Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1158/2024 04.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: 11 iyun 2021-ci il tarixində, saat 03:00 radələrində Cavabdeh tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar-Bəhramtəpə yolunun 52-ci kilometirliyində yerləşən X2 məxsus olan ərzaq mağazasına daxil olaraq sonuncuya məxsus əmlakları talamışdır. Qeyd olunan qeyri-yaşayış obyektində yerləşən daşınar əmlaklara 30 yanvar 2021-ci il tarixindən 29 yanvar 2022-ci il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” üzrə AZ/071940 nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir. 2074 nömrəli, 11 iyun 2021-ci il tarixli dəymiş zərərin hesabatına əsasən qeyri-yaşayış obyektinə dəymiş zərər 4700 manat məbləğində müəyyən edilmişdir. Fİ0024/2021/AKT1396/23 saylı sığorta aktına əsasən 200 manat azadolma məbləği çıxılmaqla 4500 (dörd min beş yüz) manat məbləğində sığorta ödənişi çıxılmaqla faydalanan şəxsin hesabına ödənilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-41/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh pretenziya məktubu göndərilsə də, bugünədək İddiaçı Açıq Səhmdar Cəmiyyətinə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. İddiaçının tələbi: Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4500 (dörd min beş yüz) manat sığorta ödənişinin məbləği, 65,40 (altmış beş manat qırx qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 4565,40 (dörd min beş yüz altmış beş manat qırx qəpik) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və digər sənədlər təqdim edilməmişdir. Tərəflərin izahatı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 04 dekabr 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 13 iyul 2023-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş Fİ0024/2021/AKT1396/23 saylı “Sığorta aktı”ına əsasən, 11 iyun 2024-cü il il tarixdə baş vermiş oğurluq hadisəsi nəticəsində dəymiş zərərin məbləği 4700 manat hesablanmış, 200 manat azadolma məbləği çıxmaq şərt ilə X2 4500 manat sığorta ödənişi edilmişdir. AZ-071940 nömrəli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi” 25 dekabr 2020-ci il tarixdə bağlanmışdır. Sığorta müqaviləsinə əsasən, X2 məxsus “ticarət malları, onu şəxsi mülkiyyətində olan və ya onun məsuliyyət daşıdığı bütün əmlaklar” sığorta etdirmişdir. Sığorta məbləği əmlaka vurulan zərərə görə 12500 manat müəyyən edilmişdir. 11 iyun 2021-ci il tarixli “Dəymiş zərərin hesabatı”na əsasən, hadisə nəticəsində dəymiş zərər, ümumilikdə, 4700 manat olaraq hesablanmışdır. 25 iyul 2024-cü il tarixli 005XOH********** nömrəli qəbzə əsasən, X1 V-136/2023 saylı 09 iyun 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə təsdiq olunmuş vərəsəsi X3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bank hesabına 4500 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-41/2022 saylı, xx.xx.2022-ci il tarixli Hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat miqdarında cərimə cəzası müəyyən edilmişdir. 14 avqust 2024-cü il tarixli, 1658 saylı pretenziya məktubuna əsasən, Cavabdeh subroqasiya tələbi üzrə 4500 manat məbləğində pul vəsaitinin məktub rəsmi qaydada təqdim olunduqdan 2 (iki) gün ərzində qeyd olunmuş bank hesabına köçürülməsini xahiş olunmuş, əks halda borcun aidiyyəti üzrə tutulması üçün aidiyyəti məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2); 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun: 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarı: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 iyun 2021-ci il tarixində, saat 03:00 radələrində Cavabdeh tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Biləsuvar-Bəhramtəpə yolunun 52-ci kilometirliyində yerləşən X2 məxsus olan ərzaq mağazasına daxil olaraq sonuncuya məxsus əmlakları talamışdır. Qeyd olunan qeyri-yaşayış obyektində yerləşən daşınar əmlaklara 30 yanvar 2021-ci il tarixindən 29 yanvar 2022-ci il tarixədək İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “əmlakın yanğından və digər əlavə risklərdən sığortası” üzrə AZ/071940 nömrəli sığorta şəhadətnaməsi əsasında sığorta təminatı verilmişdir. 2074 nömrəli, 11 iyun 2021-ci il tarixli dəymiş zərərin hesabatına əsasən qeyri-yaşayış obyektinə dəymiş zərər 4700 manat məbləğində müəyyən edilmişdir. Fİ0024/2021/AKT1396/23 saylı sığorta aktına əsasən 200 manat azadolma məbləği çıxılmaqla 4500 (dörd min beş yüz) manat məbləğində sığorta ödənişi çıxılmaqla faydalanan şəxsin hesabına ödənilmişdir. Mülki iş materiallarına əlavə edilmiş sənədlərə əsasən, qeyd olunan faktlar öz təsdiqini tapmışdır. Mülki Məcəllənin subroqasiya hüquqi ilə bağlı müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir. Birinci şərt, yəni, sığorta hadisəsinin baş verməsidir ki, bu sığorta obyektinə dəymiş zərərlə bağlıdır. Yuxarıda qeyd edilənlərə əsasən, sığorta obyektinə zərərin dəyməsi öz təsdiqini tapır. İkinci şərtin, yəni zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi də mülki iş materialları ilə təsdiq edilir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 4500 (dörd min beş yüz) manat oğurluq hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,40 (altmış beş manat qırx qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat oğurluq hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65,40 (altmış beş manat qırx qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-1158/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1158/2024
04.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver