Məhkəmə qərarları › İş №e-2(021)-1114/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1114/2022

28.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1114/2022 28.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X1, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 28 iyun 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 37000 (otuz yeddi min) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2 il əvvəl ailələrində bir maşın olduğu üçün çətinlik yarandığından yoldaşı Əziz Nuriyev onun üçün *5000 taksi şirkətindən ödənişli taksi tutmuşdur. Taksi sürücüsü Bərdə rayonunda qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh olmuşdur. Sonuncu ona ailəsinin dağılmasından, anasının xəstə olmasından danışdığı üçün ona yazığı gəlmişdir. 2020-ci ilin mart ayında anasına məxsus Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən evi satmışdır. Həmin evin əşyalarını onun maşını ilə daşıdığı üçün o evin satıldığını və onda pul olduğunu bilmişdir. Həmin evin pulundan 17000 manat pul evində olmuşdur. Elə həmin ərəfədə Cavabdeh ondan özünə yeni maşın almaq üçün 2000 ABŞ dolları pul borc istəmişdir. O da yazığı gəlib həmin pulu Cavabdeh vermişdir. Təxminən 2020-ci ilin yazyay aylarından 2021-ci ilin avqust ayına kimi Ceyhuna hissə-hissə olmaqla 37000 manata yaxın pul borc vermişdir. Hər dəfə Cavabdeh pulu geri istəyəndə əvvəllər sakitcə razılaşmış və pulu qaytaracağını bildirmişdir. Lakin son bir neçə gündür ki, ondan pulu istədikdə onu nalayiq küçə söyüşləri ilə hədələmişdir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Nəsimi rayonunda yerləşən 28 Mall ticarət mərkəzində olduğu vaxt whatsapp sosial mesajlaşma proqramı vasitəsilə Ceyhuna zəng vurub ondan 37000 manat pulunu qaytarmasını xahiş edəndə Cavabdeh telefonda onu və özünü öldürəcəyini, onu zorlayacağı ilə hədələmiş və onu nalayiq ifadələrlə təhqir etmişdir. Artıq Cavabdeh hədələrindən bezmişdir. Ceyhunun ona olan bütün borcunu qaytarmasını tələb edir. Cavabdeh ondan müxtəlif bəhanələrlə, müxtəlif adlarla borca pul almışdır. Lakin bugünə kimi qaytarmaqdan yayınır. Buna görə də DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Hədələnməsinə dair polis orqanına müraciət edərkən izahatları alınanda cavabdeh ona 19000 manat borcunun olduğunu lakin həmin pulun içərisində həyat yoldaşından da almış olduğu pulun olmasını izahatında etiraf etmişdir. Ancaq onun etirafı ilə razı deyil, Cavabdeh ondan almış olduğu pulun məbləği 37000 (otuz yeddi min) manat təşkil edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə Şəmsəddin oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, təxminən 2 il əvvəl *5000 taksi şirkətində işləmiş, Əziz Nuriyev həyat yoldaşı İddiaçı *5000 taksi şirkətindən ödənişli taksi tutmuş və şçirkət tərəfindən İddiaçı xidmət göstərməsi üçün göndərilmişdir. İşlədiyi müddətdə İddiaçı ilə münasibətləri yaranmışdır. İddiaçıdan müxtəlif vaxtlarda 7000 manat borc pul almış, aldığı pulun 4500 manatını hissə-hissə iddiaçıya ödəmişdir. Onun iddiaçıya 2500 manat borcu qalmışdır. Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsində verdiyi izahatında da iddiaçıya 7000 manat borcunun olduğunu göstərsə də izahatında iddiaçıdan guya 17000 manat borc pul aldığı göstərilmişdir. Yəni izahatı təhrif edilmişdir. İddianın etiraf etdiyi hissədə təmin, qalan hissədə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə verdiyi 02 sentyabr 2021-ci il tarixli izahatından müəyyən olunur ki, Cavabdeh izahatında İddiaçı 17000 manat borc pul aldığını, həmin puldan 3300 manatını İddiaçı əri Əzizdən aldığını və bu barədə aralarında kredit müqaviləsi bağladıqlarını, ümumilikdə İddiaçı 17000 manat borcunun olduğunu, həmin puldan 4500 manatını ödədiyini göstərmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayətçi vətəndaşa müraciəti ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 sentyabr 2021-ci il tarixli qərarının əsaslandırıcı hissəsindən qeyd edilmişdir ki, “Araşdırma zamanı Cavabdeh İddiaçı olan borcundan 4500 (dörd min beş yüz) manat pulunu qaytarmış, bu barədə tərtib edilmiş qəbz materiala əlavə edilmişdir”. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 may 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən döyülməsi barədə müraciəti əsasında Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı İsa Taralov, polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilləri Nicat Məmmədyarov və Elçin Vəliyevin əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə iclasında müəyyən etilmişdir ki, Cavabdeh 2021-ci ildə müxtəlif vaxtlarda iddiaçıdan cəmi 17000 manat borc pul almışdır. Cavabdeh həmin puldan 4500 manatını qaytarmış, qalan borcunu hazırkı vaxtadək qaytarmamışdır. Bu hal Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 sentyabr 2021-ci il tarixli qərarı ilə də öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsində cavabdehə 37000 manat borc pul verdiyini qeyd etsə də bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdeh məhkəmə iclasında Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsində verdiyi ifadəsinin təhrif edildiyini, əslində iddiaçıdan 7000 manat borc pul aldığını, izahatında isə həmin məbləğin 17000 manat qeyd etdiyini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən döyülməsi barədə müraciəti əsasında Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı İsa Taralov, polis şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkilləri Nicat Məmmədyarov və Elçin Vəliyevin əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Göründüyü kimi Cavabdeh ifadəsinin təhrif edilməsi ilə bağlı dedikləri öz təsdiqini tapmamışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 12500 manat məbləğində pulu İddiaçı qaytarmaması sübuta yetirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıdan 17000 manat məbləğində borc pul almış, borclu olduğu puldan 4500 manat hissəsini iddiaçıya qaytarmış,12500 manat borcunu isə ödəyəcəyinə söz versə də ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Bu Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə görə ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Bu Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 12500 manat məbləğində pulu İddiaçı ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, Cavabdeh 12500 manat məbləğində pulu iddiaçıya ödəməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh həmin məbləğin iddiaçıya qaytarılması üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq 127,50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində pul və 127,50 (bir yüz iyirmi yeddi manat əlli qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar