Məhkəmə qərarları › İş №e-2(022)-2137/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-2137/2025

11.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-2137/2025 11.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Məlikov Elnur Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona vurulmuş zərərə görə 3187,47 manat və iş üzrə ödənilmiş dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixində saat 11:15 radələrində Bakı şəhəri ərazisində zəncirvari yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Cavabdeh idarə etdiyi VAZ 21213 markalı, ** OD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının tələblərini, xüsusilə təhlükəsiz ara məsafəsinin saxlanılması qaydasını kobud şəkildə pozmuş, nəticədə onun hərəkəti zəncirvari qəzanın baş verməsinə səbəb olmuşdur. Hadisə ilə bağlı Bakı şəhər DYPİ Yol Patrul Xidmətinin Baş inspektoru, polis baş leytenantı X1 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilərək 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir və cavabdehin yol-nəqliyyat hadisəsində təqsiri rəsmi qaydada təsbit edilmişdir. Həmin qərarda cavabdehin hadisəni törətməsi tam təsdiq edildiyindən, onun təqsiri hüquqi qüvvəyə minmiş inzibati aktla rəsmən müəyyən edilmişdir. Zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus Toyota Prius markalı, ** EH *** dövlət qeydiyyat nişanlı, 2007-ci il buraxılışlı nəqliyyat vasitəsinə ciddi maddi zərər dəymişdir. Hadisənin icbari sığorta qaydasında tənzimlənməsi məqsədilə "xxxx" ASC tərəfindən avtomobilinə dəymiş zərər üzrə qiymətləndirmə aparılmış, tərtib olunmuş “zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”da ümumi maddi zərər 5535 (beş min beş yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Lakin qeyd olunan yolnəqliyyat hadisəsinin zəncirvari qəza olması səbəbindən sığorta şirkəti tərəfindən təqsirin mütənasib bölgüsü aparılmış, nəticədə cavabdehin məsuliyyət payına uyğun olaraq ona yalnız 2347,53 (iki min üç yüz qırx yeddi manat əlli üç qəpik) manat məbləğində sığorta ödənişi edilmişdir. Bununla da ona dəymiş real zərərin 3187,47 (üç min bir yüz səksən yeddi manat, qırx yeddi qəpik) manat hissəsi ödənilməmiş qalmışdır. Sonda idiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddiaçının ondan 3187,47 (üç min bir yüz səksən yeddi manat, qırx yeddi qəpik) manat pul tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin «zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətlənsirilməsinə dair hesabatın»dan görünür ki, Toyota PRİUS markalı avtomobilə ümumilikdə 5535 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" ASC tərəfindən İddiaçı kart hesabına 2347.53 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsin əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçının Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 3187,47 manat məbləğdə pul vəsaiti alınıb İddiaçı verilməlidir. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə dair pul vəsaitinin əvəzi qismində 56 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3187 (üç min yüz səksən yeddi) manat 47 (qırx yeddi) qəpik və ödənilmiş dövlət rüsumuna görə 56 (əlli altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nüsrət Mİrzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar