Məhkəmə qərarları › İş №e-2(020)-1005/2024

Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1005/2024

07.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1005/2024 07.06.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, Ərizəçi İddiaçı (maraqlı şəxs qismində AR İN ƏMDXDƏDR-nin 6 saylı Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: Ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun Beyləqan-Kəbirli asfalt yolu ilə yeni çəkilmiş Orcanikidze kanalı arasında baş torpaq sahəsindən ümumi sahəsi 1.42 ha olan hissəsinə sahiblik və ondan istifadə etmək faktının müəyyən olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə 1993-cü ildə Beyləqan rayon İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciəti əsasında da Beyləqan rayon XDS-nin xx.xx.1993-cü il tarixli, 06 saylı sərəncamı ilə müvafiq komissiya yaradılmışdır. Məhz, həmin komissiya tərəfindən də Beyləqan-Kəbirli asfalt yolu ilə yeni çəkilmiş Orcanikidze kanalı arasında baş torpaq sahəsindən ümumi sahəsi 1.42 ha olan hissəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ona ayrılması məqsədəuyğun hesab olunmuşdur. Bundan sonra da Beyləqan rayon XDS-nin xx.xx.1994-cü il tarixli 15 nömrəli qərarına əsasən göstərilən ünvandakı 1,42 ha torpaq sahəsi şəxsi istifadə üçün ona ayrılmış və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Beləliklə də onun qanuni istifadəsinə verilmiş bu torpaq sahəsində də o, öz yaxın qohumlarının köməkliyi ilə sərmayə qoyaraq geniş yaşıllıq işləri görmüş və həmin torpaq sahəsində müxtəlif növ meyvə ağacları əkib-becərərək onların verdiyi məhsulları satmaqla bəhər, gəlir əldə etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, o, həmin torpaq sahəsindən 30 ildən də artıq müddətdir ki, istifadə edir və bu torpaq sahəsinə faktiki sahibliyini həyata keçirir. Bu illər ərzində də öz istifadə və sahiblik hüquqlarımı maneəsiz olaraq hər hansı aidiyyatı dövlət orqanının və digər kənar şəxslərin müdaxiləsi olmadan həyata keçirmişdir. Hesab edir ki, 30 ildən də artıq müddətdə həmin torpaq sahəsinin onun istifadə və sahibliyində olma faktı nəzərə alınmalı və bu fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Qeyd etmək istəyir ki, o, öz faktiki istifadə və sahibliyində olan bu torpaq sahəsinə dair müvafiq mülkiyyət sənədlərini bu günədək ondan asılı olmayan səbəblərdən əldə edə bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, məhkəmə tərəfindən sözügedən torpaq sahəsinin onun istifadə və sahibliyində olması faktı məhkəmə qaydasında müəyyən olunduğu təqdirdə bu torpaq sahəsinə dair müvafiq mülkiyyət sənədlərini əldə edə bilər. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.6-cı maddəsinə əsasən, məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Göründüyü kimi ərizəçi tərəfindən sahiblik və istifadə hüququnun tanınmasını tələb etdiyi daşınmaz əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olduğu halda və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpasınn mümkün olmadığı halda, hazırki tələbi ilə məhkəməyə müraciət etməli olduğu halda, ərizəçi tərəfindən bu tələblərə riayət edilməmişdir. Əksinə ərizənin məzmunu ilə müəyyən edilir ki, 1993-cü ildə Beyləqan rayon İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciəti əsasında da Beyləqan rayon XDS-nin xx.xx.1993-cü il tarixli, 06 saylı sərəncamı ilə müvafiq komissiya yaradılmışdır. Məhz, həmin komissiya tərəfindən də Beyləqan-Kəbirli asfalt yolu ilə yeni çəkilmiş Orcanikidze kanalı arasında baş torpaq sahəsindən ümumi sahəsi 1,42 ha olan hissəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün ona ayrılması məqsədəuyğun hesab olunmuşdur. Bundan sonra da Beyləqan rayon XDS-nin xx.xx.1994-cü il tarixli 15 nömrəli qərarına əsasən göstərilən ünvandakı 1,42 ha torpaq sahəsi şəxsi istifadə üçün ona ayrılmış və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Belə olan halda isə, daşınmaz əmlakın ərizəçinin qanuni sahibliyinə verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı mövcud olduğundan, onun Beyləqan-Kəbirli asfalt yolu ilə yeni çəkilmiş Orcanikidze kanalı arasında baş torpaq sahəsindən ümumi sahəsi 1,42 ha olan hissəsinə sahiblik və ondan istifadə etmək faktının müəyyən olunması haqqında tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Təsvir edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, hazırki ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ərizəçiyə izah olunmalıdır ki, o, həmin daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədin alınması üçün müvafiq inzibati orqana müraciət etməli və onun müraciətindən inzibati orqan imtina etdiyi halda isə həmin orqanın hərəkət və ya hərəkətsizliyindən isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263 və 264 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizəçi İddiaçı (maraqlı şəxs qismində AR İN ƏMDXDƏDR-nin 6 saylı Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olsun ki, o, daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədin alınması üçün müvafiq inzibati orqana müraciət etməli və və onun müraciətindən inzibati orqan imtina etdiyi halda isə həmin orqanın hərəkət və ya hərəkətsizliyindən isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar