Məhkəmə qərarları › İş №e-2(019)-370/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-370/2025

08.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-370/2025 08.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyaları və ya onun dəyərinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1. komplekt (sırğa, üzük) İtaliya istehsalı 585 əyyar 12 qr - 1200 manat, 2. nişan üzüyü briliant qaşlı, Rusiya istehsalı 585 əyyar 2 qr - 750 manat, 3. sırğa qaşsız Rusiya istehsalı, 585 əyar, 2 qr 200 manat, boyunbağı klonla birlikdə, Rusiya istehsalı, 585 əyar, 5 qr - 500 manat dəyərində - qızılzinət əşyalarının alınıb ona verilməsi və ya həmin qızıl-zinət əşyalarının ümumi dəyəri olan 2650 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin avqust ayının 10-da Cavabdeh2 ilə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını xx.xx.2017-ci ildə Balakən rayonu Talalar kənd İƏD üzrə nümayəndəliyində 10 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X3 və xx.xx.2023-cü il tarixdə X5 adında iki uşaqları doğulmuşdur. Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşamışlar, sonra isə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. O mediasiyaya müraciət etmişdir. Mediasiyada birgə nikahlarından olan uşaqların onun himayəsində qalması və hər uşaq üçün 150 manat aliment ödənilməsinə razılaşmışlar. Belə ki, ona toy zamanı cavabdehlər tərəfindən 2650 manat dəyərində aşağıda adları göstərilən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. 1. komplekt (sırğa, üzük) İtaliya istehsalı - 585 əyyar 12 qr - 1200 manat, 2. nişan üzüyü briliant qaşlı, Rusiya istehsalı - 585 əyyar 2qr - 750 manat, 3. sırğa qaşsız Rusiya istehsalı, 585 əyyar, 2 qr - 200 manat, boyunbağı klonla birlikdə, Rusiya istehsalı, 585 əyyar, 5 qr - 500 manat 2018-ci ilin iyul və 2019-cu ilin iyun aylarında Cavabdeh2 bacısı, baldızı Cavabdeh1 adı çəkilən qızılları ondan lombarda qoyaraq kredit götürmək üçün istəmiş. Kredit ödəndikdən sonra qaytaracağını bildirmişdir. Cavabdeh2 qızılları bacısına verməyini tələb etmiş, qızılların ona qayıdacağını bildirmişdir. Lakin 6 ildən çox müddət keçməsinə baxmayaraq həmin qızıl-zinət əşyaları ona geri qaytarılmamışdır. O qızıllarının lombarda qoyulması barədə ailə üzvlərinə və yaxınlarına bildirmişdir. Onlar da bu faktı məhkəmə iclasında təsdiq edəcəklər. Sözügedən məsələ ilə bağlı mediatora müraciət etmişdir. Mediasiya prosesində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirak etməmişdir. Bu barədə mediasiya arayışı almışdır. Bu səbəbdən də ona məxsus qızıl-zinət əşyaları və ya onun əvəzinin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər tərəfindən iddia ərizəsinə etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, qızıllarını baldızı Cavabdeh1 lombarda qoymaq üçün istəmiş, Cavabdeh2 da qızılları verməsini, 1 aya qaytaracağını bildirmiş, 2018-ci il avqustun əvvəllərində qızılları hissə-hissə vermişdir. Sonra qızılları qaytarmadıqlarına görə qayınatası oğlu Məhəmmədə demişdir ki, malı sat, qızılları qaytar. Toyda taxılan digər boyunbağı və qolbağı qaytarsalar da, ərizədə qeyd etdiyi qızılları bugünədək qaytarılmamışdır. Toyun səhəri günü çəkdiyi şəkildə üstündəki uzun boyunbağı baldızınındı, yalan desəydi həmin boyunbağının da hədiyyə edildiyini deyərdi. Məhkəmə iclasında Şahid1 Murov qızı izahatında göstərmişdir ki, İddiaçı onun bacısı qızıdır. Cavabdeh1, Gültacdan qızılları götürmüş, lakin geri qaytarmamışdır. Həmin qızıllar toydan əvvəl verilən nişan üzüyü, toyda boyunbağı, komplekt – sırğa və üzük, qolbağı, toyun səhəri isə qayınatası üzük vermişdir. Məhkəmə iclasında Şahid2 izahatında göstərmişdir ki, İddiaçı onun həm qohumu, həm də qonşusudur. Onların Gültaca hədiyyə etdiyi qızıllar toydan əvvəl taxılan nişan üzüyü, toyda taxılan komplekt - bir cüt sırğa və üzük, boyunbağı olmuşdur. Toydan 3 gün sonra gedəndə həmin qızılları Gültacın üzərində görmüşdü. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən rayonu Talalar kənd İƏD tərəfindən 16 oktyabr 2017ci il tarixdə verilmiş AZ-İİ seriyalı 182168 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X1 arasında nikah 16 oktyabr 2017-ci il tarixdə 10 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Cəyiyeva soyadı verilmişdir. Balakən rayon İstehsal-İstehlak Kooperativi tərəfindən verilən xx.xx.2024-cü il tarixli rəydən görünür ki, İddiaçı müraciətinə əsasən qızıl-zinət əşyalarının indiki bazar qiyməti aşağıdakı kimidir: komplekt (sırğa, üzük) – 585 əyyar 12 qr x 100 manat -1200 manat, nişan üzüyü briliant qaşlı – Rusiya istehsalı - 585 əyyar 2 qr 750 manat, sırğa qaşsız - Rusiya istehsalı - 585 əyyar 2 qr 200 manat, boyunbağı klonla birlikdə - Rusiya istehsalı 585 əyyar 5 qr 500 manat, ümumi qiyməti cəmi 2650 manatdır. İddiaçı təqdim etdiyi toyda çəkilmiş fotoşəkillərdə onun üzərində komplekt – bir cüt sırğa və üzük, bir üzük, toydan bir gün sonra çəkilmiş fotoşəkildə isə boyunbağı və klon, bir cüt sırğa vardır. Toyda qeyd alınmış videogörüntüdən məlum olur ki, İddiaçı üzərində nişan üzüyü, komplekt (bir cüt sırğa, üzük) vardır. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 5.10-cu maddəsinə əsasən nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh2 ilə 16 oktyabr 2017-ci il tarixdə nikah bağlamışlar. İddiaçıya nişan üzüyünün, toyda komplekt – bir cüt sırğa, üzüyün, toyun sabahı günü isə bir cüt qaşsız sırğa və klonla birlikdə boyunbağının hədiyyə edilməsi, sonradan iddiaçıdan həmin qızılların alınması fotoşəkillər, videogörüntü və şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş rəy əsasında İtaliya istehsalı 585 əyyar 12 qr komplektin (sırğa, üzük) qiyməti –1200 manat, Rusiya istehsalı 585 əyyar 2 qr briliant qaşlı nişan üzüyünün qiyməti 750 manat, Rusiya istehsalı 585 əyar 2 qr qaşsız sırğanın qiyməti - 200 manat, Rusiya istehsalı 585 əyyar 5 qr klonla birlikdə boyunbağının qiyməti 500 manat, əşyaların ümumi qiyməti cəmi 2650 manatdır. Göründüyü kimi iddiaçı tərəfindən qızıl-zinət əşyalarının mövcudluğunu, iddiaçıya nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə hədiyyə edilməsini, onların cavabdehlərdə olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmiş, cavabdehlər tərəfindən isə göstərilən hallar təkzib edilməmişdir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızılzinət əşyaları - 585 əyar 12 qr komplekt (sırğa, üzük), 585 əyar 2 qr briliant qaşlı üzük, 585 əyar 2 qr qaşsız sırğa, 585 əyar 5 qr klonla birlikdə boyunbağı və ya onların ümumi dəyəri 2650 manat pul alınıb iddiaçıya verilməlidir. Həmçinin ödənilmiş 46.50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızıl-zinət əşyaları - 585 əyar 12 qr komplekt (sırğa, üzük), 585 əyar 2 qr briliant qaşlı üzük, 585 əyar 2 qr qaşsız sırğa, 585 əyar 5 qr klonla birlikdə boyunbağı və ya onların ümumi dəyəri 2650 manat pul alınıb İddiaçı verilsin. Ödənilmiş 46.50 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar