Məhkəmə qərarları › İş №e-2(021)-283/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-283/2025

07.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-283/2025 07.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi. İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “özünüməşğulluğa kömək göstərilməsinə dair” müqaviləyə əsasən istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə iddiaçı arasında bağlanan "Özünüməşğulluğa kömək göstərilməsinə dair" 21 oktyabr 2022-ci il tarixində 2022/ÖM/11053 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli (2-3.5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 (bir) baş qoç, 20 (iyirmi) baş qoyun və 400 kq qarışıq yem (paketlənmiş) cavabdehdən alınaraq Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN: xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan "Özünüməşğulluğa kömək göstərilməsinə dair" 21 oktyabr 2022-ci il tarixində 2022/ÖM/11053 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh "Qoyunçuluq təsərrüfatı" zərfinə daxil olan aktivlər, yəni 33078 birka nömrəli 1 (bir) baş qoç, 33432, 33285, 30990, 31670, 33722, 33303, 33401, 33939, 33703, 33644, 33851, 33057, 33057, 33924, 31704, 33874, 33769, 33141, 33155, 33592 birka nömrəli damazlıq qoyun və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 21 oktyabr tarixli aktla vətəndaş Cavabdehnun "Qoyunçuluq təsərrüfatı" zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş "Özünüməşğulluğunun təşkili Qaydası"nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 17 yanvar 2024-cü il tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş "Qoyunçuluq təsərrüfatı" zərfinə daxil olan aktivlərdən, yəni 33078, 33432, 33285, 30990, 31670, 33722, 33303, 33401, 33939, 33703, 33644, 33851, 33057, 33057, 33924, 31704, 33874, 33769, 33141, 33155, 33592 birka nömrəli inəklər aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-2/2-M-30227/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edir ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, İddiaçı tərəfindən verilmiş heyvanın biri həmin gün ölmüş, qalanı verildiyi gündən 1 il ərzində ölmüşdür. Lakin savadsızlığından bilməmişdir ki, sübut olaraq onların şəklini çəkib saxlasın. Heyvanların beşini isə 1 il müddət keçdikdən sonra satmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 21 sentyabr 2022-ci il tarixli 2022/ÖM/11053 nömrəli müqavilədən görünür ki, bu Müqavilənin predmetini "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra Əmlak) Özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi təşkil edir. Filial tərəflər arasındakı təhvil-təslim aktında (Müqaviləyə Əlavə 1) göstərilən Əmlakı bu Müqavilə ilə müəyyən edilmiş qaydada Özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 (bir) il müddətində sözügedən Əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda (bundan sonra biznes-plan) nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Filial özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Müqavilə müddəti ərzində monitoringini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, Əmlak təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Mülki işə əlavə edilmiş Özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair "21" sentyabr 2022-ci il tarixli təhvil-təslim Aktından görünür ki, Agentlik tərəfindən Cavabdeh 20 baş 2-3.5 yaş qoyun, 1 baş 2-3,5 yaş qoç, qarışıq yem (paketlənmiş) 400 kq natura şəklində verilmişdir. Mülki işə əlavə edilmiş özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 17 yanvar 2024-cü il tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “İxırdabuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlərdən, yəni 20 baş qoyun və 1 baş qoç aşkar edilməmişdir. Mülki işə əlavə edilmiş Baytarlıq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Cavabdeh verilmiş 1 baş qoyun ölmüşdür. Lakin cəsəd iyləndiyindən diaqnoz qoyulması mümkün olmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 21 sentyabr 2022-ci il tarixli 2022/ÖM/11053 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh 20 baş 2-3.5 yaş qoyun, 1 baş 2-3,5 yaş qoç, qarışıq yem (paketlənmiş) 400 kq natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış "21" sentyabr 2022-ci il tarixli aktla vətəndaş Cavabdeh “xırdabuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialı əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 17 yanvar 2024-cü il tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “xırdabuynuzlu heyvandarlıq təsərrüfatı” zərfinə daxil olan aktivlər aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2. tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5-ci maddəsinə əsasən, Agentlik özünü məşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il) monitorinqini aparır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. Özünüməşğulluq proqramı çərçivəsində şəxslərin istifadəsinə verilən əmlaka həmin şəxslərin mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan müddət və şərtlər həm “Məşğulluq haqqında” Qanunda, həm də Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nda, habelə tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 17 dekabr tarixli 239 nömrəli müqavilədə dəqiq təsbit edilmişdir. “Məşğulluq haqqında” Qanunun 24.4-cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğunun təşkili Qaydası”nın 8.3-cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. İddiaçı tərəfindən özünəməşğulluq proqramı çərçivəsində cavabdehə müqaviləyə Əsasən Cavabdeh 20 baş 2-3.5 yaş qoyun, 1 baş 2-3,5 yaş qoç, qarışıq yem (paketlənmiş) -400 kq natura şəklində verilməsi işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə iddia tələbi 20 baş 2-3.5 yaş qoyun, 1 baş 2-3,5 yaş qoç, qarışıq yem (paketlənmiş) 400 kq natura şəklində qaytarılması barədədir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir (“Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunun 24.3., 24.4-cü maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası"nın 8.1-ci bəndinə əsasən agentliyin müvafiq yerli qurumları və ya mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhviltəslim cəlb olunmuş şəxsin mülkiyyətinə özünüməşğulluğa akti əsasında verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (“Məşğulluq” altsistemi) daxil etməlidir. Həmin Qaydanın 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi, agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. O cümlədən, həmin şəxs müqavilə müddətində fəaliyyəti və ona təhvil verilmiş əmlak barədə məlumatları məşğulluq altsistemə daxil etməlidir. Lakin cavabdeh bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmiş, sonuncunun fəaliyyətinin yoxlanması və monitorinq zamanı 21 sentyabr 2022-ci il tarixli müqavilə əsasında ona təhvil verilmiş 20 baş qoyun və 1 baş qoçun olmadığı aşkar edilmişdir. Bununla da cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Cavabdeh 20 baş qoyun və 1 baş qoçun 1 il müddət ərzində öldüyünü və 5 başının isə həmin əmlakın nəzərdə tutulmuş bir illik müddətin başa çatması ilə bağlı satıldığını bildirsə də, bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Yalnız mülki işə əlavə edilmiş Baytarlıq İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Cavabdeh verilmiş 1 baş qoyun ölmüşdür. Lakin cəsəd iyləndiyindən diaqnoz qoyulması mümkün olmamışdır. İddiaçı, cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulmaqla heyvanların satılması nəticəsində vurulmuş zərərin əvəzinin natura şəklində, yəni eyni sayda, növdə və keyfiyyətdə heyvanların verilməsi ilə ödənilməsini tələb edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (§ 26-27). Baxılan işdə tərəflər arasında özünüməşğulluğa kömək göstərilməsinə dair xx.xx.2022-ci il tarixli müqavilənin bağlanması, həmin razılaşma çərçivəsində 1 baş qoç və 20 baş qoyunun cavabdehə təhvil verilməsi, cavabdehin isə müqavilədən irəli gələn öhdəliyini pozaraq heyvanları satmaqla iddiaçıya maddi zərər vurması məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə olan halda, iddiaçı, Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (§ 29). Əmlaka zərər vurulması ilə bağlı münasibətlər tərəflər arasında bağlanmış müqavilədə tənzimlənmişdir. Belə ki, müqavilənin 3.3.5-ci maddəsində zərərin əvəzinin Mülki Məcəlləyə uyğun olaraq iddiaçı təşkilatın xəzinə hesabına köçürmək vəzifəsi özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələri sırasında göstərilsə də, "Tərəflərin məsuliyyəti" bölməsində yer alan 4.3-cü bənddə nəzərdə tutulmuşdur ki, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı təşkilat tərəfindən zərərin əvəzinin pul şəklində ödənilməsi tələb edilmədiyi üçün müqavilənin 3.3.5-ci bəndi deyil, 4.3-cü bəndi üzrə tərəflərin razılaşdıqları qayda tətbiq edilməlidir. Həmin bənddə isə özünüməşğulluğa cəlb olunmuş şəxs tərəfindən əmlaka vurulmuş zərərin əvəzinin məhz Mülki Məcəlləyə uyğun şəkildə ödəniləcəyi razılaşdırılmışdır. Mülki Məcəllədə zərərin əvəzinin ödənilməsi formaları ilə bağlı nəzərdə tutulur ki, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (§ 30-32). Qanun normalarından aydın olduğu kimi, ziyanın qarşılanması üçün ilkin və ümumi qayda əvvəlki vəziyyətin bərpa edilməsi zərərin əvəzinin naturada ödənilməsidir. Bu mümkün olmadıqda isə zərər pul əvəzi verilməklə ödənilə bilər. Bir şəxsin əşyasının (o cümlədən heyvanın) başqasına satılması nəticəsində üzərindəki mülkiyyət hüququnun itməsi nəticəsində dəymiş zərərin əvəzinin eyni növlü və keyfiyyətli əşya (heyvan) verilməklə ödənilməsi mümkündür. Bu zaman məhz satılmış əşyanın (heyvanın) deyil, onunla eyni növdə və keyfiyyətdə olan əşyanın (heyvanın) verilməsi nəzərdə tutulur. Hazırkı işdə iddiaçı, cavabdehə verdiyi (fərdi əlamətləri ilə müəyyən edilən) heyvanları deyil, eyni növlü və keyfiyyətli (2-3,5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 baş qoç və 20 (iyirmi) baş qoyun və 400 kq qarışıq yemin (paketlənmiş) natura şəklində özünə qaytarılmasını tələb edir. Belə olan halda, müqavilə öhdəliyini pozmuş cavabdehin üzərinə Mülki Məcəllənin yuxarıda göstərilən normaları əsasında zərərin əvəzini eyni növlü və keyfiyyətli heyvanlar verməklə natura ödəmək öhdəliyinin qoyulması mümkündür. Bu baxımdan məhkəmə hesab edir ki, işin müəyyən edilmiş halları qanunvericiliyin yuxarıda sadalanan dizpozisiya şərtləri ilə uzlaşdığından, iddia tələbi təmin edilməli, Cavabdeh 1 baş qoç və 19 baş qoyun natura şəklində iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2ytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinin 107-ci maddəsində əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124.1-ci maddəsinə əsasən iş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqaviləyə əsasən istifadəyə verilən aktivlərin geri qaytarılması” tələbi qismən təmin edilsin. Cavabdeh üzərinə “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 21 sentyabr 2022-ci il tarixli 2022/ÖM/11053 nömrəli müqavilə üzrə təhvil aldığı eyni növlü və keyfiyyətli (2-3.5 yaş arası sağlamlıq haqqında baytarlıq arayışı olan) sağlam 1 (bir) baş qoç, 19 (on doqquz) baş qoyun naturada Əmək və X8 Nazirliyi tabeliyində X3 vermək öhdəliyi qoyulsun. İddia tələbi digər hissələrdə rədd edilsin. İş üzrə ödənilməmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar