Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-664/2024 09.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatına qarşı icra qeydlinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən verilmiş 8İ-2705 nömrəli, 28 fevral 2024-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatından Z-0440-PK/AZN-2023 nömrəli müqaviləyə əsasən kreditlə telefon almışdır. Krediti vaxtında ödəyə bilmədiyinə görə gecikmələr olmuşdur. Lakin kredit ödənişi ilə bağlı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ona heç bir məlumat verməmişdir. Bir neçə gün əvvəl Balakən Rayon İcra və X1 rayon Notariat Ofisinin 8İ-2705 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında məlumat verilmişdir. Həmin məlumata əsasən ona məlum olmuşdur ki, Balakən rayon Notariat Ofisinin 8İ-2705 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir: həmin sənədlər üzrə AZ1052, BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ, ev 156 ünvanında yerləşən Cavabdeh1 VÖEN **********/ xeyrinə BALAKƏN M.MÜŞFİQ K- Sİ 10 ünvanında qeydiyyatda olan İddiaçı (AZE15285738, xx.xx.2015 - BALAKƏN RPŞ QvŞV qrupu; FİN xxxxxxx d/t xx.xx.1998) Z-0440-PK/AZN-2023 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1280 manat 00 qəpik (min iki yüz səksən manat sıfır qəpik) tutulsun. Bundan əlavə təklif edir ki, borclu İddiaçı 1062 manat 76 qəpik (min altmış iki manat yetmiş altı qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2367 manat 76 qəpik (iki min üç yüz altmış yeddi manat yetmiş altı qəpik) pul tutulsun. İlk əvvəl bildirmək istəyir ki, icra qeydi ilə bağlı ona heç bir məlumat verilməmişdir. Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı da mübahisənin həll edilməsi ilə bağlı ona hər hansı məlumat verməmişdir. Bundan əlavə icra qeydindən məlum olur ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı Z0440- PK/AZN-2023 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1280 manat 00 qəpik (min iki yüz səksən manat sıfır qəpik), eyni zamanda 1062 manat 76 qəpik (min altmış İki manat yetmiş altı qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2367 manat 76 qəpik (iki min üç yüz altmış yeddi manat yetmiş altı qəpik) pul tələb edir. Belə bir icra qeydi açıq-aşkar əsassız və qanunsuzdur və kredit məbləğindən bir neçə dəfə şişirdilmiş rəqəmlərdir. Yuxarıda göstərdiyi sənədləri almadığına görə ona etiraz edə və hazırda həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. xx.xx.2024-cü il tarixli reyestrdə 8İ- 2705 nömrə ilə qeyd edilmiş icra qeydi icra edilməsi üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin,“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı” nın 1-ci hissəsinin tələblərini pozaraq heç bir qanuni əsas olmadan icra qeydi aparmışdır. Belə ki, Z-0440-PK/AZN-2023 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1280 manat 00 qəpik (min iki yüz səksən manat sıfır qəpik), eyni zamanda 1062 manat 76 qəpik (min altmış iki manat yetmiş altı qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2367 manat 76 qəpik (iki min üç yüz altmış yeddi manat yetmiş altı qəpik) pula görə ödəniş müddətinin keçməsi ilə bağlı ona yazılı bildiriş göndərilməmiş, icra qeydlərinin yalnız təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq edildiyi halda aparıldığından notarius həmin tələblərə əməl etmədiyindən, əsas borc və cərimə mübahisələndirildiyindən hesab edir ki, icra qeydi tam əsassız aparılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 28 fevral 2024-cü il tarixli İcra qeydində göstərilmişdir ki, “Mən, Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 'Notariat haqqında’ Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1052, BAKİ ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ, ev 156 ünvanında yerləşən Cavabdeh1 /VÖEN:**********/ xeyrinə BALAKƏN M.MÜŞFİQ K-Sİ 10 ünvanında qeydiyyatda olan İddiaçı (AZE15285738, xx.xx.2015 - BALAKƏN RPŞ QvŞV qrupu; FİN: xxxxxxx; d/t: xx.xx.1998) Z-0440-PK/AZN-2023 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1280 manat 00 qəpik (min iki yüz səksən manat sıfır qəpik) tutulsun. Bundan əlavə təklif edirəm borcludan İddiaçı 1062 manat 76 qəpik (min altmış iki manat yetmiş altı qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 2367 manat 76 qəpik (iki min üç yüz altmış yeddi manat yetmiş altı qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır”. İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Balakən rayon Notariat Ofisinin 8İ- 2705 nömrəli, 28. 02.2024-cü il tarixli icra qeydi üzrə icraat başlanılmış, borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatının dinləyib, iş üzrə toplanmış yazılı sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatından Z-0440-PK/AZN-2023 nömrəli,14 aprel 2023-cü il tarixli müqaviləyə əsasən kreditlə telefon almışdır. Kredit vaxtında ödənməmiş, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı icra qeydinin verilməsi üçün Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 xx.xx.2024-cü il tarixdə Z-0440-PK/AZN-2023 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1280 manat 00 qəpik (min iki yüz səksən manat sıfır qəpik), eyni zamanda 1062 manat 76 qəpik (min altmış İki manat yetmiş altı qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2367 manat 76 qəpik (iki min üç yüz altmış yeddi manat yetmiş altı qəpik) pulun İddiaçı tutulmasına dair 8İ-2705 nömrəli xx.xx.2024-cü il tarixli icra qeydi vermişdir. İddiaçı ona yazılı bildiriş göndərilmədiyini, icra qeydinin verilməsi üçün tələb olunan borcun mübahisəsiz olmadığını göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ”Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndində göstərilmişdir ki, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X2 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının 2-ci hissəsində göstərilmişdir ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı; Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi notarius tərəfindən icra qeydinin verilməsi üçün, tələb mübahisəsiz olmalı; tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli; bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalı; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim edilməlidir. Hazırkı işin materiallarından görünür ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı 1280 manat 00 qəpik (min iki yüz səksən manat sıfır qəpik) əsas borca 1062 manat 76 qəpik (min altmış İki manat yetmiş altı qəpik) məbləğində cərimə (peniya) hesabladığından tələb mübahisəli olmuşdur. Həmçinin borclunun bildirişi almasına dair sənəddəki imzası ilə, kredit müqaviləsindəki imzalarından aydın surətdə görünür ki, İddiaçı bildirişi almasına dair sənəddəki imzası onun tərəfindən icra olunmamışdır. Bundan başqa alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən təfsilatlı maliyyə arayışı tərtib olunub notariusa təqdim edilməmişdir. Göründüyü kimi Balakən Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 28 fevral 2024-cü il tarixli 8İ-2705 nömrəli icra qeydi qanunvericiliyin tələblərinə əməl edilmədən verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Balakən Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli 8İ-2705 nömrəli icra qeydi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Balakən Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli 8İ-2705 nömrəli icra qeydi ləğv edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-664/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-664/2024
09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver