Məhkəmə qərarları › İş №e-2(021)-441/2025

Bərdə Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(021)-441/2025

13.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-441/2025 13.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 6,230 (altı min iki yüz otuz) manat pul vəsaitinin, həmçinin 83,10 (səksən üç manat on qəpik) manat dövlət rüsumu vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində paltar və qızıl-zinyət əşyalarının səyyar satışı ilə məşğul olur. Cavabdeh onun qonşusudur və hazırkı mübahisəyə səbəb olmuş malların alqı-satqı əqdinə qədər bir onlar arasında bir neçə dəfə əşyaların nisyə alqı-satqısı barədə əqdləri olmuş, tərəflər üzərlərinə götürdükləri öhədlikləri tam icra etmişlər. 2022-ci ilin əvvəllərində cavabdeh iddiaçıdan növbəti dəfə nisyə alqı-satqı razılaşmasına müvafiq olaraq birinin çəkisi 24 qram, digərinin çəkisi 38 qram, ümumi dəyəri 6790 (altı min yeddi yüz doxsan) manat olan 2 ədəd qızıl boyunbağı və 460 (dörd yüz altmış) manat dəyərində olan paltar və ayaqqabı olmaqla cəmi 7250 (yeddi min iki yüz əlli) manat (6790+460=7250) dəyərində əşya almışdır. Cavabdeh qızıl boyunbağılara görə hər ay 120 (yüz iyirmi) manat, paltarlara görə isə 100 (yüz) manat olmaqla əşyaların hissə-hissə ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh razılaşmaya uyğun olaraq qızıl boyunbağı üçün bir aylıq, paltar üçün isə iki aylıq olmaqla cəmi 320 (üç yüz iyirmi) manat ödəniş etmiş, sonradan cavabdeh ödənişləri müxtəlif bəhanələrlə həyata keçirməyi dayandırmışdır. Onun bir neçə ay ərzində şifahi xahiş və tələblərinə baxmayaraq cavabdeh onun qarşısında öhdəliyinin olduğunu başa düşdüyünü, tezliklə ödənişləri edəcəyini bildirsə də, nəticə etibarilə həmin ödənişləri etməkdən boyun qaçırmışdır. Nəticədə o həm özünün, həm də cavabdehin yaşadığı ərazi üzrə cavabdehin öhdəliklərindən boyun qaçırmasına dair şikayət ərizəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət etmişdir. Polis Bölməsində hər iki tərəf dinlənildikdən və müvafiq izahatları alındıqdan sonra Polis Bölməsinin rəisi Cövdət Məmmədovun imzası ilə iddiaçıya xx.xx.2022-ci il tarixli məktub daxil olmuş, həmin məktubda məsələnin həlli ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət olunmasının məqsədə müvafiq olması bildirilmişdir. Bununla belə iddiaçı polisə müraciət etdikdən sonra cavabdeh ödənişləri fasilələrlə həyata keçirməyə başlamış və sonuncusu 2024-cü ilin aprel ayında olmaqla ümumilikdə daha 700 (yeddi yüz) manat ona ödəniş etmiş, bununla da ümumi ödəniş həcmini 1020 (min iyirmi) manata (320+700=1020) çatdırmışdır. Beləliklə, hazırda cavabdehin iddiaçı qarşısında pul öhdəliyi 6230 (altı min iki yüz otuz) manat (7250- 1020=6230) təşkil edir və cavabdeh həmin pul vəsaitini iddiaçının tələblərinə baxmayaraq ödəmir. Tərəflərin izahatı İddiaçı vəkili və nümayəndəsi Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, iddia tələbini müdafiə edərək, məhkəmədən mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İş materiallarına əlavə olunmuş CD diskə əsasən cavabdeh iddiçıya pul borclu olduğunu qəbul etmişdir. İş materiallarında vatsapp yazışmaları mövcuddur. İş materiallarında olan etibarnamə və vəkil orderinə əsasən Vəkil İddiaçı nümayəndəsi və vəkilidir. Bakı şəhəri, Binəqədi rayonu Polis İdarəsi 6-cı Polis bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən mübahisənin mülki xarakterli olduğu iddiaçının nəzərinə çatdırılmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə ekspert cəlb olunaraq rəy verilməsi "xxxx" MMC-yə göndərilmiş, rəy alınanadək icraat dayandırılmışdır. "xxxx" MMC-nin iş üzrə məlumatı 01 dekabr 2025-ci il tarixdə Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Tətbiq edilən hüquq 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikasının MPM-nin 238.4. maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikasının MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.3 İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Məhkəmənin mövqeyi İş materiallarında olan CD diskə əsasən həmin səs yazılarının cavabdehə məxsusluğunun müəyyən edilməsi məqsədilə fonosqopik ekspertiza təyin edilmişdir. Lakin təyin edilmiş ekspertizanın aparılmasından müvafiq səs nümunələrinin təqdim edilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. İş materiallarında CD disk və vatsapp tətbiqi üzərindən aparılması müəyyən edilən yazışmalara əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı və qanuni olduğundan təmin edilməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh 8890 manat məbləğində pul və 300 manat mütəxəssis (qiymətləndirmə) xidməti üçün ödənilmiş pul və 110,10 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 9300,10 (doqquz min üç yüz manat 10 qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 238, 241, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 8890 manat məbləğində pul və 300 manat mütəxəssis (qiymətləndirmə) xidməti üçün ödənilmiş pul və 110,10 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 9300,10 (doqquz min üç yüz manat 10 qəpik) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qiyabi qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsinə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar