Məhkəmə qərarları › İş №e-2(019)-227/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-227/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-227/2022 14.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 800 (səkkiz yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 28 fevral 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "QAZ-33021" markalı 99TX191 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində -10 iyun 2021-ci il tarixdə Balakən şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan "Ford Transit" markalı 99VG791 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Balakən DYPB-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan (etibarnamə hadisə baş verdikdən sonra verilmişdir) idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 800 manat məbləğində sığorta ödənişi verilmişdir.Hesab edirlər ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndə X3 məhkəməyə ərizə göndərərək iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iş üzrə verdikləri iddianı müdafiə etdiyini, məhkəmənin bütün iclaslarının iştirakları olmadan keçirilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 10 iyun 2021-ci il tarixli MN seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki,Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinib 40 manat cərimə olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş RGU-212006 saylı sığorta ödənişi aktından görünür ki, "xxxx" ASC-ti tərəfindən X2 hesabına 800 (səkkiz yüz) manat məbləğində vəsait köçürülmuşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28.02.2021-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, həmin müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmışdır (avtonəqliyyat vasitəsi QAZ-33021 markalı 99TX191 nömrəli yük avtomobili). İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17.06.2021-ci il tarixli Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Ford” markalı 99VG791 nömrə nişanlı avtomaşına cəmi 800 manat məbləğində ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, 10 iyun 2021-ci il tarixdə saat 16:40 dəqiqədə Balakən şəhəri, R.Səmdov küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü-toqquşma; QAZ-33021 markalı 99TX191 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2, sürücüsü Cavabdeh1dur). İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AD seriyalı 664481 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, QAZ-33021 markalı 99TX191 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi Cavabdeh2dır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, "xxxx" ASC-də 28 fevral 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "QAZ-33021" markalı 991X191 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində -10 iyun 2021-ci il tarixdə Balakən şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən idarə olunan "Ford Transit" markalı 99VG791 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Balakən DYPB-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yolnəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə təqsirli bilinib 40 manat cərimə olunmuşdur. Bununla əlaqədar olaraq PGU-212006 saylı sığorta ödənişi ilə bağlı akt tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirdikdən sonra "xxxx" ASC-ti tərəfindən zərərçəkən X4 800 (səkkiz yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Buna görə də iddiaçı "xxxx" ASC-ti hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1 və 1108.2-ci maddələrinə əsasən ətrafdıkılar üçün təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci madddəsinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 800 (səkkiz yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu xərci, cəmi 830.40 (səkkiz yüz otuz manat qırx qəpik) manat alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 800 ( səkkiz yüz) manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu xərci, cəmi 830.40 (səkkiz yüz otuz manat 40 qəpik) manat alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar