Məhkəmə qərarları › İş №e-2(020)-615/2024

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-615/2024

09.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-615/2024 09.07.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi ilə, İddiaçı MMC in Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərzizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8721 (səkkiz min yeddi yüz iyirmi bir) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat, və dövlət rüsumu kimi ödənilmiş 48 (qırx səkkiz) manat pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli, 480 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il il tarixli 108x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə İddiaçı MMC-nin - OBA Xırdalan 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023 cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 6635.18 manat və xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən isə yekun ziyan məbləği 2758.97 manat məbləğində kəsir aşkar olunmuşdur. Sözügedən inventarizasiya yoxlamaları şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş və həmin inventarizasiyalar ilə bağlı “İltizamnamə”lərə imzasını atmaqla kəsir verən mallara razılığını bildirmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 8721 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 8721 (səkkiz min yeddi yüz iyirmi bir) manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X3 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Ona görə də, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 8721 (səkkiz min yeddi yüz iyirmi bir) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat, və dövlət rüsumu kimi ödənilmiş 48 (qırx səkkiz) manat pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İşdə olan Beyləqan rayon İHB-nın Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 23 aprel 2024-cü il tarixli 09 saylı arayışından görünür ki, Cavabdeh Beyləqan rayonun Qəhrəmanlı qəsəbəsində qeydiyyatdadır, lakin hazırda ərazidə yaşamır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə cavabdehin qeydiyyatda olduğu axırıncı yaşayış yeri üzrə nümayəndəliyin onun hazırda ərazidə yaşamaması barədə məlumatı məhkəməyə daxil olduğundan məhkəmə hazırda cavabdehin iştirakı olmadan işə baxılmasını əsaslı hesab edir. Cavabdehin axırıncı qeydiyyatda olduğu yaşayış yeri üzrə icra nümayəndəliyindən onun hazırda ərazidə yaşamaması barədə məlumat daxil olduğundan məhkəmə hazırkı vəziyyətdə onun iştirakl olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, Cavabdeh İddiaçı MMC-in X2 şöbəsinə satıcı-kassir vəzifəsinə iş qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 480 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-in X2 şöbəsində xx.xx.2022-ci il tarixdən administrator vəzifəsinə keçirilmiş və “X3” haqqında müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 108 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı MMC-in X2 şöbəsinin administratoru Cavabdeh əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "b" (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə İddiaçı MMC-nin - OBA Xırdalan 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023 cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 6635.18 manat və xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən isə yekun ziyan məbləği 2758.97 manat məbləğində kəsiri aşkar olunmuşdur. Həmin aktlardan müəyyən olunur ki, yoxlama Cavabdeh iştirakı ilə keçirilmiş və o, həmin aktlara imza etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə Cavabdeh İddiaçı MMC-in X2 şöbəsində xx.xx.2022-ci il tarixdən administrator vəzifəsində işləməsi və “X3” haqqında müqaviləni imzalamasına baxmayaraq İddiaçı MMC-yə 8721 manat ziyan vurması kifayət qədər sübuta yetmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının iddia tələbi kifayət qədər sübuta yetdiyindən məhkəmə hesab edir ki, iddia əsaslıdır, ona görə də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 8721 (səkkiz min yeddi yüz iyirmi bir) manat, mediasiya xərci üçün ödənilmiş 60 (altmış) manat, və dövlət rüsumu kimi ödənilmiş 48 (qırx səkkiz) manat pul tutulub Oba Market” MMC-nin bank hesabına ödənilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar