduğundan cavabdehlər 0.94 ha torpaq sahəsi üçün ödədiyi 1000 ABŞ dollarını ona ödəməlidirlər. Eyni zamanda X7 tərəfindən üzərinə götürdüyü öhdəliyi icra etmədiyinə görə 50000 ABŞ dolları onun vərəsələri olan cavabdehlərdən alınıb ona ödənilməlidir. O, həmçinin göstərmişdir ki, torpaq sahəsini 2006-cı ildə aldıqdan sonra yaxşılaşdırma işləri aparmışdır. Belə ki, 0,94 hektar torpaq sahəsinin əkinə yaralı vəziyyətə gətirilməsi üçün 2006-cı ildən 2023-cü ilədək hər il hər hektara 10 traktor qoşqusu olmaqla üzvü gübrə(peyin) vermişdir. Torpağa verilmiş bir traktor qoşqusunun qiyməti orta hesabla 30 manat, qoşquya doldurulması üçün 10 manat, səpilməsi üçün 15 manat olmaqla hər qoşquya orta hesabla 55 manat vəsait xərcləmişdir. Bir ildə torpaq sahəsinə 550 manat xərc cəkmişdir. Beləliklə 2006-cı ildən 2023-cü ilədək 17 il ərzində torpaq sahəsinin yaxşılaşdırılmasına 9350 manat xərc çəkmişdir. Lakin verilmiş gübrənin (peyinin) torpaq sahəsini yalnız 3-4 il müddətə münbitləşdirməsini nəzərə alaraq 4 ilə görə bu xərcin 2200 manatını tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi- vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-514/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(019)-154/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamənin məzmunundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh4, Cavabdeh2, X4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarı ilə 956 nömrəli dövlət aktına əsasən Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh4, Cavabdeh2, X4 və Cavabdeh3 məxsus, İddiaçı istifadəsində olan Balakən rayonu Balakən rayonu Gərəkli kəndində Tğoy çöl sahəsində yerləşən 0.94 ha pay torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, e-2(019)-154/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0956 KOD-40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə Cavabdeh3, X5, X6, X1, Cavabdeh2, Cavabdeh4, X9 və Cavabdeh3 Rəşid oğluna Balakən rayonu Gərəkli kəndi ərazisindən 0.94 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 21 avqust 2006-cı il tarixli iltizamdan görünür ki, Balakən rayonu Gərəkli kənd sakini X8 özünə və ailə üzvlərinə 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə 956 nömrəli Dövlət Aktına əsasən Tğoy çöl sahəsindən verilmiş 0.94 ha pay torpaq sahəsini ailəsinin razılığı əsasında Bakı şəhəri Lökbatan qəsəbəsində yaşayan İddiaçı 1000 ABŞ dollarına satmış, gələcəkdə peşman olaraq 0.94 ha pay torpağını geri tələb edərsə əvəzində İddiaçı 500000 (əlli min) ABŞ dolları qaytarmağa söz vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Məhəmməd Kövrüyev tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Q.Ş.Məmmədova ünvanlanmış,Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh4, X11 və Cavabdeh3 Rəşid oğlu tərəfindən imzalanması göstərilən ərizədən görünür ki, onun ailə üzvləri ilə birlikdə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998 il 30 iyun tarixli 08 №-li qərarı ilə 0.94 ha torpaq sahəsinin ailə üzvlərinin razılığı ilə satmaq qərarına gəlməsi, satmaq istədikləri torpaq sahəsinin girov qoyulmaması və onunla bağlı məhkəmə mübahisəsinin olmaması göstərilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 №-li qərarına müvafiq olaraq satmaq istədikləri 0.94 ha torpaq sahəsi barədə arayış verilməsi xahiş olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Gərəkli bələdiyyəsi tərəfindən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə verilmiş 94 nömrəli arayışdan görünür ki, JN- 956 nömrəli Dövlət Aktına əsasən onların ailə üzvlərinə verilmiş 0,94 ha pay torpaq sahəsindən İddiaçı adlı vətəndaş istifadə edir. Həmin torpaq sahəsinin vergisi isə 2015- 2020-ci illər ərzində heç kim tərəfindən ödənilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Gərəkli icra nümayəndəliyi tərəfindən 12 mart 2007-ci il tarixdə verilmiş AZ-İ seriylı 226286 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 02 mart 2007-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli 17193 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 352 manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Balakən Vəkil Bürosuna 100 manat ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli 9/5723 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 884,4 manat pul məbləğinin 21 avqust 2006-cı il tarixindən hazırkı dövrədək 322,2% infilyasiya faiz dərəcəsi nəzərə alınmaqla qeyd edilən indeksasiya məbləği 2.849,53 manat məbləğində müəyyən edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli 10/3927-9/4226 nömrəli ekspert rəyindən görünür ki: Qərardadın birinci sualı üzrə : Qərardadda ekspert qarşısında qoyulmuş birinci sualın cavablandırılması mühəndis texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat aparılmamışdır. Qərardadın ikinci sualı üzrə: Balakən rayonu Gərəkli kəndi ərazisində yerləşən, mübahisə predmeti olan 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 30.879.00 (otuz min səkkiz yüz yetmiş doqquz) manat məbləğində müəyyən olunur.(istinad edilən internet məlumatı rəyə əlavə edilmişdir). Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı 2003-cü ildə X8 ilə, sonuncunun və ailə üzvülərinin mülkiyyətində olan, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqısı ilə bağlı şifahi razılığa gəlmiş, 21 avqust 2006-cı il tarixdə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsində onlar arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı iltizam tərtib edilmiş, iltizamda Balakən rayonu Gərəkli kənd sakini X8 özünə və ailə üzvlərinə 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərarı ilə 956 nömrəli Dövlət Aktına əsasən “Tğoy” çöl sahəsindən verilmiş 0.94 ha pay torpaq sahəsini ailəsinin razılığı əsasında Bakı şəhəri Lökbatan qəsəbəsində yaşayan İddiaçı 1000 ABŞ dollarına satmış, gələcəkdə peşman olaraq 0.94 ha pay torpağını geri tələb edərsə, əvəzində İddiaçı 50000 (əlli min) ABŞ dolları qaytarmağa söz vermişdir. Həmin iltizam Gərəkli kənd İnzibati Ərazi Dairəsində təsdiq edilmiş və reyestrdə qeydə alınmışdır. İddiaçı 1000 ABŞ dollarını X5 vermiş, sonuncu isə torpaq sahəsini iddiaçının istifadəsinə və sahibliyinə vermişdir. İddiaçı 2022-ci ilin sonuna kimi həmin torpaq sahəsindən istifadə etmişdir. 2022-ci ildə cavabdehlər torpaq sahəsinin alqı-satqısı ilə bağlı notariat kontoruna getməkdən imtina etdiklərinə görə tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı cavabdehlər Cavabdeh1, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X9 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 1998-ci il 30 iyun tarixli 08 nömrəli qərar ilə 956 nömrəli dövlət aktına əsasən Cavabdeh1 Alihacı qızına, Mahmudova (Kövrüyeva) Səadət Məhəmməd qızına, Cavabdeh2, Cavabdeh4, X9, Cavabdeh3 məxsus, İddiaçı istifadəsində olan Balakən Rayonu Gərəkli kəndində Tğoy çöl sahəsində yerləşən 0.94 ha pay torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli e-2(019)-154/2023 nömrəli qətnaməsi ilə iddiası təmin olunmamışdır. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(019)-514/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli e-2(019)-154/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bundan sonra İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işin hallarını, İddiaçı 0,94 hektar torpaq sahəsinə görə 1000 ABŞ dollarını mərhum X5 verməsini, 1000 ABŞ dollarının infilyasiya nəzərə alınmaqla hazırkı dəyərinin 2849,53 manat olmasını, mərhum X2 vərəsələri olan cavabdehlər- Cavabdeh1 , Cavabdeh4 , Cavabdeh2 və Cavabdeh3 0,94 hektar torpaq sahəsini geri alsalar da həmin məbləği iddiaçıya qaytarmamalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi 1000 ABŞ dollarının infilyasiya nəzərə alınmaqla dəyəri olan 2849,53 manatın cavabdehlərdən alınıb ona verilməsinə aid hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbi 50000 ABŞ dolları pula və torpaq sahəsinin yaxşılaşdırılmasına görə tələb olunan 2200 manat pula aid hissədə isə təmin edilməməlidir. Belə ki, İddiaçı mərhum X8 tərəfindən verilmiş, 21 avqust 2006-cı il tarixdə Balakən rayonu Gərəkli kənd İnzibati Ərazi Dairəsində təsdiq olunmuş iltizamda sonuncunun 0.94 ha pay torpağı geri tələb olunduğu halda ona 50000 (əlli min) ABŞ dolları qaytarmağa söz verməsinə əsaslanaraq həmin məbləğin cavabdehlərdən alınıb ona verilməsini tələb edir. Qeyd edilməlidir ki, iddiaçının əsaslandığı 21 avqust 2006-cı il tarixli iltizam (müqavilə) etibarsız olmuşdur, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən isə əqd etibarsız olduqda tərəflərin hər biri aldıqlarını digər tərəfə qaytarmalıdır. Qanunvericiliyin bu tələbinə əsasən İddiaçı cavabdehlərdən 50000 (əlli min) ABŞ dollarını tələb etməsi əsaslı hesab oluna bilməz. İddiaçı tələb etdiyi 2200 manat yaxşılaşdırma xərci ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı 0,94 hektar torpaq sahəsinə hər il 10 traktor qoşqusu üzvü gübrə(peyin) verdiyini, bunun üçün hər il 550 manat xərc cəkdiyini, 4 ilə görə bu xərcin 2200 manat təşkil etdiyini göstərsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli 10/3927-9/4226 nömrəli ekspert rəyindən də görünür ki, ekspert tərəfindən yaxşılaşdırma ilə bağlı tədqiqat aparılmamışdır və torpaq sahəsinin dəyərinin yaxşılaşdırmaya görə artması qeyd edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi 2200 manat yaxşılaşdırma xərcinə aid hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən: 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənmiş dövlət rüsumunun 10,56 manatı və vəkilə göstərdiyi yardıma görə ödənmiş məbləğin 03 manatı cavabdehlər Cavabdeh1,Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 alınıb İddiaçı ödənilməlidir. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1306.1-1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 (mirasdan aldıqları pay həddində) torpaq sahəsinə görə ödənmiş 1000 ABŞ dollarının infilyasiya nəzərə alınmaqla dəyəri 2849,53 manat, ödənmiş dövlət rüsumuna görə 10,56 manat və vəkilə hüquqi yardıma görə ödənmiş məbləğin 03 manatı alınıb İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. 150 manat ekspertiza xərcinin 145,50 manatı İddiaçı, 4,50 manatı cavabdehlər Cavabdeh1,Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 (mirasdan aldıqları pay həddində) torpaq sahəsinə görə ödənmiş 1000 ABŞ dollarının infilyasiya nəzərə alınmaqla dəyəri 2849,53 manat, ödənmiş dövlət rüsumuna görə 10,56 manat və vəkilə hüquqi yardıma görə ödənmiş məbləğin 03 manatı alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edlilməsin. 150 manat ekspertiza xərcinin 145,50 manatı İddiaçı, 4,50 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X12 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar