Məhkəmə qərarları › İş №e-2(020)-234/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-234/2025

20.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-234/2025 20.06.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı iştirakı ilə, İddiaçıTapdıq oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14 000 (on dörd min) manat məbləğində borc pulun, həmin məbləğə hesablanmış 5 % əldən çıxmış faydanın əvəzi olaraq 1400 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasında göstərmişdir ki, Cavabdeh xeyli müddətdir ki, tanımış, tanıdığı müddət ərzində Aytən onun etibarından sui-istifadə edib onu aldadaraq pulunu ələ keçirmişdir. Belə ki, Cavabdeh özünə məxsus kredit borcunun maddi sıxıntısı səbəbindən vaxtlı-vaxtında ödəyə bilməməsi pula ehtiyacı olduğunu bildirərək ondan dəfələrlə müxtəlif vaxtlarda borc pul istəmişdir. O, cavabdehə etibar edərək gecikdirmədən qaytarması şərti ilə müxtəlif vaxtlarda cavabedehə borc pul vermişdir. Daha sonra bu hal təkrarlanaraq mütəmadi hal almışdır. Qarşı tərəf özünə məxsus kredit ödənişlərini yubatması səbəbindən sıxıntıda olduğunu bəhanə gətirərək onun etibarını zədələmiş, hətta bununla da qalmamış onun hazırki vəziyyətini maddi olaraq çətinləşdirmişdir. O, müxtəlif vaxtlarda Cavabdeh hissə-hissə ödəniş şəklində olmaqla ümumilikdə 14 000 (on dörd min) manat pul vəsaitini borc pul şəklində vermişdir. Əlavə olaraq müxtəlif tarixlərdə ona məxsus Leobank kartından Cavabdeh məxsus **********264930 saylı karta 2791 manat, **********333880 saylı karta 1717 manat, **********537680 saylı karta 260 manat, qarşı tərəfin kart hesabına günaşırı olmaqla pul göndərmişdir. Qalan digər məbləğləri isə əlbə-əl şəkildə cavabdehə vermişdir. Dəfələrlə cavabdehin ailə üzvlərinə cavabdehin ona borcu olduğunu və qaytarılmasını tələb etsə də onlar borcun qaytaracağını söz vermişlər. Ancaq heç bir məbləği geri qaytarmamışlar. O bununla əlaqədar Abşeron rayon Polis İdraəsinə müraciət etmişdir. Cavabdeh ilə və onun qardaşının borcu qaytaracağını söz verməsi ilə bağlı olan watsapp sosial şəbəkəsi üzərindən olan sms yazışmalar və səs yazışmaları mövcuddur. Maddi zərər 14000 manat əsas borcdan, MM-nin 449-cu maddəsinə uyğun olaraq ötən 2 il üçün (illik 5 %) 1400 manat əldən çıxmış faydadan ibarətdir. Ona görə də, Cavabdeh 14 000 (on dörd min) manat məbləğində borc pulun, həmin məbləğə hesablanmış 5% əldən çıxmış faydanın əvəzi olaraq 1400 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, cavabdehin nümayəndəsinin onun cavabdehə borc verməməsi, həmin pulun şəxsi münasibətlər zəminində cavabdehə verməsini və cavabdehin pulu qaytarmaqla bağlı heç bir öhdəlik götürməməsi barədə məhkəməyə verdiyi etirazı əsassızdır. Çünki cavabdehlə votsap yazışmalarında həqiqitən ondan borc pul aldığını və onun pulunu qaytaracağını etiraf etmişdir. Bu səbəbdən də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə göndərdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Cavabdeh vəkalətli nümayəndəsi Sirius Vəkil Bürosunun vəkili Vəkil Ələstan qızı məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı işdə cavabdeh qismində iştirak edən müvəkkili Cavabdeh qarşı Beyləqan Rayon Məhkəməsinə müraciət edərək pul tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddiası əsassızdır, təmin edilə bilməz. İddiaçının tələbi absurd olması ilə yanaşı real faktları da görməzdən gəlir. Belə ki, iddiaçı heç bir əsası və sübutları olmadan müvəkkili Cavabdeh üzərinə şər-böhtan ataraq ona borc verdiyini iddia edir. Bildiririk ki, iddiaçı tərəfindən bildirildiyi kimi müvəkkilinə pul verilməsi və borcun mövcudluğuna dair heç bir razılaşma, müqavilə və ya yazılı sübut yoxdur. Həmçinin, iddiaçı tərəfindən bu pul köçürmələrinin borc müqaviləsi əsasında verildiyini sübut edən heç bir yazılı və ya hüquqi sübut təqdim edilməmişdir. Qeyd etmək istərmişlər ki, tərəflər şəxsi münasibətləri çərçivəsində bir-birinə müəyyən məbləğlər göndərmiş və bu vəsaitlərin heç biri borc kimi razılaşdırılmamışdır. Tərəflər arasında olan vəsait mübadiləsi şəxsi münasibətlər və ailə təsərrüfatının paylaşılması məqsədini daşımışdır. Tərəflər birgə ehtiyaclarını qarşılamaq, gündəlik xərcləri bölüşdürmək və ümumi ev təsərrüfatını idarə etmək məqsədilə pul köçürmələri etmişdir. Bu pul köçürmələri heç bir zaman borc şəklində deyil, qarşılıqlı yardımlaşma, ailə üzvləri arasında güvən və anlaşma əsasında həyata keçirilmişdir. Həmçinin, hər iki tərəf aralarındakı mütəmadi pul köçürmələrinin borc deyildir, sadəcə şəxsi münasibətlərdən və qarşılıqlı yardımlaşmadan qaynaqlandığını anlayaraq belə bir fəaliyyətə razılıq vermişdir. Heç bir tərəf digərinə borc qaytarılması ilə bağlı hər hansı bir öhdəlik götürməmişdir. Bu köçürmələr birgə yaşadıqları həyat tərzinin tərkib hissəsi olaraq həmişə qarşılıqlı olaraq qəbul edilmiş və heç bir tərəf bunu borc kimi qəbul etməmişdir. Belə ki, tərəflərin arasında heç bir müstəqil borc müqaviləsi və ya qarşılıqlı borc öhdəlikləri mövcud olmamışdır. Əlavə olaraq bildiririk ki, iddiaçı bir neçə dəfə cavabdehin ailə üzvlərinə özünün səhv etdiyini etiraf etmiş, ona qarşı şər və böhtan atmamağa, onu narahat etməməyə söz vermişdir. Bu ifadələr onun cavabdehə qarşı məsuliyyətini dərk etdiyini və hər hansı bir yanlış anlaşılma və ya şər-böhtanın yaranmaması üçün öz davranışlarını düzəldəcəyini göstərir. Bu baxımdan, cavabdehin indiki tələbləri və iddiaları əsassızdır. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehin durmadan qısnamaya məruz qalması və narahat edilməsi səbəbi ilə hüquq mühafizə orqanlarına müraciət edilmişdir. Belə ki, cavabdehin müraciəti əsasında müvafiq orqanın xx.xx.2024- cü il tarixli, 40 saylı qərarı ilə İddiaçı xəbərdarlıq olunaraq Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu tərəfindən profilaktik qeydiyyata götürülmüş, Cavabdeh isə 60 gün olmaqla qısamüddətli mühafizə orderi verilməsi qərara alınmışdır. İddiaçı öz ərizəsində borcla əlaqədar hüquq mühafizə orqanlarına, Abşeron rayon Polis İdraəsinə müraciət ünvanladığını bildirmişdir. Buna münasibətdə isə bildirmək istərdik ki, iddiaçı həmin araşdırma zamanı belə bir borc iddiası irəli sürdüyünü, lakin bu iddianı geri götürəcəyini və həmin iddianın real faktları əks etdirmədiyini öz ifadəsində bildirmişdir. Bu da bir daha iddiaçının borc pul tələbinə dair iddiasının əsassız olduğunu və cavabdehə yönəlmiş böhtan xarakterli tələb olduğunu isbat edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd edilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xxahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları və eləcə də cavabdehin nümayəndəsinin iddiaya qarşı etirazını nəzərdən keçirib işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus 416973******0986 nömrəli “KAPTALBANK ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh məxsus 416973****3880 saylı plastik kart hesabına 1026 manat, 416973****7680 saylı plastik part hesabına 69,64 manat, X1 məxsus **********647019nömrəli Leobank ödəniş kartından Cavabdeh məxsus 416973****4930 saylı plastik kart hesabına 2023-cü ildə 2791 manat, 416973****3880 saylı plastik kart hesabına 2023-2024-cü illərdə 1017 manat, 416973****7680 saylı plastik kart hesabına 2023-cü ildə 210 manat pul köçürmüşdür. İş materiallarına əlaəv edilmiş qəbzlərdən görünür ki, MPAY vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 700 manat və həmin tarixdə başqa bir qəbzlə 50 manat cavabdehin kart hesanlarına pul köçürülmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı cavabdehin kart hesanlarına 5863.64 manat pul köçürmələri etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə göndərdiyi etirazında həmin pulların borc deyil, şəxsi münasibətlər zəminində cavabdehə verilməsini göstərsə də, məhkəmə onun həmin izahatını inandırıcı hesab etmir. Çünki tərəflər arasında olan votsap yazışmalarında iddiaçı cavabdehdən borc verdiyi pulları tələb etmiş, bu barədə həm iddiaçı, həm də onun qohumları ilə telefon əlaqələri saxlamış, Cavabdeh hər dəfə yazışmalarda iddiaçıdan borca pul aldığını etiraf etmiş və həmin pulu qaytaracağına söz vermişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçının kart hesabı ilə cavabdehin kart hesabına köçürdüyü 5863.64 manat pul vəsaiti borcla bağlı olmuş və cavabdeh həmin pulu qaytarmağa öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 5863.64 manat alınıb İddiaçı verilməlidir. İddiaçı cavabdehə əlbə-əl, yəni nəqd şəkildə pul verdiyini göstərsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin tərəflər arasında yazılı müqavilə olmamış və borc pulun faizi ilə əlaqədar aralarında hər hansı bir razılaşma mövcud deyildir. Ona görə də məhkəmə iddianın borca dair qalan məbləğini və həmin məbləğə hesablanmış 5 % əldən çıxmış faydanın əvəzi olaraq 1400 manat pul tələbini əsaslı hesab etmir və iddia həmin hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkün statusuna malikdir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən dövlət rüsumuna görə 78.63 manat alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 5863.64 (beş min səkkiz yüz altmış üç manat altmış dörd qəpik) manat alınıb İddiaçı verilsin. Cavabdeh dövlət rüsumuna görə 78.63 (yetmiş səkkiz manat altmış üç qəpik) manat alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar