Məhkəmə qərarları › İş №e-2(021)-4400/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-4400/2023

13.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-4400/2023 13.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qarşı “atalığın müəyyən olunması haqqında” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə mürаciət edərək, X3 ilə X1 faktiki nikah münasibətlərindən Bakı şəhərində xx.xx.2020-ci ildə anadan olmuş Hüseynin anadan olması faktının, doğum aktı qeydində ata və ana qrafasında qeyd edilməklə X2 atası olması və X1 isə anası olmasının müəyyən edilməsinə dair qətnamə xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı ərizə isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 ilə X1 faktiki nikah münasibətlərindən Bakı şəhərində xx.xx.2020-ci ildə anadan olmuş Hüseynin anadan olması faktının, doğum aktı qeydində ata və ana qrafasında qeyd edilməklə X2 atası olması və X1 isə anası olmasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, sözügedən mübahisə MPM-nin xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılaraq həll edilə bilər. Çünki, burada ərizəçi doğum faktı ilə bərabər atalığın müəyyən edilməsi faktına dair qeydiyyat orqanının rəsmi imtinasını almalı və ərizəsində atalığın müəyyən olunması xahişini də göstərməli idi. Belə halda isə şəxs yalnız vəfat etdikdə atalığın müəyyən edilməsi faktı xüsusi icraat qaydasında müəyyən oluna bilər. Ata sağ olduğu halda atalığın müəyyən edilməsi faktı iddia icraatı qaydasında həyata keçirilir. Bundan başqa iddia ərizəsində cavabdeh kimi uşağı dünyaya gətirmiş şəxs X4 da qeyd edilməli idi. Lakin, həmin şəxs də cavabdeh kimi ərizədə qeyd edilməmişdir. Belə ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. MPM-in 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki elektron ərizədə isə ərizənin başlığında iddiaçı və cavabdeh qeyd edilməsinə baxmayaraq ərizə mətnindən əvvəl xüsusi icraat qaydasında ərizə qeyd edilmişdir. Ərizədə həm də eyni zamanda maraqlı şəxs də qeyd edilmişdir ki, bu da yolverilməzdir. Çünki, xüsusi icraat qaydasında tərəflər ərizəçi və maraqlı şəxs, iddia icraatı qaydasında verilən ərizələrdə isə tərəflər iddiaçı və cavabdeh kimi qeyd edilməlidir. Bundan başqa ərizədə maraqlı şəxs kimi Bərdə rayon Qeydiyyat Şöbəsi qeyd edilsə də elektron sistemdə cavabdeh kimi Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsi qeyd edilmişdir ki, bu da ziddiyyət yaradır. Çünki, rəsmi imtina Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verildiyindən elektron sistemdə cavabdeh və ya maraqlı şəxs kimi Bərdə rayon Qeydiyyat Şöbəsi qeyd edilməlidir. Həmçinin, iddia ərizəsində ərizəçinin FİN məlumatları və yaşadığı ünvanı qeyd edilməmişdir ki, bu da ərizənin forma və məzmununa riayət edilmədiyini təsdiq edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Bundan başqa ərizədə ərizəçi qismində X3 qeyd edilsə də elektron sistemdə ərizəçi qismində İddiaçı qeyd edilmişdir ki, bu da qeyri-müəyyənlik yaradır. Belə ki, İddiaçının etibarnamə üzrə nümayəndəsidir, iş üzrə tərəf deyil. Belə olan halda məhkəmə hesab edir ki, ərizə ona əlavə edilmiş materiallarla geri qaytarılmalıdır. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən ərizə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qarşı “atalığın müəyyən olunması haqqında” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar