Məhkəmə qərarları › İş №e-2(019)-228/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-228/2025

20.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-228/2025 20.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı1 nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı yaxşılaşdırma dəyəri tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaxşılaşdırmanın dəyəri olan 7500 manat pul vəsaitinin, iddianın irəli sürülməsi üçün ödənilmiş 95 manat rüsum və xidmət haqqının, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat xidmət haqqının tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, torpağa mülkiyyət hüququna dair JN seriyalı 072 F nömrəli Dövlət aktına əsasən, Balakən rayonu Hənifə kəndində, hazırda Balakən şəhər ərazisində yerləşən əvvəllər Fındıq birliyi adlanan ərazidə yerləşən 0,4 ha (sənəd üzrə 0.435 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. 16 fevral 2005-ci il tarixdə Cavabdeh1 həmin bağ sahəsini 650 ABŞ dollarına İddiaçı1 satmışdır. İddiaçı, 2005-ci ildən 2024-cü ilin iyul ayına qədər həmin fındıq bağı sahəsindən öz torpaq sahəsi kimi istifadə etmiş, hər il bağ sahəsində budama işləri aparmış, bağ sahəsinin münbitliyinin qorunması üçün zəruri gübrələmə (dərmanlama) işləri aparmış, həmin bağ sahəsinə su kanalı çəkmiş, qurumuş fındıq komalarının yerində təxminən 40 ədəddən artıq yeni fındıq koması əkmiş, 2024-cü ilin may ayından sonra fındıq məhsulunun yığılmasına hazırlanması üçün zəruri biçin işlərini aparmış, həmin fındıq bağ sahəsinə dair mülkiyyət sənədinin onların adlarına olması əsası ilə cavabdehlər 2024-cü ilin avqust ayının əvvəllərində orada olan fındıq məhsulunu gizli olaraq yığmış, 27 avqust 2024-cü il tarixdə iddiaçı və onun ailə üzvlərinin həmin torpaq sahəsinə daxil olmaq istərkən cavabdehlər buna maneə olmuş, tərəflər Balakən Rayon Polis şöbəsinə dəvət edilərək izahatları alınmışdır. İddiaçı 19 il müddətində mübahisəli torpaq sahəsinə vicdanlı sahiblik etdiyindən öz yaxşılaşdırmalarını cavabdehlərdən tələb etmiş, lakin sonuncular mübahisəli torpaq sahəsinin mülkiyyətində olmasını əsas gətirərək bundan imtina etmişlər. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əsassız varlanma nəticəsində əldə edilmiş 6960 manat pul vəsaitinin, iddianın irəli sürülməsi üçün ödənilmiş 90 manat rüsum və xidmət haqqının, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 100 manat xidmət haqqının tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə vicdanlı sahibin öz yaxşılaşdırmalarının dəyərinin müəyyən edilməsi üçün qiymətləndiriciyə müraciət edilmiş, "xxxx" MMC tərəfindən 18 sentyabr 2025-ci il tarixli rəy təqdim edilmişdir. Həmin rəylə müəyyən olunur ki, vicdanlı sahib olan İddiaçı1 mübahisəli bağ sahəsi əlindən alman zaman, yəni 01 avqust 2024-cü il tarixə torpaq sahəsinin iddiaçının öz yaxşılaşdırmaları ilə birlikdə real bazar dəyəri 11800 manat, yaxşılaşdırmalar olmadan isə 4300 manat təşkil edir. Belə olan halda iddiaçı həmin fərqi cavabdehlərdən tələb etməkdə haqlıdır və bu səbəbli iddia tələbinin həcminin artılmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, sifarişçi İddiaçı1 (FİN xxxxxxx) tərəfindən Balakən rayonu, Hənifə kəndində hazırda Balakən şəhəri Fındıq birliyi adlanan ərazidə yerləşn 0.40 ha sahədən ibarət torpaq sahəsinin dəyərinin müəyyən edilməsinə dair qiymətləndirmə prosesinin aparılması məqsədi ilə “X7 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyətin hesabına 100 AZN məbləğində xidmət haqqının dəyəri ödənilmişdir. “X7 Mərkəzi” Məhdud Məsuliyyəti Cəmiyyətin 25 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində Balakən rayonu, Hənifə kəndində hazırda Balakən şəhəri Fındıq birliyi adlanan ərazidə yerləşn 0.40 ha sahədən ibarət torpaq sahəsinin 20 ədəd fındıq topası və 60 ədəd fındıq topası eyni zamanda həmin fındıq topalarının budanması, bağ sahəsinin münbitliyinin qorunması üçün zəruri gübrələmə (dərmanlama) işlərinin aparılması və həmin bağ sahəsinə su kanalının çəkilməsi ilə birlikdə dəyəri qiymətləndirmə tarixinə aşağıda qeyd olulanlar kimi müəyyən olunmuşdur: Torpaq sahəsinin 60 ədəd fındıq topası və görülmüş ilərlə birlikdə bazar dəyəri – 11600 manat, Torpaq sahəsinin 20 ədəd fındıq topası ilə birlikdə bazar dəyəri – 4640 manat. xx.xx.2006-cı il tarixli Cavabdeh1 tərəfindən imzalanmış iltizamdan görünür ki, Cavabdeh1 16 fevral 2005-ci il tarixində tərtib olunmuş akt, yəni ona məxsus olan fındıq bağının satqı və alqısı tamamilə doğrudur. Onun İddiaçı1 heç bir şikayəti yoxdur. Torpağın alqı-satqı pulunu ona X5 650 ABŞ dolları ödəyib. Onların 50 ABŞ dolları borcu qalıb. Həmin pulun ödənilməsini tələb edir. O, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına heç bir düzəliş etməmişdir. Həmin aktdakı düzəlişdən xəbəri yoxdur. X2 ilə qanuni zaks yoxdur. O və onunla həyat yoldaşı kimi yaşayan X1 fındıq bağına dair onlara qarşı heç bir tələbi olmayacaqdır. xx.xx.2024-cü il tarixli Cavabdeh2 tərəfindən Balakən Rayon Polis Şöbəsində verilən izahatdan görünür ki, 2004-cü ildə atası Cavabdeh1 özünə məxsus Balakən rayonu Hənifə kəndində yerləşən fındıq bağını şifahi razılaşma əsasında həmkəndlisi İddiaçı1 Hacıədil oğluna satmışdır. İllər keçdikdən sonra o həmin bağa sənəd almaq üçün aidiyyəti qurumlara müraciət etmişdir və ona bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə həmin bağ sahəsinə çıxarış veriləcəkdir. Ancaq hazırda Qüdrət və oğlanları bağdan istifadə etməyinə icazə vermirlər, heç bir hüquqi sənədləri olmasa da bağ onlarındır deyirlər. JN-0072 KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarına əsasən Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh3 Balakən rayonu Hənifə kəndi ərazisində 1.23 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir, Dövlət aktının 72F planşet nömrəsində sahəsi 4530.07 m2 torpaq sahəsi göstərilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2025-ci il tarixli 7/561 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planşet nömrəsi 72 F olan 4530,07 m2 sahəsində əkilmiş Fındıq kollarının ümumi cəmi sayı 63 olub, 28 ədəd Fındıq kolu 19-20 illik, 22 ədəd Fındıq kolu 23-24 illik, 13 ədəd Fındıq kolu 25-26 illik olması müəyyən edildi. 2 və 3-cü suallar üzrə qiymətləndirilmə fəaliyyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 70,0 manat təşkil edir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X8 Mərkəzinin 12 avqust 2025-ci il tarixli 3-22-3-8/2-30/2025 saylı məktubuna əlavə olunan məlumatdan görünür ki, əkilmiş 1 ədəd fındıq tinginə normal aqrotexniki qulluq göstərilərsə 5-6 ildən sonra məhsul götürmək mümkündür. Fındıq kolu torpağa basdırıldıqdan sonra hər il kolun ətrafının yumşaldılması, gübrə verilməsi, suvarılması, alaq otlarından təmizlənməsi, budanması, zərərverici və xəstəliklərə qarşı pestisidlərdən və yaxud dərman vasitələrindən istifadə etməklə mübarizə aparılması məqsədəuyğundur. "xxxx" MMC tərəfindən verilən 18 sentyabr 2025-ci il tarixli rəydən görünür ki, 1. Torpaq sahəsinin yaxşılaşdırılmalarla birlikdə xx.xx.2024-cü il tarixə 11800 manat, hazırki 12400 manat təşkil edər. 2. Torpaq sahəsinin yaxşılaşdırılmalar olmadan xx.xx.2024-cü il tarixə 4300 manat, hazırki 5200 manat təşkil edər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsinin dəlillərinə və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmayahaqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-761/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş Kassasiya instansiya məhkəməsinin mövqeyinə əsasən əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, JN-0072 KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh3 Balakən rayonu Hənifə kəndi ərazisində 1.23 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir, Dövlət aktının 72F planşet nömrəsində sahəsi 4530.07 m2 torpaq sahəsi göstərilmişdir. Cavabdeh1 xx.xx.2006-cı il tarixdə iltizam tərtib edərək 16 fevral 2005-ci il tarixində tərtib olunmuş akt, yəni ona məxsus olan fındıq bağının satqı və alqısının doğru olduğunu qeyd etmişdir. Lakin tərəflər arasında həmin torpaq sahəsinin rəsmi qaydada alqı-satqısı baş tutmamışdır. 16 fevral 2005-ci il tarixindən etibarən iddiaçı cavabdeh tərəfin torpağından istifadə etməklə faktiki sahibliyi həyata keçirmişdir. İddiaçı 2024-cü ilin avqust ayının əvvəllərindən orada olan fındıq məhsulunu yığmamış, 27 avqust 2024-cü il tarixdə isə torpaq sahəsindən tamamilə çıxarılmışdır. İddiaçı hazırda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaxşılaşdırmanın dəyəri olan 7500 manat pul vəsaitinin tutulmasını tələb edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır. İddiaçı torpaq sahəsinə 16 fevral 2005-ci il tarixindən 2024-cü il avqust ayının əvvəllərinədək vicdanlı sahiblik etmiş, torpağın mülkiyyətçiləri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin tarixə qədər torpaq sahəsinin iddiaçı tərəfindən istifadə edilməsinə heç bir etiraz etməmişlər. Torpaq sahəsində 63 ədəd fındıq ağacları mövcuddur. Ekspert rəyinə əsasən 28 ədəd Fındıq kolu 19-20 illik, 22 ədəd Fındıq kolu 23-24 illik, 13 ədəd Fındıq kolu 25-26 illik olması müəyyən edildi. Göründüyü kimi iddiaçı torpaq sahəsində 28 ədəd fındıq ağacı əkmiş, ümumilikdə isə 63 ağaca aqrotexniki qulluq edərək hazırki vəziyyətə gətirmişdir. Qanunvericiliyin tələbinə və vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. Odur ki, iddiaçı torpaq sahəsinə vicdanlı sahiblik etdiyi müddətdə, yəni 16 fevral 2005ci il tarixindən 01 avqust 2024-cü il tarixədək öz yaxşılaşdırmalarını mülkiyyətçi olan cavabdehlərdən tələb etməkdə haqlıdır. "xxxx" MMC tərəfindən verilən 18 sentyabr 2025ci il tarixli rəydən görünür ki, torpaq sahəsinin həmin yaxşılaşdırılmalarla birlikdə hazırki dəyəri 12400 manat, torpaq sahəsinin yaxşılaşdırılmalar olmadan hazırki dəyəri isə 5200 manat təşkil edir. Yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edildiyindən hazırki iş üzrə bu məbləğ 7200 manat (12400-5200) müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 7200 manat hissədə təmin edildiyindən, ona mütənasib ödənilməli rüsum 92 manatdır. Buna görə də iddia tələbi dövlət rüsumu hissəsində qismən təmin edilməlidir. Mütəxəssis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilən 100 manat xidmət haqqının iddianın təmin olunmuş hissəsinə münasib olaraq (iddia tələbi 96% hissədə təmin edilmişdir) 96 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq İddiaçı1 ödənilməli, 4 manatı İddiaçı1 özünə aid edilməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 7200 manat pul, 92 manat dövlət rüsumu, mütəxəssis rəyinin verilməsi üçün ödənilən 96 manat xidmət haqqı, cəmi 7388 manat pul alınıb İddiaçı1 ödənilməli, ödənilmiş 95 manat dövlət rüsumunun 3 manatı və mütəxəssis rəyinin verilməsi üçün ödənilən 100 manat xidmət haqqının 4 manatı iddiaçının özünə aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə münasib olaraq (iddia tələbi 96% hissədə təmin edilmişdir) iş üzrə 70 manat ekspertiza xərcinin 67 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və 3 manatı İddiaçı1 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 7200 manat pul, 92 manat dövlət rüsumu, mütəxəssis rəyinin verilməsi üçün ödənilən 96 manat xidmət haqqı, cəmi 7388 manat pul alınıb İddiaçı1 ödənilsin. Ödənilmiş 95 manat dövlət rüsumunun 3 manatı və mütəxəssis rəyinin verilməsi üçün ödənilən 100 manat xidmət haqqının 4 manatı İddiaçı1 özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 70 manat ekspertiza xərcinin 67 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və 3 manatı İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar