Məhkəmə qərarları › İş №e-2(019)-843/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-843/2024

18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-843/2024 18.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı sığorta ödənişi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin, 77.5 (yetmiş yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) xidmət haqqının, cəmi 5827.9 (beş min səkkiz yüz iyirmi yeddi manat, doxsan qəpik) manat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də “İcbari Sığortalar haqqında” AR Qanununa uyğun olaraq “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “X14 111 CDİ” markalı, Gürcüstan Respublikasında qeydiyyatda olan OG-435-GO nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Balakən şəhəri H.Əliyev prospektində Cavabdeh tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Kia Optima” markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobilə və X2 zərər dəymişdir. “Kia Optima” markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə tərəflərindən 5000 (beş min) manat məbləğində, X2 dəyən zərərə görə isə 750 (yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Balakən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmış və xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən Cavabdeh barəsində materiallar AR İXM-in 327.6, 334.1 və 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Balakən RPŞ-nin DYPB-nə göndərilmişdir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehdən tutulmalıdır. Bununla bağlı bildirilir ki, 77.5 (yetmiş yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) xidmət haqqının ödənilməsi haqqında qəbzlər iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, subroqasiya qaydasında pulun tələbinə dair Cavabdeh qarşı iddia ərizəsinə İddiaçı ASC-nin iştirakı olmadan baxıb, qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1 nömrəli rəyində göstərilmişdir ki, X11 müəyyən edilmiş xəsarətlər-əllədikdə ön təpəağrı, sağ budun orta 1/3-də ön səthdə qançır, büzdüm nahiyəsində şişkinlik, baş beyin silkələnməsi- bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. İş materiallarında olan X3 Ekspertizası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 2254 nömrəli ekspert rəyində göstərilir ki, “Kia Qptima” markalı,**-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 4130 (dörd min bir yüz otuz ) manat, işçilik xidmətləri isə 1600 (bir min altı yüz ) manat müəyyən olunur. Avtomobilə dəymiş cəmi zərər 5730 (beş min yeddi yüz otuz) manat müəyyən olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 fevral 2019-cu il tarixli 0324/FQ/CML-0043/2018-2019 nömrəli Sığorta Aktının surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən X4 hesabına 5000 (beş min) manat məbləğində vəsait köçürülmuşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 22 fevral 2019-cu il tarixli 0324/FQ/CML-0043/2018-2019-1 nömrəli Sığorta Aktının surətindən görünür ki, İddiaçı ASC tərəfindən X10 hesabına 750 (yeddi yüz əlli) manat məbləğində vəsait köçürülmuşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X4 hesabına 5000 (beş min) manat məbləğində vəsait köçürülmuşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X10 hesabına 750 (yeddi yüz əlli) manat məbləğində vəsait köçürülmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Balakən rayonu H.Əliyev prospektində idarə etdiyi “X14 111 CDİ” markalı, Gürcüstan Respublikasında qeydiyyatda olan OG-435-GO nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək X1 olmuş “Kia Optima minik” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, X2 yüngül zərər vurulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AD seriyalı 366055 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Kia Optima minik” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi X6r. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli, 6 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, xx.xx.2019-cu il tarixdə saat 01.40-da aparılan tibbi müayinə zamanı Cavabdeh yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən olunmuşdur. İşdə olan Balakən RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X7 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, X10 yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alınası barədə aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6, 334.1 və 332.2-ci maddələrinin tərkibi olduğundan Cavabdeh barəsində inzibati tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin DYPB-nə göndərilməsi, həmçinin qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, “X14 111 CDİ” markalı, Gürcüstan Respublikasında qeydiyyatda olan OG-435-GO qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də PAZ ********** nömrəli şəhadətnamə ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə Balakən rayonu H.Əliyev prospektində idarə etdiyi “X14 111 CDİ” markalı, Gürcüstan Respublikasında qeydiyyatda olan OG-435-GO nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək X1 olmuş “Kia Optima minik” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Kia Optima” markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobilə və X2 zərər dəymişdir. Ziyanla bağlı zərərçəkən şəxslərə 5750 manat məbləğində sığorta ödənişi verilmişdir. Buna görə də İddiaçı ASC hazırkı iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi əsasında sığorta ödənişi həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, “faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 4.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; 14.1.2. şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsi (əlillik); 14.1.3. şəxsin ölümü. 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.1. zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi -100 faiz; 14.2.2. zərərçəkənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş elan edilməsi-100 faiz; 14.2.3. zərərçəkənin bədən xəsarəti alması, zəhərlənməsi, yaxud kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ona əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması: 14.2.3.1. İ qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə – 80 faiz; 14.2.3.2. İİ qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə – 60 faiz; 14.2.3.3. İİİ qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə – 40 faiz; 14.2.4. əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz; 14.2.5. yüngül xəsarət alması – 15 faiz. 14.3. Bu Qanunun və ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunların məqsədləri üçün ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.2-ci maddələrinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: Həmin Qanunun 25.4-cü maddəsinə əsasən bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrəsı sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir . «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 77.5 manat və 0.4 (qırx qəpik) xidmət haqqı Cavabdeh tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi, 77.5 manat məbləğində dövlət rüsumu xərci və 0.4 (qırx qəpik) xidmət haqqı dövlət rüsumu xərci alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi, 77.5 manat məbləğində dövlət rüsumu xərci və 0.4 (qırx qəpik) xidmət haqqı alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar