Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-398/2023 02.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadulla Şamil oğlunun katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi İddiaçı1, Cavabdeh3 və digər Cavabdeh5 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi, habelə iddiaçılar tərəfindən ödənilmiş 100 manat rüsumun cavabdeh olan fiziki şəxslərdən tutulub iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Balakən rayon AİK-nın qərarı ilə JN-645 saylı Dövlət Aktı ilə kəndin ərazisindən 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətilərinə verilmişdir. Azyaşlı olduqları üçün həmin torpaq sahəsini qonşuları X3 icarəyə vermişlər. 2014-cü ildə X7, bundan iki il sonra isə anaları X16 vəfat etmişdir. Qeyd edilən JN -645 saylı Dövlət Aktında analarına məxsus olan 0.22 ha torpaq onlara miras qalmışdır. Balayeva Füruzə vəfat etdikdən sonra 1.0057 ha torpaqdan onun oğlu Cavabdeh3 istifadə etmişdir. Ona torpaqdan özlərinin istifadə edəcəklərini desələr də, torpaqdan əl çəkməyərək, oranı özbaşına zəbt etməyə başlamışdır. 2016-cı ildən etibarən yol boyu 100 metr məsafədə uzanan torpağın bir hissəsini mişar daşı ilə, bir hissəsini isə dəmir şiferlə hasara alaraq zəbt etmişdir. 2017-ci ilin əvvəllərindən etibarən qardaşı Mahmud ilə birləşərək mişar daşı ilə hasara alınan hissədə yaşayış evi tikmişlər. Aralarında mübahisə böyümüş, torpaqla bağlı məhkəmə işləri başlamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığı halda Cavabdeh3 guya ailə başçıları ilə onun anası F.Balayeva arasında alqı-satqı müqaviləsi bağlanmışdır adlı qanuna zidd sənədlə iş üzrə məhkəmə yekunlaşmadığı halda 18 saylı Zaqatala Ərazi İdarəsinin vəzifəli şəxslərinin şəxsi maraqlarını təmin edərək işlə bağlı məhkəmə iclasları davam etdiyi vaxt anasının adına ******* saylı çıxarış əldə etmişdir. Bu Çıxarış 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən mövcud olmayan “alqı-satqı müqaviləsi” bağlanmışdır adı ilə verilən heç bir hüquqi əsasa malik olmayan qanuna zidd əhəmiyyətsiz bir sənəd olmuşdur. 18 saylı Zaqatala Ərazi İdarəsi F.Balayevanın adına 23 oktyabr 2018-ci ildə Çıxarış verərkən Cavabdeh3 tərəfindən “alqı-satqı müqaviləsinin bağlanması” tələbi ilə bağlı işin icraatı Şəki Apelyasiya Məhkəməsində davam edirdi. Bu işlə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 2019-cu il 01 mart tarixində çıxardığı yekun qərarla “alqı-satqı müqaviləsinin bağlanması” haqda iddia rədd edilmişdir. Deməli 18 saylı Zaqatala Ərazi İdarəsi alqı-satqı müqaviləsi olmadığı halda cinayət tərkibli əməl törədib F.Balayevanın adına qanuna zidd çıxarış vermişdir. Ali Məhkəmənin qərarını əldə etdikdən sonra vəfat etmiş analarının miras əmlakına eyni zamanda JN- 645 nömrəli Dövlət Aktında olan miras əmlaka vərəsəlik açdırmaq üçün Balakən rayon notariat ofisinə etdikləri müraciət əsasında xx.xx.2016-cı ildə ölmüş X10 adına vərəsəlik işi açılmış və notarius 13.03. 2019-cu il tarixli 272 nömrəli məktubu ilə DƏDRX 18 saylı Zaqatala ərazi idarəsinə göndərərək lazım olan sənədləri tələb etmişdir. İddiaçılar eyni zamanda JN-645 saylı Dövlət Aktında göstərilən torpağa Çıxarış almaq üçün Ali Məhkəmənin qərarı ilə birlikdə digər sənədləri ərizə ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə təqdim etmişlər. Demək olar ki, 45 gündən sonra idarə tərəfindən təqdim edilən məktubda qeyd edilmişdir ki, JN -645 n-li Dövlət Aktı ilə 1.0057 ha torpaqla bağlı ölmüş X1 adına ******* saylı Çıxarış verilmişdir. Həmin çıxarışın ləğv edilməsi ilə bağlı DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi və Cavabdeh3 cavabdeh olaraq Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə ******* saylı Çıxarış ləğv edilmişdir. Həmin qətnamədən Cavabdeh3 tərəfindən verilən apelyasiya şikayətinə baxan Şəki Apelyasiya Məhkəmsinin Mülki Kollegiyası çıxardığı 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə şikayəti təmin etməmiş, Balakən Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilən kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 27 fevral 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətini təmin etməmişdir. Amma iş üzrə hər iki cavabdeh birgə hərəkət edərək 1.0057 ha torpaqla bağlı məhkəmə işinin davam etməsinə baxmayaraq, 18 saylı ərazi idarəsi qanuna zidd olaraq F. Balayevanın adına verdiyi ******* nömrəli Çıxarış əsasında F.Balayevanın adına vərəsəlik işinin açılmasında vərəsələrə yaxından köməklik göstərmiş, 1.0057 ha torpaqla bağlı davam edən məhkəmə mübahisəsi haqda notariusa məlumat verməmiş, bu halı gizlətmiş, notarius tərəfindən cavabdeh vərəsələrə 24 aprel 2019-cu il tarixli qanuna zidd vərəsəlik şəhadətnaməsinin açılmasında yardımçı olmuşdur. Qənaətlərinə görə vərəsə olan cavabdehlər, o cümlədən 18 saylı ərazi idarəsi vicdansız şəxslərdir. İş üzrə cavabdehlər olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və X8 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi açan notarius Cavabdeh6 bu vərəsəlik şəhadətnaməsini açarkən Mülki Məcəllənin 1151.1-ci, 1246-cı və 1248.1-ci maddələrin tələblərini pozmuş və qanuna zidd vərəsəlik şəhadətnaməsi açmışdır. Belə ki, vərəsəlik açdığı 1.0057 ha miras əmlakın X1 öldüyü 2014-cü il tarixə onunmu və ya başqa şəxslərinmi əmlakı olduğunu araşdırmamış, 2014-cü ildə ölmüş X4 5 il sonra vərəsəlik işi açmışdır. Xüsusən notarius Cavabdeh6 Mülki Məcəllənin 1248.1-ci maddəsinin tələblərini pozaraq məhkəmənin səlahiyyətinə aid işi mənimsəməklə vəzifə səlahiyyətlərini aşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Həmin qanuna zidd olaraq notarius tərəfindən açılmış 24 aprel 2019-cu il tarixli 2V207 saylı vərəsəlik şəhadətnaməsi ilə DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi baş verən bütün hadisələri bildiyi halda həmin vərəsəlik şəhadətnaməsi ilə 1.0057 ha torpağa Cavabdeh1, Cavabdeh3, X5 və Cavabdeh4 adına daşınmaz əmlakın reyestr nömrəsi **********24 və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarış tərtib etmişdir. Bir gün belə keçmədən vərəsə olan cavabdehlər həmin Çıxarış ilə 01 may 2019-cu il tarixdə AN-İ N:0754388 saylı alqı-satqı müqaviləsi ilə 1.0057 ha torpağı qonşuları Cavabdeh5 satmışlar. Bir gündən sonra 03 may 2019-cu il tarixdə DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi 1.0057 ha torpaqla bağlı reyestr nömrəsi **********24 və qeydiyyat nömrəsi ********** olan Çıxarış tərtib etmişdir. Anlamırlar ki, o zamankı 18 saylı ərazi idarəsinin rəhbərliyi Cavabdeh3 nə qədər miqdarda rüşvət alıb ki, qüvvəyə minməyən məhkəmə qərarı ilə F.Balayevanın adına Çıxarış tərtib edərək 3 gün müddətində 2 çıxarış tərtib edib, məhkəmə mübahisəsi olduğu halda altı ay ərzində bir torpaq sahəsi ilə bağlı 6 sayda müxtəlif əməliyyat aparmışdır. Balakən rayon notariusu Cavabdeh6 yuxarıda qeyd edilən qanunların tələblərinə əməl edib 5 ildən sonra cavabdeh vərəsələrə vərəsəlik açmadan, məhkəmənin səlahiyyətini mənimsəmədən onları mirasın qəbulu ilə bağlı Balakən Rayon Məhkəməsinə göndərsə idi, bu hadisələr baş verməzdi. Ona görə ki, həmin vaxt F.Balayevanın ******* saylı Çıxarışın ləğv edilməsi məsələsi ilə bağlı işin icraatı Balakən Rayon Məhkəməsində davam edirdi. Qeyd edilənlərdən aydın olur ki, alqı-satqı müqaviləsi olmadan F.Balayevanın adına Çıxarış verilmiş, həmin çıxarış əsasında vərəsələrə vərəsəlik şəhadətnaməsi verilmiş, vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrə əlavə çıxarış verilmişdir. Amma bu sənədlər tam qanuna zidd sənədlər olduğu üçün Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə F.Balayevanın adına tərtib edilmiş ******* saylı Çıxarış, bu çıxarış əsasında vərəsələrə açılmış 24 aprel 2019-cu il tarixli 2V207 saylı vərəsəlik şəhadətnaməsi Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilib, vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrə verilmiş 30 aprel 2019-cu il tarixli **********24 nömrəli X21 Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-82/ 2022-009 nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Çıxarışa dair **********24 qeyd ləğv edilmişdir. Belə olduğu halda satıcı vərəsələrlə, alıcı Cavabdeh5 arasında bağlnmış müqaviləyə əsas olmuş **********24 saylı çıxarış ləğv edildiyi üçün onun əsasında bağlanmış 01may 2019-cu il tarixli alqı-satqı müqaviləsi mövcud qanunvericiliyə görə etibarsız hesab edilməlidir. Bu qanuna zidd sənədlər əsasında vərəsələrlə Cavabdeh5 arasında bağlanmış 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi də qanunvericiliyin tələblərinə uyğun ola bilməz. Bu baxımdan cavabdeh vərəsələrlə Cavabdeh5 arasında bağlanmış 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış yalan əqd olmaqla həm də əhəmiyyətsiz əqddir. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən 01 may 2019-cu il tarixli AN-İ N:0754388 saylı alqı satqı müqaviləsində Tərəflər arasında hesablaşma qaydası nəzərdə tutulmuşdur: Həmin bəndlərə görə, satıcılar alıcıya 3-cü şəxslərin hüquqlarından azad məhkəmə mübahisəsi olmayan əmlak verilməsini öhdələrinə götürsələr də, bu mümkün olmamışdır, hələ bu günədək alıcıya həmin əmlak akt tərtib edilərək verilməmişdir. Bu mümkün deyil. Torpaqla bağlı mübahisə olduğunu alıcı olan satıcıların qonşusu Cavabdeh5 də bilirdi, bilməmiş olması mümkün deyildi. Həm satıcılar, həm də alıcı vicdansız şəxslər olmuşdur. Notarius Cavabdeh6 bu müqaviləni bağlayarkən 1.0057 ha torpaq sahəsində iddiaçılara məxsus 2016-cı ildə ölmüş analarından qalmış miras əmlakın da alqı-satqısını həyata keçirmişdir. Bağlanmış bu müqavilə qanunların tələbləri pozularaq bağlanmaqla, tərəflər arasında iradə vahidliyini əks etdirməyən görüntü yaradan əhəmiyyətsiz yalan bir əqddir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 340.2-ci maddəsinin şərhi ilə bağlı çıxardığı 18 mart 2022-ci il tarixli Qərarının 1-ci hissəsində qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və.s şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə əqdin, əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Mülki Məcəllənin 339.6-cı maddəsində qeyd olunur: Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı: 7-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdırlar. Qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Müqavilə bağlanan zaman 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak (yeni tikilmiş dəyəri 100 manata olan yaşayış evi və digər tikillər) qeyd edilməmiş, (eyni zamanda 18 saylı ərazi idarəsi tərəfindən vərəsələrə verilən Çıxarışda da yaşayış evi qeyd edilməmiş, qəsdən bilərəkdən bu hərəkət edilmişdir) müqavilənin qiyməti torpaq və onun üzərində olan yaşayış evinin dəyərindən 30-40 dəfə aşağı 3000 manat göstərilmişdir, qiymət və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq etdikləri imzaları yoxdur, 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin (yuxarıda da qeyd edildiyi kimi) 7, 8, 9, 11, 12-ci bəndlərində göstərilən öhdəliklər yerinə yetirilməmiş, satıcılar satdıqları torpaq sahəsini və onun üzərində yerləşdiyi yaşayış evini və sənədləri də alıcıya verməmişlər (Mülki Məcəllə 567 və 568-ci maddənin tələbləri). Göstərilən bu şərtlərin satıcılar tərəfindən və alıcı Cavabdeh5 tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür. Bu ağlabatan hal deyil. Heç bir şəxs bir hektardan çox torpaq sahəsini üzərində 100 min manatdan çox dəyəri olan tikililəri 3 min manata heç kimə satmaz. Bu şərtləri yerinə yetirmək mümkün deyil. Ona görə ki, bağlanmış bu müqavilə görünüş üçün bağlanan müqavilə olduğu üçün yalan əqd olmaqla, əhəmiyyətsizdir (satıcılara ödənilən pulun bank qəbzi belə yoxdur). Yuxarıda qeyd edildiyi kimi, alqı-satqı müqaviləsi bağlanmış 1.0057 ha torpaq sahəsində ölmüş analarının miras əmlakı vardır. Bu miras əmlak onun vərəsələrinə- iddiaçılara qalmış miras əmlakı idi. Onu da bildirməyi vacib bilirlər ki, 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə satıcılar və alıcı məhkəmə iclaslarında iştirak etmirlər, onların nümayəndələri isə məhkəmələrdə həqiqəti əks etdirməyən sənədlərə əsaslanırlar. Həmin şəxslərin mübahisə ilə bağlı müstəqil fikirlərini, zəbt etdikləri torpaqda tikdikləri yaşayış evi və s. haqda gizli olan məqsədlərini aşkar etmək üçün prokurorluq orqanına müraciət etmişlər. Balakən Rayon Polis Şöbəsinin tədqiqatçısı tərəfindən satıcıların nümayəndəsi Cavabdeh3 və alıcı Cavabdeh5 alınan izahatlardan aydın olur: Cavabdeh3 izahatında 1.0057 ha torpaq sahəsini məhkəmənin qərarına əsasən əldə etdiyini göstərir. Torpağı isə Ç.Şahverdiveyə mübahisəli torpaq olduğu üçün 3000 manata satdığını, həmin torpaq sahəsində heç bir ev və ya hasar tikmədiyini, qardaşı Cavabdeh4 məxsus olan yaşayış evi və hasarının Kamilin qeyd etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşdiyini, Çingizə satdığı torpaq sahəsində hazırda heç bir tikilinin olmadığını bildirmişdir. Alıcı Cavabdeh5 izahatında 2019-cu il may ayının 3-də Cavabdeh3 ona və ailəsinə məxsus olan Qazma kəndində yerləşən 1.0057 ha kənd təsərrüfatı təyinanlı torpaq sahəsini 3000 manata aldığını və notariusda alqı-satqı müqaviləsi bağladığını, həmin torpaq sahəsinin istifadəsində olduğunu göstərmiş və həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 ilə Cavabdeh3 arasında mübahisə olduğunu bilmişdir. Cavabdeh3 aldığı torpaq sahəsində hər hansı bir ev, hasar, yaxud tikilinin olmadığını və özünün də orda tikili tikmədiyini bildirmişdir. İddiaçılar JN-645 saylı Dövlət Aktında olan 1.0057 ha torpaq sahəsinə Çıxarış almaq üçün 18 saylı ərazi idarəsinə müraciət etdikdə orada bildirilmişdir ki, torpaq yüklüdür, həmin torpağa X2 adına Çıxarış verilib. Cavabdeh3 və Cavabdeh5 tərəfindən polis şöbəsinə verdikləri izahatlardan məlum olur ki, alıcı Cavabdeh5 torpaqla bağlı mübahisə olduğunu bilib, qonşusu Əfqanın mənafeyini qorumaq üçün (Əfqan tərəfindən zəbt edilmiş və orada qanunsuz yaşayış evinin tikilməsini pərdələyib yayındırmaq üçün) onunla mövcud qanunvericiliyin tələblərinə zidd yalan əqd olan müqavilə bağlamışdır. Cavabdeh5 izahatından aydın olur ki, o, torpağı təhvil almayıb, torpağın heç bir sənədi ona verilməyib, o, aldığı torpağına belə daxil ola bilmir, onlar bu müqavilə ilə öz aralarında belə razılığa gəliblər ki, öz qanunazidd çirkin əməllərini bu bağladıqları yalan əqdlə ört-basdır etsinlər. Torpağın yaşayış evinin tikilisindən kənarda qalan 0.50 ha hissəsi (Cavabdeh5 satılan hissə) Cavabdeh3 tərəfindən kənd sakini Tağıyev Nizaminin istifadəsinə verilmişdir. 01 may 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 4 nəfər vərəsə olan satıcılar və alıcı vicdansız şəxslərdir, ona görə də müqavilənin tələbləri yerinə yetirilməmişdir və bu qeyri-mümkündür. Mübahisə edilən torpaqla bağlı F.Balayevanın adına tərtib edilmiş ******* N-li Çıxarışın, vərəsələrin adına açılmış 2V-207 nömrəli vərəsəlik şəhadətnaməsi və onların adına tərtib edilmiş **********24 saylı Çıxarışın qeydiyyaları məhkəmə qərarları ilə ləğv edidiyi üçün qeydiyyatları əsassız olduğu üçün müvafiq orqanlar tərəfindən reyestrləri ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçılar İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək, onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh5 nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçı tərəf tələbin əsası kimi mübahisə predmeti olan alqı-satqı müqaviləsinin və müvafiq çıxarışın aid olduğu torpaq sahəsinə dair əvvəlki hüquqmüəyyənedici sənədlərin ləğv edildiyini, satıcı ilə alıcı Cavabdeh5 arasında bağlanmış həmin müqavilənin yalan əq olduğunu, torpaq sahəsinin Cavabdeh5 təhvil verilmədiyini, həmçinin güya torpaq sahəsi üzərində fərdi yaşayış evinin inşa edildiyi və bu halda torpaq sahəsinin 3000 manata satılmasının ağlabatan olmadığını göstərmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının şikayəti əsasında Balakən Rayon Polis Şöbəsində araşdırma aparılmış və güya Cavabdeh5 izahatında torpaq sahəsini alarkən həmin torpaq sahəsinin mübahisəli olduğunu, satıcılar ilə iddiaçı arasındakı mübahisədən məlumatı olduğunu bildirmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və tamamilə fərziyyələrdən ibarətdir. Belə ki, sözügedən torpaq sahəsini Cavabdeh5 01 may 2020-ci il tarixində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın almışdır. Həmin tarixdə torpaq sahəsinə dair əvvəlki bütün hüquqmüəyyənedici sənədlər iddia ərizəsində qeyd olunanın əksinə qüvvədə olmuşdur (bu hal bundan əvvəlki digər məhkəmə mübahisələrində əksini tapmışdır). Həmçinin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair onun mülkiyyətçisinin sərəncamvermə hüququnu məhdudlaşdıran, eyni zamanda həmin torpaq sahəsi barədə əməliyyat aparılması ilə bağlı hər hansı qadağa qeydi də olmamışdır. Satıcı ilə alıcı Cavabdeh5 arasında bağlanmış həmin müqavilənin yalan əqd olmasına münasibətdə bildirir ki, əvvəla iddiaçı məhkəməyə bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etmir. İddiaçı tərəfindən verilən məlumatlar isə ümumiyyətlə həqiqəti əks etdirmir. AR Mülki Məcəlləsinin 340.2-ci maddəsində qeyd olunur ki, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yəni tərəflər həmin əqdi bağlayarkən əslində aralarında bağladıqları başqa əqdi pərdələmək niyyəti güdürlər. Halbuki satıcı ilə cavabdeh arasında başqa hər hansı əqd və ya razılaşma olmamışdır. Bu halı sübuta yetirmək üçün də iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmir. Bunun əksinə satıcı ilə Cavabdeh5 arasında torpaq sahəsinin alqı-satqısına yönəlmiş qarşılıqlı iradə olmuşdur və cavabdeh 01 may 2020-ci il tarixində torpaq sahəsini satıcıdan almışdır. Bunun məntiqi nəticəsi olaraq da torpaq sahəsi həmin tarixdən etibarən cavabdehin sahibliyində və istifadəsindədir. Baləkən rayonu Qazma Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, 1.0057 ha torpaq sahəsinə dair 2020-2023-cü illərə aid torpaq vergiləri Cavabdeh5 tərəfindən ödənilmişdir. Bu da onu göstərir ki, torpaq sahəsi Cavabdeh5 təhvil verilmişdir və onun istifadəsindədir. Torpaq sahəsi üzərində fərdi yaşayış evinin inşa edilməsinə münasibətdə qeyd olunmalıdır ki, bu hissə də iddiaçının fərziyyələrindən ibarətdir. Belə ki, dövlət reyestrindən çıxarışa və plan ölçü sənədində əsasən torpaq sahəsinin ölçüsü 1.0057 ha, məqsədli təyinatı isə kənd təsərrüfatı təyinatı olaraq göstərilmişdir. Hazırda Cavabdeh5 mülkiyyətində olan torpaq sahəsi də çıxarışa əsasən həmin ölçüdədir və onun üzərində hər hansı fərdi yaşayış evi inşa edilməmişdir. Məhkəmə iclasında iştirak edən satıcı Cavabdeh3 də sözügedən torpaq sahəsində ev inşa edilmədiyini bildirmişdir. Onun bildirməsinə görə torpaq sahəsinin qonşuluğunda fərdi yaşayış evi inşa edilmiş və onun da digər şəxsin adına dövlət reyestrindən çıxarışı mövcuddur. Aydın məsələdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi qanunla qadağandır. Əgər tikilsə belə həmin evə dair çıxarışın verilməsi qeyri-mümkündür. Balakən Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı güya Cavabdeh5 torpaq sahəsinin mübahisəli olduğunu bildirməsinə münasibətdə qeyd olunmalıdır ki, iddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh5 izahatında torpaq sahəsinin mübahisəli olduğunu sonradan öyrəndiyini bildirir. Göründüyü kimi, iddiaçı bu hissədə iddia ərizəsində təhrif olunmuş və məhkəməni aldatmağa yönəlmiş məlumat qeyd etmişdir. Bütün yuxarıda qeyd olunanlardan aydın olur ki, satıcı ilə Cavabdeh5 arasında bağlanılmış 01 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olmasından, o cümlədən həmin əqdin qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlanılmış əqd olmasından söhbət gedə bilməz. Bundan əlavə o da qeyd olunmalıdır ki, Cavabdeh5 sözügedən torpaq sahəsini əldə edərkən vicdanlı olmuşdur. Belə ki, o, torpaq sahəsinin mübahisəli torpaq sahəsi olduğunu bilməmişdir. İddiaçı alıcı ilə satıcının qonşu olduğunu bildirsə də, həmin məlumat həqiqəti əks etdirmir. Belə ki, digər Cavabdeh3 məhkəmədə Cavabdeh5lə onların yaşayış ünvanları arasında iki kilometrə yaxın məsafə olduğunu, onunla qohumluq əlaqələrinin və hər hansı münasibətinin olmadığını, aralarındakı yaş fərqinin təxminən 20 ilə yaxın olduğunu bildirmişdir. Göründüyü kimi, Cavabdeh5 torpaq sahəsinin mülkiyyətçiləri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydə, çıxarışa güvənərək həmin torpaq sahəsini satın almışdır. Alqı-satqı prosesi qanunvericiliyə uyğun olaraq notariat kontorunda rəsmiləşdirilmiş, bu zaman notarius tərəfindən torpaq sahəsinə dair sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olub-olmaması daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (forma 1) real vaxt rejimində əldə edilməklə yoxlanılmışdır. Cavabdeh5 qanunvericiliyə uyğun olaraq notariat qaydasında alqı-satqı müqaviləsi bağlamaqla satın aldığı sözügedən torpaq sahəsi üzərində, bütün bu hərəkətlərin məntiqi nəticəsi olaraq, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Bununla bağlı onun adına xx.xx.2020-ci il tarixli **********24 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Bütün bu prosesdə cavabdeh vicdanlı olmuşdur. Belə ki, mülki qanunvericilikdən göründüyü kimi, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir. Beləliklə, işin faktiki hallarından və yuxarıda sadalananlardan aydın olur ki, torpaq sahəsinə dair mübahisənin olmasını Cavabdeh5 bilməmişdir və bilmə imkanı da olmamışdır. Bu baxımdan da Cavabdeh5 sözügedən torpaq sahəsinin alqı-satqısı və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması vasitəsi ilə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsinə münasibətdə vicdanlı olmuşdur. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən isə vicdanlı üçüncü şəxslərin hüquqları qorunur. Belə ki, həmin maddədə qeyd olunur ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Göründüyü kimi, sözügedən torpaq sahəsinə dair Cavabdeh5 adına dövlət reyestrində aparılmış qeydiyyatdan öncəki qeydiyyatlar ləğv edilsə belə, sonuncu vicdanlı üçüncü şəxs olduğundan onun hüquqları qorunmalı, adına aparılmış qeydiyyat öz hüquqi qüvvəsini saxlamalıdır. Digər tərəfdən, bir anlığa sözügedən müqavilənin etibarsızlığı tələbinin əsaslı olduğunu fərz etsək belə, hazırda iddiaçının həmin tələblə çıxış etmək hüququ yoxdur. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, müqavilənin etibarsızlığına dair tələblərə dair 1 illik “kəsici müddət” tətbiq edilir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İşin faktiki hallarından məlumdur ki, hazırda mübahisələndirilən əqd 01 may 2020-ci il tarixində bağlanmış və həmin tarixdən etibarən də iddiaçının bu əqdin mövcudluğundan məlumatı olmuşdur. Lakin iddiaçı tərəfindən cavabdehlərə qarşı müqavilənin etibarsızlığı ilə bağlı olmayan iddialar irəli sürülmüş və məhkəmə çəkişmələri olmuşdur. Bütün bunlar nəzərə alındığında aydın olur ki, 1 illik müddəti keçirdiyinə görə iddiaçı 01 may 2020-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmaq hüququnu itirmişdir. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edilir ki, hazırki iş üzrə iddia tələbi təmin oluna bilən deyil. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi-vəkili Nümayəndə iddianı qəbul etməyərək və iddia ərizəsinə etirazının məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləti Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi də iddia ərizəsinə etiraz təqdim edərək, göstərmişdir ki, 18 saylı Zaqatala Ərazi İdarəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması və eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndənin iştirakı ilə əlaqədar olaraq 04 may 2023-cü il tarixində saat 10:10-da baxılacaq e-2(019)- 398/2023 saylı mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmək mümkün olmayacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş edirlər. İddia ərizəsində göstərilən iddia tələbinə etiraz olaraq bildirirlər ki, iddiaçının həmin işdə 18 saylı Zaqatala Ərazi İdarəsini (bundan sonra ərazi idarəsini) cavabdeh kimi göstərməsi qanunsuzdur. İddia predmetindən də göründüyü kimi, ərazi idarəsi məhkəmədə baxılan işdə cavabdehlik daşımır və qeyd olunan mübahisənin yaranmasında ərazi idarəsinin qanunsuz hərəkəti və hərəkətsizliyi olmamışdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeyd olunan qeydiyyatın aparılmasına əsas notariat qaydasında təsdiq edilmiş müvafiq alqı-satqı müqaviləsi olmuşdur. Bu müqavilənin isə reyestrinin prezumpsiyası vardır və bu sənədlər əsasında yaranmış hüquq-münasibətin dəqiq olub-olmamasının yoxlanılması və ya araşdırılması ərazi idarəsinin vəzifə sələhiyyətlərinə aid deyildir. Buna görə də, məhkəmədə baxılan işdə ərazi idarəsinin cavabdeh qismində göstərilməsi və nəticədə ödənilmiş dövlət rüsumunun həmçinin ərazi idarəsindən tutulmasının qeyd olunması qanunsuzdur (haqlı deyildir). Qeyd olunanları nəzərə alaraq, iddiaçı iddia ərizəsində cavabdehlik daşımayan ərazi idarəsini cavabdeh qismində səhv olaraq seçdiyi üçün ərazi idarəsinə aid edilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş mövcud hüquqmüəyyənedici sənədlər əsasında aparılır. Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq, məhkəmədən iş üzrə ərazi idarəsini cavabdeh kimi tərəf olmasından çıxarılması, ərazi idarəsinə aid edilməsi nəzərdə tutulan ödənişləri iddiaçıya aid edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızı, Cavabdeh4, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləti Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, həmin torpaq sahəsini əkib-becərmişdir. Torpaq sahəsi kənddə yerləşir. Həmin torpaq sahəsi əvvəllər Balayevlərin olmuş, sonradan Cavabdeh5 həmin torpaq sahəsini almışdır. Çingizlə söhbət edəndə dedi ki, təzə torpaq sahəsi almışdır, təmizləmək lazımdır. O da torpaq sahəsini təmizlədikdən sonra oranı bir neçə il əkmişdir. Hazırda o, həmin torpaq sahəsini əkmir. Torpaq sahəsini Cavabdeh5 özü əkir. Çingiz həmin torpaq sahəsini təmənnasız yalnız bir neçə il əkmək üçün ona vermişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh5dir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 01 may 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Balayev X17 rayonu Qazma kəndində yerləşən 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3000 manata Cavabdeh5 satmış və torpaq sahəsini alıcıya təhvil vermişlər. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5 Balakən rayonu Qazma kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0057 ha torpaq sahəsinə mülkiyyət hüquqları **********24 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Balakən Rayon Polis X9 təhqiqatçısı X15 16 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, cinayət hadisəsi olmadığına görə Balakən rayonu Qazma kənd sakinləri İddiaçı1, İddiaçı4, X20 və X11 Balakən rayon prokurlorluğu vasitəsilə araşdırılması üçün Balakən Rayon Polis Şöbəsinə göndərilmiş kollektik müraciətləri əsasında toplanmış NK-1-37 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı1, İddiaçı4, X20 və X12 ərizələrində göstərdikləri xüsusatlarla bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayonu Qazma Bələdiyyəsinin 31 may 2023-cü il tarixli 89 nömrəli arayışından görünür ki, Qazma kəndi ərazisində yerləşən **********24 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh5 məxsus 1.0057 ha torpaq sahəsinə dair 2020-2021-2022-2023-cü illər üzrə torpaq vergiləri Cavabdeh5 tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçılara Balakən Rayon Aqrar İslahat Komissiyasının 06 nömrəli qərarı ilə 1,08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 anası mərhum X7 ilə hazırkı iş üzrə iddiaçılar arasında onların mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən, kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 645 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş 10057,49 kv.m. torpaq sahəsinin alğı-satqısı bağlanmış hesab edilmişdir. Balakən Rayon Məhkəməsi 09 avqust 2018-ci il tarixdə həmin qətnamə üzrə icra vərəqəsi vermiş və icra vərəqəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsi X2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 23 oktyabr 2018-ci il tarixdə qeydə alınaraq RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış tərtib edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia təmin edilməmiş, həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2019-cu il tarixli qərarına əsasən). İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş olmasına baxmayaraq ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmədiyindən hazırkı iş üzrə iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu ıl tarixli qətnaməsi ilə (iş № 2(019)-607/2019) həmin iddia təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli 2(107)-2671/2019 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1272/2020 saylı 27 fevral 2020-ci il tarixli qərarına əsasən). Bununla belə iş materiallarından o da aydın olur ki, mərhum X2 adına RX seriyalı ******* nömrəli Çıxarış üzrə qeydə alınmış Balakən rayonu Qazma kəndində yerləşən mübahisəli 1,0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 24 aprel 2019-cu ıl tarixli, 2v-207 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 adlarına hər birinin payı 1/4 olmaqla 30 aprel 2019-cu il tarixli **********24 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş, bundan sonra həmin torpaq sahəsi qeyd olunan şəxslər tərəfindən notarial qaydada təsdiq edilmiş 01 may 2019-cu il tarixli 4Ə-252 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 satılmış və Cavabdeh5 mübahisəli torpaq sahəsi üzərindəki hüquqları 03 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq ona **********24 reyestr nömrəli çıxarış verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsinə, habelə Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Xanayeva (Balayeva) Mehriban İdris qızına və Cavabdeh5 qarşı “ləğv edilmiş ******* nömrəli çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın və bu çıxarış ilə 01 may 2019-cu il tarixdə bağlanmış 4Ə-252 saylı alqı-satqı müqaviləsinin və bu müqavilə əsasında Cavabdeh5 hazırlanmış 1,0057 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində hüquqlara dair 03 may 2019-cu il tarixli **********24 nömrəli çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsinə Balakən Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 2(019)-440/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən iddiaçıların verdikləri apellyasiya şikayətinə əsasən işə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən baxılmış və qəbul edilmiş 2(107)-82/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, qətnamənin iddia tələbinin “ləğv edilmiş ******* nömrəli Çıxarış əsasında hazırlanmış 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın” ləğv edilməsinin təmin edilməməsi hissəsində qismən ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, 30 aprel 2019-cu il tarixli, **********24 nömrəli çıxarışın və ona dair reyestr qeydiyyatının ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Hazırkı iddia tələblərində isə iddiaçılar məhz Balakən Rayon Məhkəməsinin 4 avqust 2020-ci il tarixli 2(019)-440/2020 nömrəli qətnaməsinin aid olduğu mülki işdə ləğv edilməsini istədikləri (yuxarıda qeyd edildiyi onların həmin tələbləri əsassız hesab edilərək təmin edilməmişdir) 01 may 2019-cu il tarixli 4Ə-252 saylı alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsini tələb edirlər. Onların təmin edilməsini xahiş etdikləri digər tələb – həmin müqavilə əsasında Cavabdeh5 adına tərtib edilmiş reyestr nömrəsi **********24 olan çıxarışın ləğvi isə məhz qeyd edilən həmin tələbdən törəmədir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə 01 may 2019-cu il tarixli 4Ə-252 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin əsaslı olub-olmadığı araşdırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçıların etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı, habelə bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu mübahisə mövzusu deyildir. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi bağlanarkən həmin torpaq sahəsinin məhz Balayevlər ailəsinin xüsusi paylı mülkiyyətində olduğu, onların isə xüsusi paylı mülkiyyətlərində olan həmin torpaq sahəsini Cavabdeh5 satdıqları işin mübahisələndirilməyən halıdır. İşin qeyd edilən halı alqı-satqı müqaviləsinə dair notariat işi ilə yanaşı, qanuni qüvvədə məhkəmə qərarları ilə də öz təsdiqini tapır. Mübahisə tərəfləri arasında anlaşmazlıq alqı-satqı müqavilələrini bağlamış şəxslərin arasında iradə və onun bildirilməsi vahidliyinin olubolmaması ilə bağlıdır. İddiaçılar həmin alqı-satqı müqaviləsinin formal olaraq sırf görünüş üçün bağlandığını iddia etsələr də, müqavilənin tərəfləri qismində çıxış edən Balayevlər və Cavabdeh5 bunu təkzib edirlər. Eyni zamanda Cavabdeh5 mübahisəli əmlaka dair hər hansı mübahisənin varlığından məlumatlı olmadığını, torpaq sahəsinə baxıb bəyəndikdən sonra qarşı tərəflə qiymətində razılaşdıqlarını və dəyərini ödəyərək aldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) ola biləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (Mülki Məcəllənin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə, uydurma və yalan əqdlərdir. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Belə ki, uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə isə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir və əhəmiyyətsizdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, sadəcə iddiaçıların izahatını əsas götürməklə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsinin uydurma və yalan əqd olduğu qənaətinə gəlmək mümkün deyildir. Çünki mülki işin materiallarından da göründüyü kimi, iddiaçılar həmin müqavilənin formal olaraq sırf görünüş üçün bağlandığını iddia etsələr də, buna dair hər hansı mötəbər sübutu məhkəmə təqdim edə bilməmişlər. Eyni zamanda müqavilənin tərəfləri olan satıcı Balayevlər ailəsi və alıcı qismində çıxış edən Cavabdeh5 bunu təkzib etməkdədirlər. Bu isə cavabdehlərin, həmin alqı-satqı müqaviləsini qarşılıqlı sövdələşmə ilə formal olaraq sırf görünüş məqsədilə bağladığını istisna edir. Digər tərəfdən torpaq sahəsinin Cavabdeh5 sahibliyində və istifadəsində olduğu və onun tərəfindən 1.0057 ha olan həmin torpaq sahəsinə dair 2020-2023-cü illərə aid torpaq vergilərini ödədiyi müəyyən edilmişdir (iş materiallarına əlavə edilmiş Baləkən Rayonu Qazma Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən). İşin qeyd edilən halı da iddiaçıların müqavilənin formal olaraq sırf görünüş məqsədilə bağladığı dəlilinin əsaslı olmadığını göstərir. Mübahisəli torpaq sahəsinin real bazar qiymətindən çox daha aşağı qiymətə satılmasının müqavilələrin formallığına dəlalət etməsi ilə bağlı iddiaçıların dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hal, müqavilənin etibarsız hesab olunmasına əsas vermir; çünkü əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir və yaranmış zərurətlə əlaqədar əmlakını real dəyərindən aşağı qiymətlə satması sonradan müqavilənin etibarsız sayılmalı olması mənasına gəlmir. İşin yuxarıda şərh olunan hallarına əsasən məhkəmənin qənaəti bundan ibarətdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən tərəflər (Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 və Cavabdeh5) səlahiyyətli, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, həmin müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəfi kimi onların azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtlərini qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirmişlər. Beləliklə sözügedən 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi forma və məzmunca qanunvericiliyin tələblərinə müvafiq tərtib edilmişdir. İş materialları ilə həmin 01 may 2019-cu il tarixli müqavilənin yalan, uydurma və bununla bağlı əhəmiyyətsiz əqd sayılması üçün müvafiq faktoloji hallar və hüquqi əsaslar müəyyən edilməmişdir. İş üzrə iddiaçılar tərəfindən belə halları təsdiq edən müvafiq sübutlar məhkəməyə təqdim olunmamışdır. Digər tərəfdən, hipotetiki olaraq sözügedən müqavilənin etibarsızlığı tələbinin əsaslı olduğu fərz edilsə belə, hazırda iddiaçı tərəfin həmin tələbi irəli sürmək hüququ müddətin keçməsi ilə itirilmişdir. Belə ki, bununla bağlı qanunvericilikdə nəzərdə tutulan müddət iddiaçılar tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən müqavilənin etibarsızlığına dair tələblərə dair 1 illik “kəsici müddət” tətbiq edilir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İşin faktiki hallarından məlumdur ki, hazırda mübahisələndirilən əqd 01 may 2019-cu il tarixində bağlanmış və həmin tarixdən etibarən də iddiaçı tərəfin bu əqdin mövcudluğundan məlumatı olmuşdur. Belə ki, iddiaçılar tərəfindən cavabdehlərə qarşı müqavilənin etibarsızlığı ilə bağlı olmayan müxtəlif iddialar irəli sürülmüş və məhkəmə çəkişmələri olmuşdur. Yəni iddiaçılar bu iddianı qaldırmazdan bir neçə il ərzində əqdin iddia edilən etibarsız sayılmasına əsas verən halları bilmişlər və ya bilməli idilər. Bütün bunlar nəzərə alındıqda aydın olur ki, 1 illik müddəti keçirdiyinə görə iddiaçılar 01 may 2019-cu il tarixli müqavilənin etibarsızlığı tələbi ilə iddia qaldırmaq hüququnu itirmişlər. Bu baxımından məhkəmə, iddiaçıların “01 may 2019-cu il tarixli 4Ə-252 saylı alqısatqı müqaviləsinin etibarsız edilməsi” barədə iddia tələblərinin təmin olunmasını mümkün hesab etmir. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçıların digər tələbi – 01 may 2019-cu il tarixli 4Ə-252 saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh5 adına tərtib edilmiş reyestr nömrəsi **********24 olan çıxarışın ləğvi üzrə əlavə əsaslandırma aparılması ümumiyyətlə zəruri deyildir. Çünkü “01 may 2019-cu il tarixli 4Ə-252 saylı alqısatqı müqaviləsinin etibarsız edilməsi” tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir. Bununla belə məhkəmə həmçinin qeyd edir ki, mübahisəli torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh5 onu vicdanlı əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu müddəa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində də öz əksini tapmışdır. Mülki qanunvericilikdən göründüyü kimi müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir. Bu isə o deməkdir ki, “01 may 2019-cu il tarixli 4Ə-252 saylı alqı-satqı müqaviləsinin etibarsız edilməsi” tələbi əsaslı olsa idi və bunun əsasında aparılmış qeydiyyat əsassız çıxsa idi belə, iddiaçıların pozulmuş hüquqları bu mübahisəli əmlakı vicdanla əldə etmiş şəxsin (Cavabdeh5) hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməzdi. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X13 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Məhkəmə xüsusi olaraq nəzərə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 06 dekabr 2011-ci il tarixli qərarında mənzilin özəlləşdirilməsində rol oynamış mühüm dövlət orqanlarının qərarlarının “vicdanlılıq” məsələsinin müəyyən olunmasındakı roluna toxunaraq qeyd etdi ki, xeyli sayda dövlət orqanlarının mənzili özəlləşdirmək hüququnu təsdiq etməsi həmin mənzili onu özəlləşdirən şəxsdən almış şəxsi özəlləşdirmə zamanı yol verilmiş pozuntulara görə mənzilə sahiblik hüququnu itirmək təhlükəsi altında qoymamalıdır. Dövlət hakimiyyət orqanlarının işdə buraxdıqları səhv və çatışmazlıqlar həmin şəxslərin xeyrinə işləməli, bu səhvlər onların hesabına düzəldilməməlidir. Avropa Məhkəməsi bu qərarında belə mübahisələrin vicdanlı alıcının əldə etdiyi əmlakı itirməsi ilə nəticələnməsinin ilkin mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan “ictimai maraq”la vicdanlı alıcının hüquqlarının qorunmasında ifadə olunan “fərdi maraq” arasındakı ədalətli tarazlığı pozduğunu qeyd etmiş və belə tarazlığın vicdanlı alıcının hüquqlarının müdafiə olunması hesabına təmin olunması zəruriliyini qabartmışdır. Avropa Məhkəməsi “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqısatqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edirki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Bununla yanaşı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət'reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. İddiaçıların “cinayət işinin başlanılmasının rədd edilməsi barədə 16 yanvar 2023-cü il tarixli qərarı ilə Cavabdeh5 torpaq sahəsinin mübahisəli olduğunu bilməsinin müəyyən olunduğu” arqumentlərinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qərarın aid olduğu işin araşdırılması zamanı Cavabdeh5 izahatında torpaq sahəsinin mübahisəli olduğunu alqı-satqı müqaviləsi bağlanarkən deyil, sonradan bildiyini (öyrəndiyini) bildirmişdir. Bu isə, onun (Cavabdeh5) mübahisəli torpaq sahəsini vicdanla əldə etmədiyi qənaətinə gəlməyə əsas vermir. Nəzərə alınmalıdır ki, əldə edənin vicdanlı sayılması onun əqdin bağlanması anında ona mane olan halların mövcudluğundan xəbərsiz (məlumatsız) olması ilə şərtlənir. Həmin halların əldə edənə sonradan məlum olması vicdanlılıq halına təsir etməməlidir. Şərh olunanlara əsasən məhkəmənin qənaəti bundan ibarətdir ki, iddia tələblərinin vicdanlı alıcı olan Cavabdeh5 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızına aid edilməlidir. Məhkəmə müvafiq nəticəyə gələrkən qanunvericiliyin iddia tələbinin və ona etirazın əsasında duran hallara düzgün hüquqi qiymət verilməsi, tərəflərin izahatlarının, toplanmış sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməsi, qətnamənin işin hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılması tələblərini rəhbər tutmuşdur. Belə ki, məhkəmə qətnaməsi çıxarılarkən nəzərə alınmalı olan hallardan biri də Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinin tələblərinə uyğun olaraq qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi tələbinə dair iddiası təmin olunmasın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-398/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-398/2023
02.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver