Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1401/2025 06.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2429 ( iki min dörd yüz iyirmi doqquz ) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Belqrad şəhərində tanış olmuş, hər biri Serbiya Respublikasının Belqrad şəhərində tikinti işində işləmişlər. Elmanla dostluq münasibəti yaranmışdır. Belə ki, deportasiya olunmaması üçün viza almaqdan ötrü Cavabdeh nağd qaydada 100 Avro pulu bankdan öz kartından çıxararaq vermişdir.Daha sonra 2025-ci ilin may ayının 12-dən sonra İsrailə getmək üçün viza almaqdan ötrü 340 Avro Elmana vermişdir. O, 2025-ci ilin may ayının 18-də 300 Avro Elmana borc olaraq vermişdir. Daha sonra 2025-ci ilin iyun ayının 03-də cəmi 170 Avro avtokar sürmək üçün özünə sertifikat almaqdan ötrü Elmana vermişdir.Həmin sertifikatı Elman Bakı şəhərində olarkən alaraq ona verməli idi. Cəmi 2429 manat civarında Elmana pul vermişdir. Daha sonra o, 2025-ci ilin iyun ayının 05-də Azərbaycana qayıtmışdır.Elman ona iyun ayının 07-də Azərbaycana gələcəyini və onunla birlikdə İsrailə gedəcəyini demişdir. Daha sonra Elmanla görüşməyə cəhd etsə də, Elman onunla görüşməkdən yayınmışdır. Ona görə də Cavabdeh 2429 ( iki min dörd yüz iyirmi doqquz) manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə olan sənədləri digər iş materialları ilə birlikdə tam və hərtərəfli araşdıraraq və işin müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən pul tələbini bir neçə arqument gətirməklə əsaslandırmışdır. Belə ki, iddiaçı Bəşirov X2 Respublikasının Belqrad şəhərində yaşayarkən müvafiq olaraq həmin ölkədə yaşamasının hüquqi əsası olaraq viza alınmasından və bununla da həmin ölkədən deportasiya olunmasının qarşısını almaqdan ötürü Cavabdeh 100 Avro pul verdiyini, cavabdehə 2025-ci ilin may ayının 12-dən sonra İsrailə getmək üçün viza almaqdan ötrü 340 Avro pul verdiyini, daha sonra cavabdehə avtokar sürməsinə hüquq verən seritifikat sənədinin alınması üçün 170 Avro və ümumilikdə qeyd olunan məqsədlərlə cəmi 1010 Avro pullar verdiyini göstərsə də, istinad etdiyi halları təsdiq edən məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı cavabdehin xahişi ilə ona 300 Avro borc olaraq verdiyini göstərmiş, lakin həmin halı da təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşin qeyd olunan hallarından görünür ki, iddiaçı Bəşirov X1 Elman Ramiz oğluna ümumilikdə 2429 (iki min dörd yüz iyirmi doqquz) manat pul verdiyini göstərsə də, istinad etdiyi halları təsdiq edən məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. «Qərar»ın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 2429 ( iki min dörd yüz iyirmi doqquz) manat pul tələbinə dair iddiası təmin ediməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(022)-1401/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1401/2025
06.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver