Məhkəmə qərarları › İş №e-2(019)-223/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-223/2022

03.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-223/2022 03.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1,Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyətinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonunun İtitala kəndində 0.16 ha torpaq sahəsində 2017-ci ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı, ümumi sahəsi 130 kv.m, yaşayış sahəsi 80 kv.m olan yaşayış evinə mərhum qardaşı X3 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki , Balakən rayonunun İtitala kəndində yaşayır. 11.06.1952-ci il tarixdə doğulmuş və 12.08.2018-ci il tarixdə ölmüş qardaşı X3 vərəsəsidir. Belə ki, onların valideynləri vəfat etmişdir. Qardaşı Oruc evlənməmiş, onun nə arvadı, nə də uşaqları olmamışdır. Mərhum qardaşı Oruc Qurbanov 2017-ci ilə qədər Balakən rayonunun İtitala kəndində 0.16 ha torpaq sahəsində yerləşən atası X2 məxsus olmuş ata evində də yaşamışdır. Ata evi yararsız vəziyyətdə olduğundan 2017-ci ildə qardaşı Oruc həmin evi sökdürmüş və yerində 1 mərtəbəli 4 otaqlı, ümumi sahəsi 130 kv.m, yaşayış sahəsi 80 kv.m olan yeni yaşayış evi inşa etdirmişdir. Qardaşı Orucun vəfatından sonra ondan müəyyən əmlak, o cümlədən 0.16 ha torpaq sahəsində tikilmiş, ərizədə qeyd etdiyi ev miras qalmışdır. Miras qalmış torpaq sahəsini və evi faktiki olaraq qəbul etmiş və hal-hazırda onun istifadəsindədir. Torpağa dair vergiləri müntəzəm olaraq ödəmişdir. Mirasın qəbulu ilə bağlı vərəsəlik şəhadətnaməsinin alınması üçün Balakən rayon Notariat Ofisinə müraciət etmişdir. Notariat Ofisində ona DƏDRX-nə təqdim etmək üçün Arayış verilmişdir.Arayışa əsasən DƏDRX Zaqatala 18 saylı Ərazi İdarəsindən mərhum qardaşı Oruc Qurbanovdan miras qalmış evə dair hüquqmüəyyənedici sənədi Notariat Ofisinə təqdim etməlidir. Arayışla 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək qeyd etdiyi evə dair Çıxarış verilməsini xahiş etmişdir. Lakin orada ona Balakən rayon İcra hakimiyyətinin müvafiq rəyi olmadan çıxarışın verilməsinin qeyri mümkün olması bildirilmişdir. Balakən rayon İH-ə lazımi sənədin alınması üçün müraciət etmişdir. Lakin oradan ona “Tikintiyə icazə” rəyinin verilməsinin qeyri mümkün olduğu bildirilmişdir. Belə ki, qardaşı Oruc hüquqi savadsızlığından ev tikdirərkən tikilən evə dair layihə smeta sənədlərini tərtib etdirməmiş və Qanunvericilikdə müəyyən edilmiş qaydada Tikintilərin Dövlət reyestrində qeydiyyata alınması üçün Balakən RİH-nin Memarlıq və Tikinti şöbəsinə təqdim etməmişdir. Buna görə də Balakən RlH-də mübahisəli evə dair məlumatlandırma icraatı olmamışdır. Buna görə də qeyd olunan tələblə Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Balakən Rayon Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin nümayəndəsi Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçının qardaşı X4 2017ci ildə tikilmiş yaşayış evinin layihə sənədlərini qanunvericlikdə müəyyən edilmiş qaydada tikintilərin dövlət reyestrində qeydiyyata alınması üçün RİH-in Memarlıq və Tikinti Şöbəsinə təqdim etməmişdir. Ona görə də həmin evin mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz göndərmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş mövcud hüquqmüəyyənedici sənədlər əsasında aparılır.Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Qanunun 8.0.10.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas sayılır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-ci maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.5ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-cü maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.Yuxarıda qeyd olunan qanunvericiliyin məzmunundan göründüyü ki, iddiaçı arzu etdiyi sənədin (tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsini, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənədi) əldə edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma müraciət etməli və həmin qurum bu sənədin verilməsindən imtina edildiyi halda həmin sənədin əldə etməsi üçün inzibati məhkəmə icraatı qaydasında həmin qruma qarşı iddia qaldırmalıdır. İddiaçı inzibati məhkəmə icraatı qaydasında həmin sənədin əldə edilməsinə nail ola bilməsə, yalnız o zaman onun hazırki iddiasına ümumi məhkəmə icraat qaydasında baxıla bilər.Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş edirik. Məhkəmə iddiaçını, məhkəmə iclasına gəlmiş cavabdehin nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonunun İtitala kəndində 0.16 ha torpaq sahəsində 2017-ci ildə tikilmiş 1 mərtəbəli 4 otaqlı, ümumi sahəsi 130 kv.m, yaşayış sahəsi 80 kv.m olan yaşayış evinə mərhum qardaşı X3 mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi İddiaçı hazırkı iddianı inzibati orqanlara qarşı qaldırmışdır və məqsədi mərhum qardaşının inşa etdirdiyi fərdi yaşayış evini mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaqdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 25.1- 25.2-ci maddələrinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərar almışdır: 1.Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s.ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2,153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hazırkı mübahisənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisə olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə işə ümumi məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddia ərizəsinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilməli və iddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə və Balakən rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə icraata mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olan inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar