Məhkəmə qərarları › İş №e-2(019)-557/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-557/2025

25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-557/2025 25.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona yetirdiyi zərərə görə 6160 manat əsas borc, 9148.63 manat faiz borcu olmaqla, cəmi 15308,63 manat borc və ödənilmiş 137 manat dövlət rüsumunun, ümumilikdə 15445,63 manat pulun Cavabdeh alınaraq onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 1(019)- 7/2024 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinin materialarından da görünür ki, Cavabdeh qəsdən, vahid tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə onun əmlakını talama, yəni ələ keçirmə məqsədi ilə ona qarşı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, onun müraciəti əsasında Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasinda baxılan mülki mübahisənin Bakı şəhərində yaşayan və yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə 15000 manat pul müqabilində onun xeyrinə qərar qəbul etdirəcəyini vəd verib və onu aldadaraq 29 iyul 2022-ci il tarixində ondan yaşadığı evdə 11 000 manat məbləğində nağd pulu və daha sonra 04 avqust 2022-ci il tarixində və yenidən yaşadığı evdə ondan 500 manat nağd pulu qəsdən, vahid tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə qanunsuz olaraq alİb ələ keçirərək ona 11 500 manat məbləğində maddi ziyan vurmuşdur. 13 aprel 2023-cü il tarixində Balakən Rayon Polis Şöbəsinə ərizəylə müraciət etmişdir. Polisin və Məhkəmə prosesi gedən zaman hakimin köməyi ilə sözü gedən məbləğin 5340 manatını Cavabdeh ona ödəmiş, lakin geri qalan məbləğin 6160 manatını indiyənə kimi ona odəməmişdir. Hesab edir ki, Cavabdeh ona vurduğu maddi ziyan 11 500 manatdan ibarət deyil. Belə ki, Leylaya verdiyi pulu iki ayrı-ayrı Banklardan Kredit götürərək əlbəəl vermişdir. Cinayət işinin materialarında olan Beynəlxalq Bank və Kapital Bankdan götürdüyü Kredit müqavilələrindən müəyyən olunur ki, onun Beynəlxalq Banka 4717,49 manat və Kapital Banka 4431,14 manat faiz ödəməyi nəzərdə tutulmuşdur. Hesab edir ki, faiz məbləği də Cavabdeh ona vurduğu maddi ziyana hesablamalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. O,məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.1 və 185.4-cü maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(019)-7/2024 inömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 01 may 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin bir gününün ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılması və Cavabdeh üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması; Cavabdeh üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonlarının ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması;Cavabdeh cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması; Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; hökmün icrasının Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi; təqsirləndirilən şəxs Cavabdeh məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 60 manat Balakən rayon Vəkil Bürosunun vəkili X1 ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X2 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməsi hökm edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir . Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Cavabdeh 2022-ci ilin iyul ayının ortalarında İddiaçı müraciəti əsasında Bakı şəhərində yaşayan və yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasinda baxılan mülki mübahisənin 15000 manat pul müqabilində İddiaçı xeyrinə qərar qəbul etdirəcəyini vəd verib və onu aldadaraq 29 iyul 2022-ci il tarixində ondan yaşadığı evdə 11 000 manat məbləğində nağd pulu və daha sonra 04 avqust 2022-ci il tarixində və yenidən yaşadığı evdə ondan 500 manat nağd pulu qəsdən, vahid tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə qanunsuz olaraq alıb ələ keçirərək ona 11 500 manat məbləğində maddi ziyan vurmuşdur. İbtidai istintaq və məhkəmə icraatı dövründə vurulmuş ziyanın 5340 manatı ödənmiş, qalan 6160 manatı ödənməmişdir. Odur ki, İddiaçı həmin məbləğin ,həmçinin kredit borcuna görə hesablanmış 9148.63 manat faiz borcunun, cəmi 15308,63 manat borcun və ödənilmiş 137 manat dövlət rüsumunun Cavabdeh tutulub ona verilməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək qeyd edir ki, məhkəmə iclasında işin faktiki halları araşdırılarkən mübahisəsiz olaraq müəyyən olundu ki, Cavabdeh İddiaçı aldadaraq, dələduzluq yolu ilə onun 29 iyul 2022-ci il tarixində 11 000 manat, 04 avqust 2022-ci il tarixində isə 500 manat nağd pulu ələ keçirərək ona 11 500 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin cinayət işinə baxılarkən İddiaçı həmin məbləğin 5340 manatının qaytarıldığını, 6160 manatın ödənilmədiyini, Cavabdeh isə 6600 manat ödəniş etdiyini, 4900 manat pul qaytarmalı olduğunu bildirmişdir. Cavabdeh 6600 manat ödəniş etdiyini bildirsə də bunu təsdiq edən heç bir mötəbər sübutu təqdim edə bilməmişdir. O, hazırkı iş üzrə məhkəmə iclaslarına gəlməmiş, heç bir sübut təqdim etməmişdir. Eyni zamanda , iş materiallarından göründüyü kimi İddiaçı 29 iyul 2022-ci ildə "xxxx" ASC-dən 9700 manat və "xxxx" ASC-dən 9101 manat kredit almışdır ki, bu kreditlərin məbləği 18801 manat təşkil edir. İddiaçı isə cavabdehə 11500 manat vermişdir. Bundan başqa kreditlər 48 ay müddətinə götürülmüşdür və iddiaçı bu məbləğlərdən nə qədər ödəməsinə dair heç bir sübut təqdim etməmişdir. Həmçinin İddiaçı cavabdehin təklifinə əsasən kredit götürməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, əksinə iş materiallarından görünür ki, İddiaçı cavabdehin təklifinə əsasən deyil, öz istəyinə əsasən kredit götürmüşdür. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı 11500 manatın cəmi 5340 manatını qaytarmış, qalan 6160 manatı qaytarmamışdır. Odur ki, həmin məbləğ, yəni 6160 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia tələbi 9148.63 manat faiz borcuna aid hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, tələblərin təmin edilmiş məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 136.60 manat dövlət rüsumu xərcinin 54.80 manatı, Cavabdeh alınıb İddiaçı verilməli, qalan 81,80 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə yekun olaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 6160 manat və ödənmiş dövlət rüsumuna görə 54.80 manat, cəmi 6214,80 manat alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 6160 (altı min bir yüz altmış) manat və ödənmiş dövlət rüsumuna görə 54.80 manat (əlli dörd manat səksən qəpik), cəmi 6214,80 manat (altı min iki yüz on dörd manat səksən qəpik) alınıb İddiaçı verilsin; iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar