Məhkəmə qərarları › İş №e-2(021)-3139/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-3139/2024

14.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-3139/2024 14.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “Pul tələbi” nə dair mülki işə 14 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5694 manat 64 qəpik, mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbi onunla əsaslandırılmışdır ki, Oba Market” MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 589 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 677 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-cü il tarixində İddiaçı MMC-nin - OBA Xırdalan 12 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2022-cü il tarixdə "İnventarizasiya Nəticələrinə" dair Akta əsasən yekun ziyan məbləği 7419.22 ( yeddi min dörd yüz on doqquz manat iyirmi iki qəpik) manat təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara razılığını bildirmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 5694.64 ( beş min altı yüz döxsan dörd manat altmış dörd qəpik) manat borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda "OBA Market” MMC-yə ümumilikdə 5694.64 manat borcu qalmaqdadır. İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh məhkəmə iclasında iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, OBA RETAİL CHAİN MMC ilə Cavabdeh Ramin qızı arasında 6 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. OBA Market MMC-nin xx.xx.2021-ci il tarixli 589 saylı əmrinin çıxarışından görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin satış şöbəsində xx.xx.2021-ci il tarixdən administrator vəzifəsinə keçirilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 345 manat ödənilməsi göstərilmişdir. xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə əlavəsindən görünür ki, Cavabdeh administrator vəziifəsinə keçirilməsi və əmək haqqı ştat cədvəlinə uyğun olaraq 345 manat təyin edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli 677 saylı əmrin çıxarışından görünür ki, Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. OBA Market MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixində 7419.22 ( yeddi min dörd yüz on doqquz manat iyirmi iki qəpik) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 5964.64 AZN borc qalmışdır. xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Oba Market MMC-yə arayış Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 21.8 maddəsinə əsasən verilmişdir. Oba Market MMC-nin invertarizasiya komissiyasının iltizamnaməsindən görünür ki, Cavabdeh OBA Xirdalan 12 (1146) obyektində keçirilən yoxlamadan xəbərdar olmasını bildirmişdir. xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, Cavabdeh iştirakı ilə xx.xx.2022-ci il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, invertarizasiyanın nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Cavabdeh invertarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədlləri imzalamaqdan və əskikgəlmələrin (-7419.22 AZN) yaranması səbələri barədə izahat verməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, 3 gün müddətinə qeyd olunan borcun ödənilməsi və əks təqdirdə barəsində müvafiq hüquqi tədbirllər həyata keçirilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən, sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İş materiallarında olan inventarizasiya və iltizamnaməyə əsasən müəyyən edilir ki, Cavabdeh iddia tələbində göstərilməmiş, güzəşt tətbiq olunmamışdan əvvəlki 2894 çeşid olmaqla, 8829,25 manat məbləğində kənarlaşmanın olmasına dair etiraz etməmişdir. Bundan başqa cavabdeh iddia tələbinin təkzibinə əsaslanan bu və ya digər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “Pul tələbi” tələbinə dair iddiası təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 5694.64 (beş min altı yüz doxsan dörd manat altmış dörd qəpik) manat məbləğində pul, mediasiya xərci üçün ödənilmiş 55 (əlli beş) manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun.

3. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilər.

4. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar