Məhkəmə qərarları › İş №e-2(023)-1086/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1086/2025

23.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1086/2025 23.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı əmlakların təhvil alınması, öhdəlik qoyulması və maddi ziyanın ödənilməsi tələbi barədə mülki işə 23 sentyabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə 166 daşıma xidmətinin anbarında xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr əsasında saxlanılan və Cavabdeh məxsus əşyaların yük anbarından təhvil alınması öhdəliyinin qoyulması, Cavabdeh məxsus əşyaların 166 yükdaşıma anbarında saxlanılması üçün İddiaçı MMC tərəfindən indiyənədək ödənilmiş 11.820 manat pulun və məhkəmə qətnaməsi icra edilənədək iddiaçı tərəfindən ödəniləcək digər aylıq ödənişlərin tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin cavabdeh tərəfindən boşaldılması qət edilmişdir. Lakin cavabdeh könüllü şəkildə xx.xx.2023-cü il tarixli və ondan öncə dəfələrlə təyin olunmuş icra vaxtlarında iştirak etmədiyi üçün mənzil xx.xx.2023-cü ildə icra məmurunun göstərişi ilə məcburi şəkildə boşaldılmış və İddiaçı MMC-nin əməkdaşı X4 "xxxx" MMC, yəni 166 daşıma xidməti ilə xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlanılması” barədə müqavilə imzalayaraq, mənzil daxilində olan əşyaları anbarda saxlanılması üçün təhvil vermişdir. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən hazırkı dövrədək (xx.xx.2025-ci il) malların anbarda saxlanılması üçün hər ay 600 manat ödəniş edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli “Malların anbarda saxlanılması” barədə müqaviləyə əsasən, İddiaçı MMC-nin əməkdaşı X8 "xxxx" MMC, yəni 166 daşıma xidməti ilə xx.xx.2024-cü il tarixli müqavilə imzalayaraq mənzil daxilində qalmış bir neçə əşyanı mənzildən çıxararaq anbarda saxlanılması üçün təhvil vermişdir. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hazırkı dövrədək (xx.xx.2025-ci il) malların anbarda saxlanılması üçün hər ay 170 manat ödəniş edilmişdir. Qeyd olunan xüsusatlarla əlaqədar cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir reaksiya verməmiş, indiyədək əşyalar təhvil alınmamışdır. Hazırkı dövrə qədər cavabdehə məxsus bütün əşyaların anbarda saxlanılması üçün 166 Yükdaşıma Xidmətinə ümumi (2025-ci ilin mart ayı üzrə ödənişlər də daxil olmaqla) 11.820 (on bir min səkkiz yüz iyirmi) manat ödəniş edilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixində cavabdehə əmlakları təhvil alması barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh ümumiyyətlə xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. Hazırda İddiaçı MMC-yə məxsus olmayan əmlaklar üçün 166 daşıma xidmətinə mütəmadi ödənişlər edilməsi hüquqlarının pozulmasına gətirib çıxarır. Ödənişlərin edilməsi və əmlakın təhvil alınması barədə cavabdehə dəfələrlə müraciət etsələr də, cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bu isə qanunla qorunan hüquq və mənafelərinin pozulmasına və maddi ziyan vurulmasına gətirib çıxarır. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində iddia tələbinin dəlilləri ilə razı olmadığını və etirazını bildirərək göstərmişdir ki, iddiaçı iddia ərizəsində Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də yerləşən 32 saylı mənzilin, yekun məhkəmə aktına əsasən boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair xx.xx.2023-cü il tarixli məcburi icra tədbirləri zamanı həmin mənzildəki əşyaların mənzildən çölə çıxarılmasından sonra, çıxarılmış həmin əşyaların daşınmasını və anbarda saxlancda yerləşdirilməsini həyata keçirdiyini qeyd etmişdir. Bunun üçün iddiaçı Yuk Taksi.AZ MMC, yəni 166 daşıma xidməti ilə xx.xx.2023 və xx.xx.2024-cü il tarixli müqavilələr bağladığını iddia edir və bununla əlaqədar apardığı ödənişlərin əvəzini ziyan olaraq ondan tələb edir. Bununla bağlı, məhkəmənin diqqətinə çatdırır ki, iddiaçını heç kəs məcbur etməmişdir ki, bu işləri görərək ödəmələr həyata keçirsin. Yəni, nə məhkəmə qərarı ilə, nə də ki, hərhansı hüquqi sənədlə iddiaçı qarşısında belə bir göstəriş qoyulmamışdır ki, mənzildən çıxarılmış əşyaların daşınmasını və anarda saxlanılmasını həyata keçirərək buna görə ödəmə həyata keçirsin. Əgər iddiaçı sadalanan bu işləri görmüşsə belə, bunu öz təşəbbüsü ilə könüllü şəkildə və öz riski daxilində etmişdir. Göründüyü kimi iddiaçını qeyd olunan müqavilələri bağlamağa kimsə məcbur etməmişdir. Belə olan halda iddiaçının öz təşəbbüsü ilə könüllü şəkildə həyata keçirdiyi bu hərəkətlərdən dolayı çəkdiyi xərclərin əvəzinin ödənilməsinə görə o hər-hansı məsuliyyət daşımır. Həmin əmlakın mənzildən çıxarılması və ya saxlanca qoyulması tələb olunurdusa, bu icra məmurunun səlahiyyətləri daxilində olan məsələdir və tələbkarın öhdəliyi yoxdur ki, mənzildən çıxarılan əşyaların saxlanca qoyulmasını həyata keçirsin. Bu səbəbdən, iddiaçının bununla bağlı əqd imzalayaraq üzərinə könüllü olaraq öhdəlik götürməsi iddiaçının öz iradəsinə aid olan məsələdir. Qeyd olunan məsələdən dolayı onun üzərinə məsuliyyət qoyulması yolverilməzdir. İcra tədbirləri çərçivəsində sözügedən mənzilin boşaldılaraq oradan çıxarılan əşyaların ona ümumiyyətlə aidiyyatı yoxdur. Belə ki, həmin mənzil vaxtilə onun qızı Pərvanə Qurbanovanın əri Amil Qurbanov ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Onlar azyaşlı qızları ilə daim orada yaşamışlar, qeydiyyatda olmuşlar və özlərinə aid şəxsi əşyalar, məzildə olan mebellər, habelə qızının cehiz əşyaları və s. icra hərəkətləri baş verənədək sözügedən mənzildə yerləşmişdir. Lizinq maliyyələşdirilməsi yolu ilə həmin mənzil satılıb Faktor Lizinq MMC-yə ona görə ki, lizinqə verilsin. Burada məqsəd lizinq (icarə) adı ilə kredit münasibətlərini pərdələmək və faizlə pul verilməsini həyata keçirmək olmuşdur. Bunun müqabilində isə, qızı Pərvanə Qurbanova və əri A.Qurbanova aid həmin mənzil Faktor Lizinq MMC-nə formal alqı-satqı müqaviləsi ilə mülkiyyətinə keçməli, daha sonra həmin mənzil ona lizinqə verilməli idi. Qızının mənzilinin ona lizinq yolu ilə verilməsində məqsəd bu olmuşdur. Lizinq müqaviləsi üzrə onun tərəfindən bir müddət ödəniş edilsə də sonradan maddi çətinlik səbəbi ilə ödənişlərin edilməsində gecikmələr olduğundan, iddiaçı ona qarşı, habelə kürəkəni A.Qurbanova və qızı Pərvanə Qurbanovaya qarşı ayrı-ayrı vaxtlarda müxtəlif iddialar üzrə mənzildən çıxarılma, istifadə hüququna xitam, mənzilin boşaldılması və təhvil verilməsi kimi iddialarla məhkəməyə müraciətlər edərək onu və qızının ailəsini həmin mənzildən çıxarmağa nail olmuşdur. Bu iş üzrə sonuncu məhkəmə qərarı iddiaçı tərəfindən, qızı X2 qarşı mənzildən çıxarılma tələbi üzrə olmuşdur və bu iş üzrə yekun məhkəmə qərarı 2(102)-3404/2023 nömrəli xx.xx.2023cü il tarixli Ali Məhkəmənin qərarı olmuşdur. Məhz bu qərardan bir ay keçməmiş yəni, iddia ərizəsində qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixdə qızı Pərvanənin iştirakı olmadan onun yaşadığı həmin mənzil icra məmurları tərəfindən boşaldılmışdır. Həmin mənzil qızı Pərvanənin əri ilə birgə nikah dövründə aldıqları və yaşadıqları mənzil olduğundan, buna müvafiq mənzildəki bütün əşyalar habelə cehiz əsyaları qızı Pərvanə Qurbanovaya və ailə üzvlərinə aid əşyalardır. Çünki, qızına aid mənzilin alqı-satqısı formal həyata keçirilmiş, məqsəd ona müəyyən məbləğdə faizlə pul verilməsi üçün, mənzilin lizinq maliyyələşməsi yolu lizinqə (icarəyə) verilməsi və aylıq lizinq ödənişləri və faizlər əldə edilməklə Faktor Lizinq MMC-nin daha maddi fayda əldə etməsi idi. Nəticədə isə, qızının ailəsi dağıldı, mənzili və mənzildəki əşyaları əlindən çıxdı. Belə ki, mənzilin boşaldılması zamanı mənzildə daimi yaşayan və həmin vaxt evdə qeydiyyatda olan qızının iştirakı təmin edilməmişdir. Bu səbəbdən bir daha diqqətə çatdırır ki, qeyd olunan mənzil vaxtilə qızına və ailəsinə aid olduğundan və qeyd olunan icra tədbirləri başlamazdan bir ay əvvələ kimi qızı Pərvanə Qurbanova ailəsi, əri və azyaslı qızı ilə həmin mənzildə yaşamışlar. Ona görə mənzildəki bütün şəxsi əşyalar, mebellər qızına və onun ailə üzvlərinə aid idi. O həmin mənzildə yaşamamışdır, Qazax şəhərində yaşayır və daimi qeydiyyatdadır. Odur ki, iddiaçının həmin əşyaların ona aid olması ilə bağlı dəlillərinin faktiki və hüquqi əsası yoxdur. Belə ki, o hazırki iddiaya cavab verməli olmayan, əsl olmayan cavabdehdir. Beləliklə ona aid olmayan əmlakları onun təhvil alması, habelə bundan irəli dələrək maddi ziyanla bağlı ona qarşı iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi yolverilməzdir. Həmçinin, hazırki iddia ilə iddiaçı başqa şəxsə qarşı (əmlakın əsl sahibi), habelə mənzilin olduğu yer üzrə ərazi aidiyyatı qaydalarına riayət etməklə məhkəməyə müraciət edə bilər. Çünki, təhvil alınması tələb olunan daşınar əşyaların yerləşdiyi ərazi Bakı şəhəridir. Bundan əlavə, iddia tələbi üzrə xüsusi olaraq diqqət olunmalı məsələ sözügedən müqavilələrin (yük daşıma, əmlakın ambarda salanılması) məhz sifarişi olaraq Faktor Lizinq MMC-nin “Oferta” verən tərəf kimi çıxış edib-etməməsidir ki, iş materiallarından və iddianın mahiyyətindən bu hal təsdiq olunmur. Ancaq hər bir halda iddiaçını müqavilə bağlamağa kimsə məcbur etməmiş, bunu o öz təşəbbüsü ilə etmiş və riski nəzərə almalı idi. Bu hala görə onun və ya digər şəxsin maddi ziyanla bağlı məsuliyyət daşıması yolverilməzdir. İddiaçı MMC-nin “əmlakın alınması, öhdəlik qoyulması və maddi ziyan tələbinə dair ” iddiasının tam olaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçını heç kəs məcbur etməmişdir ki, bu işləri görərək ödəmələr həyata keçirsin. Yəni, nə məhkəmə qərarı ilə, nə də ki, hər-hansı hüquqi sənədlə iddiaçı qarşısında belə bir göstəriş qoyulmamışdır ki, mənzildən çıxarılmış əşyaların daşınmasını və anarda saxlanılmasını həyata keçirərək buna görə ödəmə həyata keçirsin. Bundan başqa həmin mənzil vaxtilə onun qızı Pərvanə Qurbanovanın əri Amil Qurbanov ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmuşdur. Qızı və ailəsi həmin mənzildə yaşamışlar, qeydiyyatda olmuşlar və özlərinə aid şəxsi əşyalar, məzildə olan mebellər, habelə qızının cehiz əşyaları və s. icra hərəkətləri baş verənədək sözügedən mənzildə yerləşmişdir. Ona görə mənzildəki bütün şəxsi əşyalar, mebellər qızına və onun ailə üzvlərinə aid idi. O həmin mənzildə yaşamamışdır, Qazax şəhərində yaşayır və daimi qeydiyyatdadır. Odur ki, iddiaçının həmin əşyaların ona aid olması ilə bağlı dəlillərinin faktiki və hüquqi əsası yoxdur. Belə ki, o hazırki iddiaya cavab verməli olmayan, əsl olmayan cavabdehdir. Beləliklə ona aid olmayan əmlakları onun təhvil alması, habelə bundan irəli dələrək maddi ziyanla bağlı ona qarşı iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi yolverilməzdir. Həmçinin, hazırki iddia ilə iddiaçı başqa şəxsə qarşı (əmlakın əsl sahibi), habelə mənzilin olduğu yer üzrə ərazi aidiyyatı qaydalarına riayət etməklə məhkəməyə müraciət edə bilər. Çünki, təhvil alınması tələb olunan daşınar əşyaların yerləşdiyi ərazi Bakı şəhəridir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, lizinq müqaviləsi Cavabdeh ilə bağlanmışdır. Məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin cavabdeh tərəfindən boşaldılması qət edilmişdir. Cavabdeh dəfələrlə təyin olunmuş icra işində iştirak etmədiyi və məhkəmə qətnaməsini könüllü şəkildə icra etmədiyi üçün xx.xx.2023-cü ildə icra məmurunun göstərişi ilə mənzil məcburi şəkildə boşaldılmışdır. Hazırkı dövrə qədər cavabdehə məxsus bütün əşyaların anbarda saxlanılması üçün 11.820 manat ödəniş edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi teleqramda üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Baki Şəhəri Xətai Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(011)-1507/2019 saylı qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, iddia tələbi təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeharasında bağlanmış xx.xx.2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh lizinq məbləği üzrə 22340 (iyirmi iki min üç yüz qırx) ABŞ dolları 71 (yetmiş bir) sent, 3516 (üç min beş yüz on altı) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 25856 (iyirmi beş min səkkiz yüz əlli altı) ABŞ dolları 71 (yetmiş bir) sent ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi kimi 30 (otuz) manat və bank xidmət haqqı 0.40 (qırx) qəpik tutularaq İddiaçınə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 128/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh Xanməməd qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsi “D040 saylı xx.xx.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilməsi və X3 həmin mənzilə istifadə hüququnun itirilməsi” hissələrində dəyişdirilmədən saxlanılması, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhər Xətai rayon İcra şöbəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Xətai Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(011)-1507/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə mənzildə olan bütün əmlaklar saxlanc üçün 166 Yük Xidmətinə təhvil verilmişdir. Malların anbarda saxlanmasına dair xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, X4 "xxxx" MMC ilə bağladığı müqaviləyə əsasən X1 ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı və X4 isə bunun müqabilində bu müqavilə ilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 600 manat məbləğində müəyyən edilir. "xxxx" MMC-nin mədaxil qəbzlərindən görünür ki, Şabanov Turqut 560898 saylı xx.xx.2024 saylı qəbz üzrə 600 manat, 560839 saylı xx.xx.2024 saylı qəbz üzrə 600 manat, 560754 saylı xx.xx.2024 saylı qəbz üzrə 600 manat, 560695 saylı xx.xx.2024 saylı qəbz üzrə 1200 manat, 559880 saylı xx.xx.2024 saylı qəbz üzrə 600 manat, 140642 saylı xx.xx.2024 saylı qəbz üzrə 600 manat, 560136 saylı xx.xx.2025 saylı qəbz üzrə 600 manat, 560452 saylı xx.xx.2025 saylı qəbz üzrə 600 manat, 801602 saylı xx.xx.2025 saylı qəbz üzrə 600 manat, 801630 saylı xx.xx.2025 saylı qəbz üzrə 3600 manat, 451674 saylı xx.xx.2025 saylı qəbz üzrə 600 manat ödəniş etmişdir. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli kassa məxaric orderindən görünür ki, X7 D040 saylı daxili lizinq müqaviləsinin predmeti olan daşınmaz əmlakın boşaldılması nəticəsində şirkətə təhvil verilmiş əşyaların saxlanılması xərcinə görə 10800 manat ödəniş etmişdir. Malların anbarda saxlanmasına dair xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, X8 "xxxx" MMC ilə bağladığı müqaviləyə əsasən X6 ona verdiyi daşınar əşyaları özünə məxsus anbarda saxlamağı və X8 isə bunun müqabilində bu müqavilə ilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 170 manat məbləğində müəyyən edilir. "xxxx" MMC-nin mədaxil qəbzlərindən görünür ki, X8 801641 saylı xx.xx.2025 saylı qəbz üzrə 170 manat, 801642 saylı xx.xx.2025 saylı qəbz üzrə 170 manat, 801643 saylı xx.xx.2025 saylı qəbz üzrə 170 manat, 801644 saylı xx.xx.2025 saylı qəbz üzrə 170 manat, 801645 saylı xx.xx.2025 saylı qəbz üzrə 170 manat, 544200 saylı xx.xx.2025 saylı qəbz üzrə 170 manat, ödəniş etmişdir. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli kassa məxaric orderindən görünür ki, X8 D040 saylı daxili lizinq müqaviləsinin predmeti olan daşınmaz əmlakın boşaldılması nəticəsində şirkətə təhvil verilmiş əşyaların saxlanılması xərcinə görə 1020 manat ödəniş etmişdir. İş materiallarında olan «Faktor Lizinq” MMC-nin tərəfindən Cavabdeh ünvanlanmış 22 aprel 2025-ci il tarixli, 0102/25 nömrəli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xəbərdarlığı qəbul etməsi və 3 gün ərzində əşyaları təhvil almağı tələb edilmişdir. Tələb verinə yetirildiyi halda, əşyaların saxlanılması ücün ödənilmiş vəsaitin ondan tələb edilməyəcəyi, əks təqdirdə Cavabdeh üzərinə 166 daşıma xidmətinin anbarında xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr əsasında saxlanılan və Cavabdeh məxsus əşyaların yük anbarından təhvil alınması öhdəliyinin qoyulması, Cavabdeh məxsus əşyaların 166 yükdaşıma anbarında saxlanılması üçün İddiaçı MMC tərəfindən ödənilmiş 11820 manat pulun cavabdehdən tutularaq müəssisəyə ödənilməsi və yaxud sözügedən məbləğin ödənilməsi üçün anbarda saxlanılmış əşyaların satılaraq İddiaçı MMC-yə dəymiş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Baki Şəhəri Xətai Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(011)-1507/2019 saylı qətnaməsi ilə iddia İddiaçı MMC ilə Cavabdeharasında bağlanmış xx.xx.2016-cı il tarixli D040 saylı daxili lizinq müqaviləsinin ləğv edilmiş, Cavabdeh lizinq məbləği üzrə 22340 (iyirmi iki min üç yüz qırx) ABŞ dolları 71 (yetmiş bir) sent, 3516 (üç min beş yüz on altı) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 25856 (iyirmi beş min səkkiz yüz əlli altı) ABŞ dolları 71 (yetmiş bir) sent ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və dövlət rüsumu qismində ödənilmiş məbləğin əvəzi kimi 30 (otuz) manat və bank xidmət haqqı 0.40 (qırx) qəpik tutularaq İddiaçınə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-128/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsi “D040 saylı xx.xx.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilməsi və X3 həmin mənzilə istifadə hüququnun itirilməsi” hissələrində dəyişdirilmədən saxlanılması, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh könüllü şəkildə məhkəmə qətnaməsini icra etmədiyi üçün Bakı şəhər Xətai rayon İcra şöbəsi xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinin 10 may 2019-cu il tarixli 2(011)-1507/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə məcburi icra tədbirləri çərçivəsində mənzildə olan bütün əmlakları saxlanc üçün 166 Yük Xidmətinə təhvil vermişdir. Həmçinin İddiaçı MMC malların anbarda saxlanmasına dair "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli və xx.xx.2024cü il tarixli müqavilələr bağlamış və həmin müqavilələr üzrə ödənişlər etmişdir. Göründüyü kimi, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsində olmuşdur, iddiaçı həmin mənzili cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.11-ci maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Qanunvericilikdən də görünür ki, əmlakın saxlanması və bununla əlaqədar zəruri xərclərin çəkilməsi məhz mülkiyyətçinin öhdəliyidir. Lakin bu öhdəliyin cavabdeh tərəfindən deyil də, məcburiyyətdən İddiaçı MMC tərəfindən yerinə yetirilməsi nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh üzərinə 166 daşıma xidmətinin anbarında xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr əsasında saxlanılan və Cavabdeh məxsus əşyaların yük anbarından təhvil alınması öhdəliyi qoyulmalı, Cavabdeh məxsus əşyaların 166 yükdaşıma anbarında saxlanılması üçün İddiaçı MMC tərəfindən indiyədək ödənilmiş 11.820 manat pul və məhkəmə qətnaməsi icra edilənədək iddiaçı tərəfindən ödəniləcək digər aylıq ödənişlər tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh üzərinə 166 daşıma xidmətinin anbarında xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli müqavilələr əsasında saxlanılan və Cavabdeh məxsus əşyaların yük anbarından təhvil alınması öhdəliyi qoyulsun. Cavabdeh məxsus əşyaların 166 yükdaşıma anbarında saxlanılması üçün İddiaçı MMC tərəfindən indiyədək ödənilmiş 11.820 manat pul və məhkəmə qətnaməsi icra edilənədək iddiaçı tərəfindən ödəniləcək digər aylıq ödənişlər tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar