Məhkəmə qərarları › İş №e-2(022)-2108/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-2108/2025

15.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-2108/2025 15.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı barəsində çıxarılmış inzibati qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən barəsində çıxarılmış inzibati xəta haqqında qərar ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla razı deyil. Belə ki, ona məxsus nəqliyyat vasitəsi ilə Biləsuvar rayonu ərazisində yerləşən avtomobil yolunda hərəkət edərkən guya sürət həddini aşma faktı üzrə inzibati tənbeh tətbiq edilmişdir. Halbuki, həmin yol sahəsində icazə verilən sürət həddi 90 km/saat olduğu halda, onun nəqliyyat vasitəsi 82 km/saat sürətlə hərəkət etmişdir. Bu isə sürət həddinin aşılması hesab edilə bilməz. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən faktiki hallar düzgün araşdırılmadan, yol nişanları və real sürət göstəricisi nəzərə alınmadan barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Qərar obyektivlik və qanunauyğunluq prinsiplərinə ziddir, inzibati xətanın tərkibi mövcud deyildir. Qeyd olunanlar onu göstərir ki, barəsində çıxarılmış inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı barəsində çıxarılmış inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı inzibati materialdan mülki qaydada şikayət etmiş və ərizədə inzibati qaydada protokolu tərtib etmiş şəxsi cavabdeh kimi göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. İşin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı barəsində çıxarılmış inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbi həmin işə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı barəsində çıxarılmış inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar