Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-179/2025 17.03.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun nümayəndəsi və vəkili Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh- Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11752 (on bir min yeddi yüz əlli iki) manat əsas borc, 1020 (bir min iyirmi) manat vəkil üçün ödənilmiş pulun və 126 manat dövlət rüsumu olmaqla cəmi 12898 (on iki min səkkiz yüz doxsan səkkiz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, müxtəlif cür geyim əşyalarının topdan və pərakəndə satışı ilə maşəğuldur. 2023-cü ilin avqust ayında təsadüfən Cavabdeh ilə tanış olmuşdur. Kamalə ona Beyləqan rayonunda mağaza götürüb işlətdiyini demişdir. Cavabdeh ondan kömək etməsini xahiş edib ona satması üçün mal verməsini istəmiş, pulunu isə ayba ay ödəyəcəyinə söz vermişdir. Cavabdeh ona bildirmişdir ki, əvvəllər qaynanasından mal götürsə də indi aralarında olan ziddiyyətə görə qaynanası ona mal vermir. O, Kamalə ilə razılaşb ona satması üçün müxtəlif əşyalar və eləcə də paltar vermişdir. O, bir dəfə malları özü gətirmiş, bir dəfə də cavabdeh əri ondan mal götürmüşdür. Elə vaxtı mallar onun xalasının evinə öz istəyi ilə verilmişdir. Kamalə ilk vaxtlar malın pulunu aybaay vaxtında ödəmiş, 2024-cü ilin əvvəllərindən başlayaraq ödənişi azaltmağa başlamış və may ayından etibarən heç bir ödəniş etməmişdir. Səbəbini soruşduqda müxtəlif bəhanələr gətirərək gah uşağının xəstə olduğunu, gah nəvəsinin xəstə olduğunu deyərək onun pulunu verməmişdir. Kamalə ondan ümumilikdə 24906.70 manatlıq mal almış, həmin puldan ödənişlər etmişdir. Kamalə aldığı mala görə müxtəlif vaxtlarda 6932 manat pul ödəmiş, 6222.70 manatlıq malı geri qaytarmışdır. Hazırda Kamalənin ona ödənilməmiş 11752 manat borcu qalmışdır. Odur ki, Cavabdeh 11752 (on bir min yeddi yüz əlli iki) manat əsas borc, 1020 (bir min iyirmi) manat vəkil üçün ödənilmiş pulun və 126 manat dövlət rüsumu olmaqla cəmi 12898 (on iki min səkkiz yüz doxsan səkkiz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı və onun nümayəndəsi Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Vəkil iddianı müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, Beyləqan rayonunda yaşadığı ərazidə mağazası vardır. Mağazasında müxtəlif malların satışı ilə məşğul olur. İddiaçının iddia ərizəsi ilə tanış olmuşdur. Onun məhkəmə iclasında dediklərini çoxu yalandır. O, 2023-cü ildə iddiaçıdan satmaq üçün mal götürmüşdür. İddiaçı özü ona zəng edərək onunla işləməsini təklif etmişdir. İddiaçı ona mal göndərmişdir. Hər dəfə maldan kəmliklər olmuşdur. İddiaçıdan cəmi 23000 manatlıq mal almış, malın dəyərindən 6932 manatını hissə-hissə ödəmişdir. O, iddiaçıya bir dəfə 3184 manatlıq və bir dəfə 6222 manatlıq mal qaytarmışdır. Ümumilikdə 3 dəfə iddiaçıya malı geri qaytarmışdır. Axırıncı dəfə iddiaçı taksi göndərmiş, o, həmin taksi ilə malları tələsik göndərdiyinə görə siyahını tuta bilməmişdir. Əvvəl göndərdiyi malların siyahısı isə yanmışdır. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, iddiaçının və cavabdehin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı müxtəlif geyim mallarının pərakəndə və topdan satışı ilə məşğul olmuşdur. Cavabdeh 2023-cü ilin avqust ayından başlayaraq ondan müxtəlif paltar və sair malları nisiyə almış və aralarında olan razılaşmaya görə cavabdeh həmin malları satdıqdan sonra pulunu hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin müəyyən müddətdən sonra cavabdeh malların dəyərini tam olaraq ödəməkdən yayınmış, bəzi alıdığı malları keyfiyyətinə görə sata bilmədiyini göstərib geri qaytarmışdır. Cavabdeh malların pulunu tam ödəmədiyinə görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehə 24906.70 manat dəyərində mal verdiyini, həmin malın 6932 manatnın dəyərinin cavabdeh tərəfindən ödənildiyini, 6222.70 manat dəyərində malı geri qaytardığını, qalıq borcun 11752 manat olduğunu göstərmişdir. Cavabdeh isə iddiaçının ona nisiyə olaraq 23000 manat dəyərində mal verdiyini, həmin malların dəyərindən 6932 manat ödədiyini, qalan malları geri qaytardığını, iddiaçıya heç bir borcu qalmadığını bildirmişdir. Məhkəmə tərəfindən tərəflər arasında telefon danışıqlarını özündə əks etdirən səs yazıları dinlənərkən müəyyən edildi ki, cavabdeh iddiaçıdan 24801.30 manat dəyərində mal aldığını etiraf etmişdir. Cavabdeh geri qaytarılan malların bir hissəsini siyahıya ala bilmədiyini, digər malların qeyd olunan siyahısının yandığını göstərmiş, lakin onun da qeydiyyat apardığı siyahıda göstərilən birinci dəfə qaytarılan malların dəyəri 3036.70 manat olmuşdur. İddiaçı cəmi 6222.70 manat dəyərində malın qaytarıldığını qeyd etmişdir. Cavabdeh qaytarılan mallara dair başqa sübut tqdim edə bilmədiyindən məhkəmə iddiaçının göstərdiyi həmin xüsusatları əsaslı hesab edir. Digər tərəfdən iddiaçı cavabdehə 24906.70 manat dəyərində mal verdiyini, cavabdeh isə iddiaçının ona verdiyi malın dəyərinin 23000 manat olduğunu göstərsə də, tərəflər arasında olan telefon danışıqlarından iddiaçının cavabdehə verdiyi malın ümumi dəyərinin 24801.30 manat olması müəyyən edilmişdir. Ona görə də məhkəmə iddiaçının cavabdehə göndərdiyi ümumi malın 24801.30 manat olduğunu əsas kimi qəbul etmişdir. Beləliklə həmin malın dəyərinin 6932 manat iddiaçıya ödənilməsini və 6222.70 manat dəyərində malın qaytarılması nəzərə alındıqda cavabdehin iddiaçıya olan borcu 11646.60 manat təşkil edir ki, məhkəmə iddianın həmin hissədə təmin edilməsini əsaslı hesab edir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilən ödəniş qəbzindən görünür ki, hazırkı iddia ilə bağlı Azərbaycan Beynalxalq Bankı vasitəsi ilə İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı vəkil bürosunun vəkili Vəkil hesabına 1020 manat pul ödənilmişdir. Məhkəmə hazırkı iddianın mahiyyətini və vəkilin həmin işin aparılması üçün iddia ərizəsinin hazırlanması və məhkəmədə iştirakından ötürü sərf etdiyi vaxta görə həmin məbləği real hesab etmir. Ona görə də məhkəmə vəkilə ödənilmiş xərcə görə məbləğin 700 manat həcmdə təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh nisiyə alqı-satqı üzrə yaranmış borca görə 11646.60 (on bir min altı yüz qırx altı manat altmış qəpik) manat, vəkil üçün ödənilmiş 700(yeddi yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 120 (yüz iyirmi) manat alınıb İddiaçı verilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.
Məhkəmə qərarları › İş №e-2(020)-179/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-179/2025
17.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver