Məhkəmə qərarları › İş №e-2(021)-1324/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1324/2025

19.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1324/2025 19.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MMC Cavabdeh əmlaka (maddi qiymətlilərə) vurulmuş ziyana görə 1991.72 manat və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixli 231 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalamışdır. xx.xx.2024-cü il tarixli 72x saylı əmrlə cavabdeh işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə İddiaçı MMC-nin OBA Bərdə 21 mağazasında aparılmış inventarizasiya nəticəsində Cavabdeh mağazada çalışdığı zaman Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli “İnventarizasiya nəticələrinə" dair Akta əsasən yekun ziyan məbləği 2589.95 manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, sonuncu iltizamnaməyə, inventarizasiya aktına və üzləşmənin nəticələrinə imza atmaqla kəsr gələn malları etiraf etmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1991.72 manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 1991.72 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasıya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixində Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək və Mülki Məcəllələrinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdehin etirazı: Cavabdehə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə iddiaya qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli Əmək müqaviləsi, Əmək müqaviləsi bildirişi, Ərizə və 021/İQ saylı Əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlamaqla, Satış departamentinin Satış şöbəsində satıcı-kassir vəzifəsinə işə qəbul edilib. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə Əlavədən, Əmək müqaviləsi bildirişi, Ərizə və 231 saylı Əmrdən çıxarışdan görünür ki, Cavabdeh Satış Departamentinin Satış şöbəsində baş satıcı vəzifəsindən administrator vəzifəsinə keçirilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış X2 haqqında müqavilənin 1-ci bəndindən görünür ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İddiaçı MMC-nin Administrator vəzifəsinin təlimatından görünür ki, Cavabdeh vəzifə funksiyalarını, səlahiyyətlərini, məsuliyyəti özündə əks etdirən təlimat ilə xx.xx.2023-cü il tarixdə tanış olub, qəbul etdiyini imzası ilə təsdiq etmişdir. “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli 1169 saylı əmrdən görünür ki, ünvan 1 ünvanında yerləşən “Oba-Berde 21” (1738) mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin (qanun pozuntuları olması ehtimalı ilə əlaqədar) yoxlamasını aparmaq məqsədi ilə işçi qrupu yaradılıb. İşçi qrupuna təyin edilən filialı üzrə maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlanmasını həyata keçirmək, inventarizasiyanın nəticələrini maddi məsul şəxslərin iştirakı ilə aktlaşdırmaq tapşırılmışdır. “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt”dan və “xx.xx.2024-cü il tarixdə Oba-Berde 21 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun Akt”dan görünür ki, xx.xx.2024-cü il tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış, nəticədə 2589.95 manat məbləğində əksikgəlmə hesablanmışdır. Yoxlama dövrü 94 gün təşkil edib. Cavabdeh hər iki aktı imza etməklə, inventarizasiya zamanı iştirak etdiyini və iradının olmadığını təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh İddiaçı MMC-nin inventarizasiya komissiyasına İltizamnamədən görünür ki, o, inventarizasiya tarixinə kimi öhdəsində olan maddi qiymətlilərə dair mədaxil və məxaric sənədlərinin hamısını mühasibatlığa təqdim etmişdir. Cavabdeh iltizamnaməyə imza çəkib, sayımda iştirak etdiyini, etirazının olmadığını qeyd etmişdir. xx.xx.2024-cü il tarixli 852 saylı “Təbii itki normalarının tətbiqi haqqında” əmrdən görünür ki, təbii itki norması satış dövriyyəsinin 0.7 faizi kimi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 72-x saylı “İşdən azad haqqında” əmrdən çıxarışdan və Əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə (Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi) xitam verilmişdir. xx.xx.2024-cü il tarixli DN5134 nömrəli Xəbərdarlıqdan və xəbərdarlığın göndərilməsini təsdiq edən qaimədən görünür ki, Cavabdeh 1991.72 manat əksikgəlmənin aşkar olunması bildirilmiş, yaranmış borcun 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış təftiş nəticəsində 2589.95 çatışmazlıq müəyyən edilmişdir, güzəşt tətbiq ediləndən sonra onun ümumi borcu 1991.72 manat təşkil edir. xx.xx.2025-ci il tarixli MŞB/20/2025-00045 nömrəli İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışa əsasən İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi mediasiya prosesində iştirak etmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı MMC 50 manat mediasiya xərci və 10 manat poçt göndərişi və kargüzarlıq xərci olmaqla, cəmi 60 manat məbləğində ödəniş edib. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci hissəsinə görə, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinin 1-ci hissəsinə görə, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci hissəsinə görə, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199-cu maddəsinin 1-ci hissəsinə görə, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 200-cü maddəsinin 1-ci hissəsinə görə, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 200-cü maddəsinin 5-ci hissəsinə görə, X2 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 202-ci maddəsinin 1-ci hissəsinə görə, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 202-ci maddəsinin 2-ci hissəsinə görə, işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. 203-cü maddəsinin 1-ci hissəsinə görə, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 203-cü maddəsinin 2-ci hissəsinə görə, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 205-ci maddəsinin 2-ci hissəsinə görə, əgər ziyan işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə görə, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli 1555-VQ nömrəli Qanununun: 3.4-cu maddəsinə görə, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. 28.1-cı maddəsinə görə, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını təhlil edib, müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsini bağlayıb, satıcı-kassir vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehin əmək müqaviləsinə dəyişiklik edilib, o, həmin mağazada administrator vəzifəsinə keçirilib və “X2 haqqında” müqavilə imzalamışdır. xx.xx.2024-cü il tarixdə mağazada cavabdehin iştirakı ilə növbədənkənar inventarizasiya aparılmış, 2589.95 manat məbləğində əksikgəlmə aşkar edilmiş, təbii itki normaları tətbiq ediləndən sonra 1991.72 manat borc məbləği cavabdehdən tələb edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh əmək müqaviləsinə xitam edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Cavabdeh İddiaçı MMC-də administrator vəzifəsində çalışarkən maddi sərvətlərin saxlanılması və satışı ilə bağlı işlər görmüş, əmək funksiyalarının xarakteri ilə əlaqədar “X2 haqqında” müqaviləni imzalamaqla, ona təhkim olunmuş mallara görə məsuliyyəti öz üzərinə götürmüşdür. X2 barədə müqavilə bağlandığı halda işçi dəymiş ziyana görə tam həcmdə, yəni faktiki vurulmuş zərərə görə məsuliyyət daşıyır. İnventarizasiyanın nəticələrinə dair aktlardan görünür ki, yoxlama zamanı mallar siyahıya alınmış, uçot göstəriciləri ilə faktiki göstəricilər üzləşdirilməklə əksikgəlmə hesablanmışdır. Cavabdeh inventarizasiya zamanı iştirak etmiş, yoxlamanın nəticələri ilə tanış edilmiş, aktlara imza çəkmiş, ondan yazılı izahat alınmışdır. Cavabdehdən sonda tələb edilən məbləğ aşınma normaları tətbiq edilməklə hesablanmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən əmək qanunvericiliyin normalarına əməl edilib, maddi ziyan tələbini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. İddiaçı cavabdehə xəbərdarlıq göndərməklə vurulmuş ziyan nəticəsində yaranmış 1991.72 manat borc məbləğinin ödənilməsini tələb etmiş, yəni pretenziya qaydalarına riayət etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı MMC tərəfindən 50 manat mediasiya xərci və 10 manat poçt göndərişi və kargüzarlıq xərci olmaqla, cəmi 60 manat məbləğində ödəniş edilib. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 1991.72 manat vurulmuş ziyana görə borc məbləği və 60 manat ödənilmiş mediasiya xərci əvəzi Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 233, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1991.72 (min doqquz yüz doxsan bir manat yetmiş iki qəpik) manat vurulmuş ziyana görə borc məbləği və 60 (altmış manat) manat ödənilmiş mediasiya xərcinin əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar