Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-335/2023 08.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 7000 (yeddi min) manat pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonu Qullar kənd sakini Cavabdeh 7000 (yeddi min) manat və dövlət rüsumu olaraq ödədiyi 90 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək onunla əsaslandırmışdır ki, Balakən rayonunun Talalar kəndində yaşayır. Həyətyanı sahəsində meyvə saxlanılması üçün soyuducu var. 2021-ci ilin oktyabr ayında soyuducuya xurma məhsulu qoymuşdur. Dekabr ayının sonunda məhsulu satmağa başlayır. Dekabr ayında tanışı Balakən rayonu Qullar kənd sakini Cavabdeh onlara gələrək xurma məhsulu istədiyini bildirmişdir. O, ondan 4000 yaşik xurma alacağını bildirdi. O, məhsulu nağd satdığını Nərimana dedi, o da onunla razılaşdı. Cavabdeh 1 maşın xurma məhsulunu pulunu, yəni 13000 manat nağd ödəməklə apardı. 2-ci maşın xurma məhsulu doldurulduqdan sonra ona bildirdi ki, məhsulun dəyəri olan 13000 manatı 1 saat ərzində tam ödəyəcəkdir. Belə ki, Nəriman bildirdi ki, pul Rusiyadan Bank vasitəsilə göndərilir və bir neçə saat ərzində gecikmə ola bilər. O da məhsul soyuducudan çıxarılaraq maşına yüklənildiyi üçün Nərimanla razılaşdı. Nəriman ona 2-ci maşın xurma məhsulu üçün 6000 manat pulu 2022-ci ilin avqust ayında bank vasitəsi ilə tanışı olan Balakən rayonu Qullar kənd sakini Azər Mirzəyevə 4 dəfəyə pul göndərməklə ödəmişdir. Qalan 7000 manat pulu isə yenə yaxın vaxtlarda ödəyəcini bildirmişdir. Lakin bu günə kimi Nəriman ona borclu olduğu 7000 manat pulu verməmişdir. Dəfələrlə Cavabdeh borclu olduğu pulu tələb etmişdir. Ondan pul tələbi ilə bağlı Balakən rayon Polis Şöbəsinə və Prokurorluğuna müraciət etmişdir. Lakin heç bir nəticə alınmamışdır. Buna görə də Məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ona borclu olduğunu təsdiq edə bilən şahidləri var. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınaraq VÖEN almış, fərdi sahibkarlıq fəaliyyətini dayandırmışdır. Lakin fərdi sahibkar olaraq vergi orqanında uçotdan çıxarılmamışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı qəbul etməyərək, işin mahiyyəti üzrə baxılmasını tələb etmiş və iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. O, həmçinin Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınaraq VÖEN aldığını, fərdi sahibkarlıq fəaliyyətini dayandırdığını, lakin fərdi sahibkar olaraq vergi orqanında uçotdan çıxarılmadığını bildirmişdir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsi-vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş elektron sorğu məlumatından görünür ki, İddiaçı vergi orqanında vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş elektron sorğu məlumatından görünür ki, Cavabdeh vergi orqanında vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olan mübahisədir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 8-ci, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın (Avropa Konvensiyası) 6-cı, “Mülki və Siyasi Hüquqlar Haqqında” Beynəlxalq Paktın 14-cü maddələrinə görə hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-26.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.1, 32.2, 32.3, 32.4 və 32.5, 32.6 və 32.7-ci maddələrinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər; işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir; hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər; iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir; bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə görə, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının 28-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. İş materiallarından görünür ki, İddiaçı və Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğu olan fiziki şəxslər kimi vergi orqanında qeydiyyata alınmışlar. Onlar Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırmalarını bildirsələr də, vergi orqanında uçotdan çıxarılmamışlar. Belə olan halda qanun normasının tələbinə əsasən iddiaçı və cavabdeh fərdi sahibkar statusunu itirməmiş sayılırlar. Ona görə də onlar arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisə kommersiya məhkəməsinə aiddir. Məhkəmə işin hallarını, iddiaçının və cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmasını, hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olduğunu nəzərə alaraq, bu nəticəyə gəlir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı 7000 (yeddi min) manat pul tələbinə dair e-2(019)-335/2023 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyatı üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26,32, 44, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı 7000 (yeddi min) manat pul tələbinə dair e-2(019)-335/2023 saylı mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-335/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-335/2023
08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver