Məhkəmə qərarları › İş №e-2(020)-19/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-19/2025

15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-19/2025 15.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı və onun nümayəndəsi və vəkili Bakı şəhəri, 38 saylı Vəkil Bürosunun vəkili Vəkil1, Cavabdeh- Cavabdeh və onun nümayəndəsi və vəkili “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyan olaraq 52 000 manat, əldə çıxmış fayda 1200 manat, mənəvi ziyan olaraq 2000 manat, iddiaya görə məhkəməyə ödənilmiş 255 manat, ümumilikdə 55255 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, 2023cü ilin iyun ayında özünə məxsus Sabunçu rayonu Ramana qəsəbəsi südçülük sovxozunda yerləşən 3 sot torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün ev tikib satan Emin adlı şəxslə razılaşaraq ona 50 000 manat pul vəsaiti vermişdir. Cavabdeh tikinti işləri ilə məşğul olduğunu, tikinti standartlarını bildiyini, evin tikilməsi üçün qanunun tələbinə uyğun olaraq layihələndirmə və arxitektura işlərini həll edəcəyini bildirmişdir. O, 2023-cü ilin oktyabr ayında evinə baxmaq üçün getmiş, Cavabdeh heç bir tikinti standartına uyğun olmayan ev inşa etdiyini görmüşdür. Evin inşası zamanı açıq-aşkar inşaat normaları kobud pozulmuşdur. Halbuki bu günki gündə 50 000 manat bir mərtəbəli evin tikinti standartlarına uyğun inşaatı üçün kifayət qədər böyük məbləğdir. Bundan sonra o, Sabunçu rayon Polis idarəsinə müraciət etmişdir. Sabunçu RPİ tərəfindən 13 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Polis şöbəsində izahat verən cavabdeh ondan evin tikintisi üçün 50.000 manat aldığını etiraf etmişdir. Evin hörgüsü zamanı istifadə olunan mişar daşları keyfiyyətsiz olmuş, mişar daşları beton kalonlarla və beton kəmərlə bərkidilməmiş, evin daxilində elektrik xətti düzgün çəkilməmiş, keyfiyyətsiz kabellərdən istifadə olunmuş, döşəmə üçün kəsilmiş və nazik taxtadan istifadə olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona maddi və mənəvi ziyan vurmuşdur. Həmçinin Cavabdeh evin tam tikilməsini bir ay müddətinə başa çatdıracağına söz versə də bu sözünə də əməl etməmişdir. O, həmin tarixdən hər ay 300 manat ödəməklə ev tutub yaşamışdır. Onun evi söz verildiyi kimi 1 aya hazır olsaydı o, kirayə haqqı ödəmzdi. Cavabdeh evi 2 aya tikib təhfil verəcəyini demişdir. O, cavabdehə evi 9 daş üstündə tikiləcəyini demiş, lakin cavabdeh evi 6 daş üstündə tikmişdir. Cavabdehə dam örtüyünün hansı formada olacağını deməmişdir. Evin dam örtüyü çox bərbad vəziyyətdədir. O, cavabdehdən 65000 manata 3 otaqlı ev almış və həmin evin həyətindən bir evdə inşa etmək üçün ona sifariş vermişdir. Cavabdehə aldığı evdən fərqli bir evin tikilməsini sifariş vermiş, lakin Cavabdeh ona tamamilə başqa lahiyədə ev tikmişdir. Evi 9 daş üstündə tikilmədiyinə və dam örtüyünün kefiyətsiz vurduqlarına görə tikintini dayandırmışdır. Onun evinin tikintisində iki usta işləmişdir. Cavabdehin gördüyü işlərdən tam narazıdır. Cavabdeh həmin evin tikintisinə təxminən 20000 manat pul xərcləmişdir. İşlərin başa çatmaması cavabdehin təqsiri üzündən baş vermişdir. O, cavabdehə inanmış, lakin cavabdeh onun evini yarımçıq qoyaraq özünə başqa yerdə ev tikməyə başlamışdır. Ona görə də, Cavabdeh maddi ziyan olaraq 52 000 manat, əldə çıxmış faydaya görə 1200 manat, mənəvi ziyan olaraq 2000 manat, iddiaya görə məhkəməyə ödənilmiş 255 manat, ümumilikdə 55255 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə etdi, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl etməməsi, yəni evi vaxtında tikib başa çatdırmaması və evi keyfiyyətsiz inşa etməsi müəyyən edildiyindən, cavabdeh podrat müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı ondan 65000 manata Bakı şəhəri Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evi almış və həmin evdə yaşamışdır. Sonra iddiaçı həmin yaşayış evinin həyətində aldığı evlə eyni lahiyədə ev tikməyi ona sifariş vermişdir. O, həmin evi tikmək üçün iddiaçı ilə 50000 manata razılaşmışdır. İddiaçı ona 47000 manat pul vermişdir. O, həmin pulla evin inşasına başlamışdır. Ev normativlərə uyğun və keyfiyyətli materiallardan tikilmişdir. Həmin evdə dörd usta işləmiş və hər gün gördükləri işi iddiaçının oğlu və ya qardaşı Tahir gəlib təhvil almışdır. O, evi iddiaçı ilə razılaşdıqları vaxtdan da tez tikmişdir. İddiaçı tikilən evin qonşuluğunda yaşamış və hər gün görülən işləri özü görmüşdür. Tikintinin dayandırılmasını iddiaçı onadan tələb etmişdir. Bunun səbəbini iddiaçı ona izah etməmiş, yalnız ondan artıq pul aldığını demişdir. Evin tikilməsi üçün iddiaçı tərəfindən ona vaxt qoyulmamışdır. İddiaçı ona telefon danışığında demişdir ki, “mənim tələsən yerim yoxdur, ay yarım olmasın iki ay olsun, heç yerə təsmirəm, Allaha şükür qalmağa yerim vardır, nə yaxşı ki, sizə rast gəlmişəm”. Bu barədə onların arasında telefon danışığı vardır və həmin telefon danışığını məhkəməyə təqdim etmişdir. Evin bünövrəsini tökərkən iddiaçı özü ona demişdir ki, bünövrəni torpağın üzərindən etsin ki, ev hündür olsun. İddiaçı evin damını ona satdığı evin damı ilə eyni olmasını da ondan xahiş etmişdir. Həmin evin inşası 47000 manata başa gələ bilməzdi. Bir sözlə o, evi iddiaçıya satdığı evin lahiyəsi və formasında tikmişdir. İddiaçının evin normativlərə uyğun tikilməməsi və vaxtında təhvil verilməməsi barədə fikirləri əsassızdır. Həmin evin materiallarına 33000 manatdan artıq pul xərcləmişdir və əlaəv olaraq ustalara 8000 manat pul vermişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 iddia əsassız olduğundan, yəni cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyindən, evin tikintisinin tam başa çatmamasının iddiaçının təqsiri üzündən baş verdiyini nəzərə alıb iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********37 olan, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdən başlayaraq 99 il müddətinə xx.xx.2008-ci il tarixli 430 nömrəli icarə müqaviləsi və xx.xx.2013-cü il tarixli 3M-1-251 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən İddiaçı qızna icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayon pols şöbəsinə müraciət edərək 2023-cü ilin iyun ayında ev tikdirmək məqsədilə Emin adlı şəxsə 50000 manat pul verdiyini, Lakin həmin şəxsin onu aldararaq etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsini göstərmişdir. Müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı nümayəndəsi vəkil Xəzər Səxavət oğlu və Cavabdeh nümayəndəsi Vəkil2 vəsatətləri əsasında Beyləqan Rayon Məhkəməsinin12 mart 2024-cü il tarixli mühəndis-texniki və məhkəməəmtəəşunaslıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/2761 nömrəli eskpertiza rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evi üzrə aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 17159,0 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyetlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa edilmədiyi edilmişdir. Ekspertiza qarşısında qoyulmuş üçüncü sual- Tədqiqat olunan evin tikintisində istifadə olunmuş materialların yararlı olubolmamasının, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olub-olmamasının müəyyən edilsin? Həmin sual tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından üçüncü sual üzrə tədqiqat aparılamamışdır. Əvvəlki məhkəmə iclasında izahat verən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ekspertiza qarşısında qoyulmuş üçüncü sual-Tədqiqat olunan evin tikintisində istifadə olunmuş materialların yararlı olub-olmamasının, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olub-olmamasının müəyyən edilməsi ilə bağlı suala cavab verilməsinin zəruri olduğunu, lakin ekspertizanın yarımçıq aparıldığını, həmin suala cavab verilməsinin böyük əhəmiyyət kəsb etdiyini göstərmiş və məhkəməyə vəsatət təqdim edərək əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/1-10/2761 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış tikintisində istifadə olunmuş materialların yararlı olub- olmamasının, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olub-olmamasının müəyyən edilməsi tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından üçüncü sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə tərəfindən cavabdeh tərəfindən təqdim edilmiş cavabdehlə iddiaçı arasında telefon danışlarının qeydinə baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə danışarkən “mənim tələsən yerim yoxdur, ay yarım olmasın iki ay olsun, heç yerə təsmirəm, Allaha şükür qalmağa yerim vardır, nə yaxşı ki, sənə rast gəlmişəm, sənə güvənirəm, ana-bala olduq, səndən xahişim bir odur ki, işə başlayanda məni çağır gül yeri təyin edim, darvazanın ağzına işiq alım və həyərdəki tumbalara işiq bağlatdırım, onu da özüm alıb verəcəm”. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən torpaq sahəsində ev tikdirmək üçün cavabdehə sifariş vermişdir. Aralarında olan razılığa görə ev həmin yerə yaxın yerdə tikilmiş cavabdeh tərəfindən iddiaçıya satılan başqa bir evin formasında tikilməsi nəzərdə tutulmuşdur. Tərəflər evin dəyərini 50000 manata razılaşmış, iddiaçı cavabdehə əvvəlcədən 47000 manat pul vermişdir. Evin tikilməsi ilə bağlı müəyyən işlər görülmüş, sonradan iddiaçı evin tikintisini dayandırmışdır. Səbəb kimi cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl etməməsi, yəni evi vaxtında tikib başa çatdırmaması və evin keyfiyyətsiz inşa etməsi müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə görə əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Mülki Məcəllənin 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 756.2-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmədə iddiaçının göstərdiyinə baxmayaraq tərəflər arasında vaxtla bağlı müqaviləyə əməl olunmaması öz təsdiqini tapmamışdır. Lakin işin başa çatdırılmaması, yarımçıq qalması, evin tikintisi üçün verilən pulun müqabilində işlərin görülməməsi kifayət qədər sübuta yetmişdir. Həmin hal tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə də təsdiq olunmuşdur. Ekspertizanın rəyinə əsasən mübahisəli fərdi yaşayış evində aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 17159,0 manat məbləğində müəyyən olunmuşdur. Lakin məhkəmə hesab edir ki, həmin məbləğə evini tikintisindən ötürü ustalara xərclənən pulu aid etmək olmaz. Çünki, iddiaçı özü məhkəmə iclasında həmin evin tikintisinə cavabdeh tərəfindən təxminən 20000 manat xərc çəkildiyini göstərdi, digər tərəfdən cavabdeh özü də evin tikintisindən ötürü təkcə ustalara 8000 manat verdiyini göstərdi. Ona görə də məhkəmə hesab edir ki, Ekspertizanın göstərdiyi məbləğ yalnız evin tikinti materiallarına sərf olunması kimi qəbul edilməli və əlavə olaraq ustalara 8000 manat verilməsi nəzərə alınmalıdır. Belə olan təqdirdə iddia iddiaçının cavabdehə evin tikintisi üçün 47000 manat verdiyi pulun (17159+8000 =25150 manat) çəkilmiş xərclər çıxılmaqla 21841 manat məbləğində təmin edilməlidir. İddiaçının əldə çıxmış faydaya görə 1200 manat, mənəvi ziyana görə 2000 manat pul tələbini məhkəmə əsaslı hesab etmir. Çünki iddiaçı bu barədə məhkəməyə kifayət qədər sübut təqdim etməmişdir. Əldən çıxmış faydanın və mənəvi ziyanın nədən ibarət olması iş materialları ilə təsdiq olunmur. Belə olan halda iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv qiymət verərək iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 21841 (iyirmi bir min səkkiz yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumuna görə 155 (yüz əlli beş) manat alnıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumuna görə 100 yüz) manat İddiaçı aid edilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 200 (iki) manat məbləğin 100 (yüz) manatı İddiaçı, 100 (yüz) manatı isə Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə onun surətini rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar