Məhkəmə qərarları › İş №e-2(019)-931/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-931/2025

25.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-931/2025 25.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Zaqatala X4 idarəsi tərəfindən ona əsassız hesablanmış 777,60 manat borcun onun abonent hesabından (**********02590) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində Balakən şəhəri Qullar kəndində fərdi yaşayış evi vardır. xx.xx.2023-cü il tarixində Azəriqaz X1 RQİİ-nin Balakən xidmət sahəsinin əməkdaşları tərəfindən akt tərtib edərək istifadələrində olan qaz sayğacını açaraq götürmüş, həmin yoxlama zamanı qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağına vurulan plombun yuvasının sındığı bildirilmiş bu barədə ******* nömrəli akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixdə Zaqatala X4ı idarəsinin rəhbərliyi tərəfindən qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması iddia edilərək qazdan pulsuz istifadə etmələri səbəbindən 6460 m3 (777,60 manat) əlavə borcunun olmasını qərara almışdır. Bu barədə xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə qərara alınmışdır. Yəni biz heç bir əsas olmadığı halda 777,60 manat “Azəriqaz" İstehsalat Birliyinə borclanmışlar. Halbuki, sözügedən qaz sayğacı evdən kənarda yol hissədə yerləşdirilmişdir. Onların qaz sayğacını müdafiə etmək və qorumaq kimi bir imkanları yoxdur. Yoldan insanlar və avtomobillər gediş-gəliş üçün istifadə edirlər. Sayğaca hər hansı müdaxilə olunacağı təqdirdə də onlar həmin evdə yaşamış olsalar belə onun və ailə üzvlərinin bunu görmə və müdaxilə etmə imkanı məhdud dərəcədədir. Bütün bu proseslərdən onun xəbəri olmamış, ona heç bir yazılı sənəd təqdim edilməmişdir. Yalnız 2024-cü ilin dekabr ayında bundan xəbəri olmuşdur. Bütün bu hallar isə son nəticədə “ Azəriqaz" X1 X4 idarəsinin rəhbərliyi tərəfindən yazılmış əlavə borcun əsassız olduğunu sübut edir. Cavabdeh iddia ərizəsinə etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********02590 saylı qaz hesabında xx.xx.2025-ci il tarixə 857.65 manat borc vardır. Həmin borcun 80.05 manat hissəsi sayğac üzrə, 777.60 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirirəm ki, Zaqatala RQİİnin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı 11466825 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı 11466825 nömrəli sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 13731598 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-13382/Q001/1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6m3 sutkalıq iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6480 m3 (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 777.60 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək evdən kənarda quraşdırılmış sayğaca görə ona cərimə yazıldığını, sayğac dəyişdirilərkən onun evdə olmadığını, həmin vaxt Rusiyada olduğunu, sayğacın onun iştirakı olmadan çıxarılmasını, cərimə yazıldığını, iddianın əsaslı olmasını nəzərə alaraq təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin təyin edilmiş məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1i ünvanında yaşayan İddiaçı məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 13731598 saylı sayğac quraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz İB”14-2-2/3-5-13382/Q001/1 saylı akta əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, sayğac istismara yararsızdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi, cəmi 6480 m3 hesablanmışdır. İddiaçı məxsus **********02590 saylı abonentin saldosundan görünür ki, 2023-cü ilin dekabr ayına qalıq və aktlar üzrə 777,60 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvan 1i ünvanında sayğaca müdaxilə edilməsi aşkar edilmiş, dəymiş ziyanın həcmi 6480 m3 (və ya 777.60 manat) hesablanmışdır. Lakin məhkəmə qaz sayğacının iddiaçının evindən kənarda yerləşməsini, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini, onun təqsirinin müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır. Cavabdehin iddia ərizəsinə etirazda qeyd etdiyi qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulmasının, bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa heç kimə müsbət təsirinin olmaması dəlilləri əsassızdır. Məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 777,60 manat borc silinməlidir. Hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu: **********02590) 26 dekabr 2023-cü ******* saylı akta əsasən hesablanmış 777,60 manat borc abonent hesabından silinsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar